Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2018 11:32

Bayrağımız daim zirvələrdə dalğalansın

Bu yaxınlarda tank biatlonunda "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirildi. Bütün heyət bilik və bacarıqlarını səfərbər edərək, qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəldi. Təbii ki, tankçı olmaq çətin peşədi. Çünki onu dağlıq ərazidə idarə etmək, hərəkətdə hədəfləri müəyyənləşdirmək və sıradan çıxarmaq, tank əleyhinə xəndəyi, minalı və ya minasız maneələri dəf etmək bacarıq tələb edir. Verilən tapşırıqları icra etdikcə, tutduğun peşə sənə bir o qədər şərəfli gəlir. Yarışların sonunda "Ən yaxşı tank heyət"i seçildi.
Yarışlardan sonra ən yaxşı tank komandirlərindən biri - gizir Amid Əliyevlə tanış olmaq imkanı qazandım. Öyrəndim ki, o, xalqımıza iki qələbə sevinci yaşadanlar sırasındadır. Həm aprel döyüşlərinin, həm də 2017-ci il Rusiya Federasiyasında keçirilən "Tank biatlonu" yarışlarının iştirakçısı olan gizir Amid Əliyev həmin günlərin  yaddaşından heç vaxt silinməyəcəyini bildirdi: "Ağır döyüşlər getməsinə baxmayaraq, ordumuz fəallıq göstərərək düşməni geri çəkilməyə məcbur etdi. Ermənilər ata-baba torpaqlarımızda yuva qurmağa çalışdıqları yerləri atıb qaçdılar. Onları bu vəziyyətdə gördükcə bir daha əmin oldum ki, düşmənin silahlı qüvvələri döyüş meydanında Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlmək, mübarizə aparmaq gücündə deyil. O anda düşündüm ki, əgər bizim bütün şəxsi heyətimiz aprel döyüşlərinə səfərbər olunsaydı, düşməni hansı aqibət gözləyə bilərdi? Sualıma cavabı qısa vaxtda Ali Baş Komandanımızın başçılığı altında ordumuz Xankəndinə, Şuşaya, Laçına və digər işğal altında olan torpaqlarımıza ayaq basanda tapacağıq."
Gizir Amid Əliyevin bu sözləri məni çox qürurlandırdı. Fəxr etdim ki, ordumuz bu cür igid, yenilməz Vətən oğullarının çiynindədir.
Gizir Rusiya Federasiyasında keçirilən biatlon yarışlarına toxunaraq bildirdi ki, güclü ordunun tərkibində beynəlxalq oyunlarda iştirak etməyi ilə qürur duyur: "Biz burada təlimlərdə, dərslərdə atış icra edir, maneələri dəf edirik. Hər işimizə həmişə məsuliyyətlə yanaşmışıq. Başqa bir dövlətdə öz ölkəni təmsil etmək ikiqat məsuliyyət tələb edir. Düzdür, yarışlara kifayət qədər güclü hazırlaşmışdıq. Ancaq insan düşünür ki, 19 ölkənin, ən əsas da bədnam qonşularımızın da iştirak etdiyi bu yarışlarda qələbə qazanmalıyıq. Belə də oldu. Biz yüksək nəticələr əldə edərək lazımi pilləyə yiyələndik. Bu qələbənin qazanılmasında bütün heyətin rolu böyük olub. Onlarla bu sevinci yaşamaq başqa bir hissdir. Bu il də keçirilən beynəlxalq yarışlarda iştirak edəcəyik və ölkəmizin bayrağını yüksəklərə qaldırmaq uğrunda mübarizə aparacağıq. Bizim bayrağımız qəhrəman oğullarımızın qanı bahasına müstəqil Azərbaycan Respublikasının səmasında dalğalanır. Ona görə də  bayrağımız ən yüksək zirvələrdə dalğalanır və dalğalanmalıdır.”
Nə qədər ki, belə Vətən oğullarımız var, o zaman xalqımız da, dövlətimiz də, bayrağımız da var olacaq. Üçrəngli bayrağımız torpaqlarımız azad olduğu gün döyüşçülərimizin başı üzərində dalğalanacaq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"