Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:39

Yüksək döyüş ruhu qələbəyə zəmin yaradır

Danılmaz faktdır ki,  güclü ordunun formalaşmasında mühüm amillərdən biri də  şəxsi heyətin  döyüş ruhunun yüksək səviyyədə olmasıdır. Günün tələbi kimi ordumuzda bu istiqamətdə həyata keçirilən uğurlu islahatların nəticəsində hər kəs ruh yüksəkliyi ilə xidmət edir. Aprel döyüşlərində hərbi qulluqçularımızın qəhrəmanlığı, mərdliyi bunun bariz nümunəsidir. Əsgərlərimizin təxribat törədən düşməni məğlubiyyətə uğratması bir daha sübut etdi ki, döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığın da yüksək olması qələbəyə zəmin yaradır. Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də ictimai-siyasi hazırlıq məşğələləridi. Tariximizi, mədəniyyətimizi, dövlət siyasətimizi özündə əks etdirən mövzularda keçirilən dərslər şəxsi heyətin dünyagörüşünün artırılması, biliklərinin genişləndirilməsi və milli dəyərlərimizə, dövlətçiliyimizə sadiq vətəndaşlar kimi formalaşmasına istiqamətlənir.
İctimai-siyasi hazırlıq məşğələsi "N" hərbi hissəsində də səmərəli təşkil olunur. Mayor Rauf Niyazov ilk olaraq diqqətimi sinif otağının təmirli və yeni avadanlıqlarla təchiz olunmasına yönəltdi. "Gördüyünüz kimi, sinif otağında ordumuzun inkişaf tarixinin mərhələlərini, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində şəxsi heyətlə görüşlərini, Hərbi andı və Dövlət himnini əks etdirən eksponatlar, mövzu üzrə kinofilmlər və videoroliklər izləmək üçün televizor var".
Zabit Rauf Niyazovla birgə dərs prosesində iştirak edirik. Məşğələyə yaxşı hazırlaşan, mövzu üzrə müxtəlif materiallardan istifadə edərək şəxsi heyətə geniş məlumat verən qrup rəhbəri leytenant Vüsal Ağazadə sualları cavablandırdıqdan və əsgərləri qiymətləndirdikdən sonra dərsi başa çatdırır.
Söhbət zamanı öyrənirəm ki, leytenant Vüsal Ağazadə 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olub. Bir müddət orta məktəblərin birində dil-ədəbiyyat fənnini tədris edib. Hərbçi olmaq istəyi əbəs yerə yaranmayıb. Ailədə ondan başqa bu peşənin sahibi olan daha iki  nəfər  də var. Hər bir valideyn üçün böyük fəxrdir ki, üç oğulun üçü də şərəfli peşə sahibi olsun. Bütün bunlar ailədə, məktəbdə, cəmiyyətdə vətənpərvərliyin yüksək səviyyədə təbliğ olunmasından irəli gəlir.
- Mövzumuz "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir", - deyən  leytenant Vüsal Ağazadə mənəvi-psixoloji hazırlığın artırılması, vətənpərvərlik  hissinin və döyüş ruhunun aşılanmasında ictimai-siyasi hazırlıq məşğələlərinin mühüm rol oynadığını bildirir. - Əsgərin mənəvi-psixoloji vəziyyətini yüksəltmək, daim döyüşə hazır vəziyyətdə saxlamaq, düşmənini tanıtmaq, onun haqqında məlumat vermək və onlara Vətən sevgisi, düşmənə nifrət aşılamaq hər birimizin vəzifə borcumuzdur. İctimai-siyasi hazırlıq məşğələləri bu istiqamətdə həyata keçirilən ən əhəmiyyətli tədbirlərdən olub, əsgərlərin milli dəyərlərimizə sədaqət ruhunda formalaşmasına birbaşa təsir edir.
Vüsal Ağazadə hərb peşəsini seçdiyi üçün qürurlandığını da bildirir: "Təhsilimi başa vurduqdan sonra qarşıma bir məqsəd qoydum. Zabit olacam, universitetdə öyrəndiklərimi xidmətdə istifadə edəcək, əsgərlərimin döyüş ruhunu artırmaq, onlara müəyyən mənəvi-əxlaqi keyfiyyətləri aşılamaq üçün bütün biliklərimi səfərbər edəcəm", - zabit deyir.
Qrup rəhbərinin köməkçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vidadi Rəhimzadə həm də şəhid əmisinin adını daşıyır. Əmisi Vidadi Rəhimov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. "Şəhid adı daşımaq qürurvericidi. Bu ada layiqli xidmət edir, onların canı bahasına qorunub saxlanılan torpaqlarımızın keşiyində inamla dayanıram", - əsgər V.Rəhimzadə deyir. Söhbətinə davam edən Vidadi bildirir ki, hər hansı bir məşğələyə hazırlaşarkən mövzu qəzet və jurnallardan, kitablardan araşdırılır, plan-konspekt tutulur, videoroliklər hazırlanır. Daim çalışırıq ki, dərsi elə səviyyədə təşkil edək ki, şəxsi heyətin hər biri mövzunu yaxşı mənimsəsin. Bunun üçün bütün imkanlardan maksimum istifadə edirik. Üzərimizə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməliyik ki, Ali Baş Komandanın bizə olan etimadını daim doğruldaq.
Dərsdə həvəslə və maraqla iştirak edən əsgərlərlə söhbətləşirəm. Mövzuya aid sualları  Cavid Sadıqov, Cahan Həsənzadə, Seymur Quliyev və digərləri dəqiqliklə cavablandırırlar.
"Hərbi xidmət bizim övladlıq borcumuzdu. Əsgər olmaqla hər birimiz fəxr edirik. Xidmətimizin mahiyyətini yaxşı dərk edir, ordumuza layiqli əsgər olmaq üçün bütün məsuliyyətimizlə xidmət edirik. Döyüş hazırlığı ilə yanaşı, keçirilən ictimai-siyasi hazırlıq dərsləri həm Vətənə olan sevgimizi, həm də dünyagörüşümüzü artırır. Dərslərdə Vətən uğrunda canlarından keçən igid oğullardan qəhrəmanlıq nümunələri göstərilir. Hər birimiz onların qəhrəmanlığını nümunə bilirik. Döyüş meydanında onlar kimi şücaət göstərməyə daim hazırıq", - əsgərlər deyirlər.
Tarixi köklərə bağlı olan əsgər Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edərək döyüşə qələbə əzmi ilə başlayır. Onun bir amalı olur: Vətən, torpaq uğrunda düşmənləri məhv etmək və son damla qanına qədər döyüşmək. Bu gün də ordumuzun üzərinə düşən işin öhdəsindən uğurla gəldiyi göz qabağındadı. Hərbi xidmətə çağırılan gənclər peşəkar zabit heyəti tərəfindən döyüş qabiliyyətli və mənəvi-psixoloji hazırlığı yüksək olan əsgərlər kimi formalaşırlar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"