Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:17

Kursantlar arasında inşa müsabiqəsi keçirildi

Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin Cəmşid Naxçıvanski adına Hərbi Lisey ilə 2014-2019-cu illər üçün mədəni hamilik üzrə tədbirlər planına əsasən, bu günlərdə hərbi təhsil ocağında "Vətənə xidmət edirik" mövzusunda inşa müsabiqəsi keçirildi. Ümumiyyətlə, vətənpərvərlik mövzusunda inşa müsabiqələrinin keçirilməsi uzun illərdir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ənənəyə çevrilib. Təhsil ocağının rəhbərliyi kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayır. Sabahımızın zabitləri olacaq kursantlar isə belə yarış və müsabiqələrdə bacarıqlarını, biliklərini nümayiş etdirərək müsbət nəticələr göstərməyə, layiqli yerlər tutmağa çalışırlar. Hər il olduğu kimi, bu il də inşa müsabiqəsi gərgin mübarizə şəraitində keçdi və maraqlı anlarla yadda qaldı.  
Kursantlar bu dəfə də yarışda çox böyük həvəslə iştirak edirlər. Verilən mövzular onların ürəyindən xəbər verirdi. İştirakçılar bacarıqlarına, biliklərinə arxayın olaraq müsabiqəyə qələbə qazanmaq əzmi ilə qatılmışdılar. Uzun müddətdir davam edən inşa müsabiqəsinə bu günlərdə yekun vuruldu. Həyəcanlı günlər, anlar ötüb arxada qaldı. İnşaların yoxlama mərhələsi başa çatan kimi qaliblər müəyyənləşdi və nəticələr elan olundu.
Məlum oldu ki, kursant Toğrul Yusifzadə "Aprel döyüşlərini unutmadıq" mövzusunda yazdığı inşa ilə birinci pilləyə yüksəlib. Kursant Nihad Vəliyev "Qələbəyə hazır olaq" mövzusunda yazdığı inşa ilə ikinci yerə çıxıb. Üçüncü yeri kursant İqbal Xalidov "Son illərdə orduya verilən qiymət" mövzusunda yazdığı inşa ilə tutub. Onu da oxucuların nəzərinə çatdıraq ki, inşa müsabiqəsində 30-dan çox kursant iştirak edib.
"Vətənə xidmət edirik" inşa müsabiqəsi komissiyasının sədri Hərbi liseyin Ana dili və ədəbiyyat fənn bölməsinin rəisi mayor Ceyran Abbasova söhbət zamanı dedi ki, belə müsabiqə və yarışların keçirilməsinin böyük əhəmiyyəti var. “Hər şeydən əvvəl bu cür tədbirlər kursantların hərbi vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərir. Kursantlar müxtəlif mövzulara müraciət etdikdə, düşüncələrinə güvənərək könül oxşayan yazılar qələmə aldıqca onların təcrübələri, səriştələri, bilikləri artır, dünyagörüşləri formalaşır. Buna görə də belə maraqlı və əhəmiyyətli tədbirləri tez-tez keçirməyə çalışırıq. İnanıram ki, bugünkü yarışda qalib gələn kursantlar gələcəkdə daha böyük uğurlar qazanacaq, ordumuzun bacarıqlı zabitləri olacaqlar.”
Müsabiqədə qalib gələn kursantlarla - Toğrul Yusifzadə, Nihad Vəliyev və İqbal Xalidovla görüşüb söhbət edirəm. Onlar sevinc içindəydilər. İnşa müsabiqəsində layiqli yer tutduqlarına görə qürur hissi keçirirdilər. Həmişə belə olur, insan gücünə, bacarıq və biliyinə güvənib qalib gələndə həmişə ovqatını xoş hisslər bürüyür. Kursantlar qazandıqları qələbəyə görə müəllimlərinə minnətdar olduqlarını bildirdilər. 
Oxucuların diqqətinə onu da çatdıraq ki, müsabiqədə qalib gəlmiş kursantlar yaxın günlərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyi tərəfindən mükafatlandırılacaq. Kursantlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunacaq.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey