Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:35

“Bu torpaqlar bizimdi, bizim olacaq!”

Təbiətimizin bəxş etdiyi gözəllikləri seyr edə-edə, ön xətdə yerləşən "N" hərbi hissəsinə çatırıq. Səngərdə Vətənini, xalqını qoruyan əsgərlərimizin yanına tələsdiyimizdən kapitan Rail Ağayevlə qısa bir dialoqumuz yaranır. Şəxsi heyətin döyüş və fiziki hazırlığından, döyüş ruhunun yüksək səviyyədə olmasından söz açan zabit bildirir ki, aprel döyüşlərində qazanılan zəfər bütün şəxsi heyətimizdə olduqca böyük ruh yüksəkliyi yaratdı: "Yadımdadır, hər kəs bir nəfər kimi irəli, düşmən üzərinə atılırdı. Azərbaycan Ordusu bu döyüşlə sübut etdi ki, hər zaman ermənilərdən üstün olub, üstündür və həmişə üstün olacaq. Bu qələbə tək əsgərlərimizdə deyil, xalqımızda da ruh yüksəkliyi yaratdı. Vətəndaşlarımızdan "Bu torpaqları qorumaq tək Azərbaycan əsgərinin yox, həm də Azərbaycan xalqının müqəddəs borcudur. Xalq hər zaman Azərbaycan əsgərinin yanındadır" sözlərini eşitmək çox xoşdur".
Taqım komandirinin müavini gizir Ehtiram Qasımov döyüş növbətçilərini dəyişdirib, istirahətə gedən şəxsi heyətin silahlarına baxış keçirir. Onlara yaxınlaşıram. E.Qasımov bildirir ki, hər zaman növbəni təhvil-təslim edərkən silahlara mütləq baxış keçirilir. "İstənilən an ermənilər təxribata əl ata bilər. Bunun üçün silahlarımıza hər zaman qulluq göstərməliyik ki, döyüş zamanı heç bir gecikmə və yaxud narahatçılıq baş verməsin. Düşmənin təxribatlarının qarşısını ala bilək. Günün nizam qaydalarına uyğun olaraq şəxsi heyətimiz silahlarına mütəmadi qulluq göstərir. Onları hər zaman saz vəziyyətdə saxlayır".
Ordu sıralarına Zaqatala rayonundan çağırılan əsgər Elvin İsmayılov bildirir ki, hər zaman xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışır: "Növbədə düşmənlərimizi izləyərkən gözlərimin önündə amansızcasına qətlə yetirilən analarımız, bacılarımız, qardaşlarımız, qocalarımız durur. Onun üçün də hər zaman çalışıram ki, xidmətimi nümunəvi yerinə yetirim. Hər axşam balaca Zəhranın qismində amansızcasına qətlə yetirilən körpələrin səslərini eşidirəm. Hər kəs bilməlidir ki, Azərbaycan oğulları axıdılan qanın qisasını yerdə qoymayacaq. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən hər bir vətəndaşımızın qisası alınacaqdır. Bunun üçün Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözləyirik".
Şəxsi heyəti təhlükəsizlik qaydaları ilə tanış edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zaur Heydərovun dayısı Nadir Rəhimovun Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olduğunu və bir neçə qohumunun döyüşlər zamanı itkin düşdüyünü öyrənirəm. "Qarabağda şəhid olanlar hər birimizin qohumudur. Çünki onlar canlarından bu Vətən, bu torpaq üçün keçiblər. Onların qisasını almaq, igidlərimizin qanları axıdılan torpaqlarımızı işğaldan azad etmək boynumuzun borcudur.”
Əsgər Arif Qayıbov qeyd edir ki, torpaqlarımız üçün canını fəda etməyə hazırdır: "Bu torpaqlar bizə dədə-babalarımızdan qalıb. Onları da qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Mən və əsgər yoldaşlarım döyüş hazırlığımızı yüksəldirik ki, əmanəti qoruyaraq, düşmənə sarsıdıcı zərbələr endirə bilək. İnanıram ki, arzumuz tez bir zamanda reallaşacaq".
- Bura bizim üçün doğmadır. Hər kəs bizə əzizdir. Bir-birimizə hörmət və rəğbət bəsləyirik. Asudə vaxtlarımızda söhbətlər edir, dama, şahmat oynayır və hərbi biliklərimizi artırmaq məqsədi ilə kitablar oxuyuruq. Günün nizam qaydalarına uyğun olaraq xidmətimizi düzgün təşkil edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiq yerinə yetiririk. Səbirsizliklə döyüş meydanına atılacağım günü gözləyirəm. Biz torpaqlarımızı düşməndən azad edəcəyik. Tarixən bu torpaqların kimə məxsus olduğunu onlara bir daha da sübut edəcəyik, - deyə ordu sıralarına Bakı şəhərindən çağırılan əsgər Cəfər Salayev bildirir.
Əsgər Ülvi Vahabov ön xətt bölmələrindən birində əsgər olmağı arzuladığını bildirir: "Məktəb vaxtlarından müəllimlərimizdən ermənilərin bizim xalqın başına açdığı müsibətləri eşitmişik. Xalqımızın başına gətirilən faciələri özündə əks etdirən fotoşəkillərə baxdıqca ürəyim paramparça olurdu. Ön xətdə xidmət etmək mənim üçün daha qürurvericidir. Bu gün mən - əsgər Ülvi Vahabov torpaqlarımızın müdafiəsində son nəfəsimə qədər dayanmağa hazıram. Bu ruh yüksəkliyini isə bizdə yaradan komandirlərimizdir. Onlar həmişə bizim qayğımızı, əziyyətimizi çəkirlər. Belə ehtiramın qarşısında üzərimizə düşən Azərbaycan əsgərinə layiq xidmət etməkdir".
Əsgərlər Anar Qasımlı, Tərlan Şərifov, Emil Seyfəddinzadə və digərləri bildirirlər ki, Vətənin keşiyində dayanmağı özlərinə müqəddəs borc bilirlər və torpaqlarımız uğrunda canlarından keçməyə də hazırdırlar.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR