Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:14

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi.

Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu.
2. Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

Azərbaycanda ordu quruculuğunun əsasının qoyulması 1918-ci ilə təsadüf edir. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra təşkil olunmuş ilk hökumət kabinetinin tərkibində Hərbi Nazirlik də var idi. Azərbaycanın tanınmış ictimai-siyasi xadimi olmuş Xosrov bəy Sultanov isə Hərbi nazir vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdə Azərbaycan son dərəcə mürəkkəb hərbi-siyasi şəraitdə qərar tutduğundan və qısa müddət ərzində Azərbaycan xalqının müstəqilliyinə qənim kəsilmiş bolşevik-daşnak qüvvələrinin qarşısını almağa qadir olacaq hərbi qüvvələrin yetişdirilməsi mümkün olmadığından Azərbaycan hökuməti hərbi kömək üçün Osmanlı Türkiyəsinə müraciət etdi. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə uyğun olaraq, Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək və hərbi qüvvələr göndərmək qərarına gəldi. Həmin dövrdə Azərbaycanda mövcud olan milli hərbi qüvvələrin və Azərbaycana göndərilmiş olan Osmanlı hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Nəticədə ordu quruculuğuna və ordu hissələrinin fəaliyyətinə rəhbərlik Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusu komandanına həvalə edildi. Ona görə Azərbaycan hökumətinin ilk kabinetinin tərkibinə daxil edilmiş Hərbi Nazirliyin təşkili müvəqqəti olaraq təxirə salındı.
Azərbaycanın Milli Ordu qüvvələrinin əsasını hələ Cümhuriyyətin elan edilməsindən əvvəl yaradılan və general-leytenant Əlağa Şıxlinski tərəfindən rəhbərlik edilən Müsəlman Korpusu təşkil edirdi. 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin gün hazırda Azərbaycan Ordusunun yaradılması günü kimi qeyd edilməkdədir.
Qafqaz İslam Ordusunun mövcudluğu dövrü Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun birinci mərhələsini təşkil edir. 1918-ci il noyabrın 1-dən isə Cümhuriyyətin ordu quruculuğunun ikinci mərhələsi başlayır. Həmin tarixdə Azərbaycan hökuməti Hərbi Nazirliyin bərpa edilməsi haqqında qərar qəbul etdi. Nazirlər Şurasının qərarına əsasən, Azərbaycan hökumətinin rəhbəri Fətəli xan Xoyski Hərbi nazir vəzifəsini öz üzərinə götürdü. Rusiya ordusu sıralarında tam artilleriya generalı rütbəsinə qədər şərəfli xidmət yolu keçmiş Səməd bəy Mehmandarov isə Hərbi nazirin müavini təyin edildi və Hərbi Nazirliyin formalaşdırılması ona həvalə olundu.
Birinci Dünya müharibəsinin nəticələrinə görə, Hərbi Nazirlik 1918-ci il noyabrın 22-də Gəncəyə köçmək məcburiyyətində qaldı və 1919-cu il iyunun sonlarına kimi paytaxtdan və hökumət orqanlarından uzaqda fəaliyyət göstərməli oldu. 1919-cu il iyunun sonlarında Bakıya köçürülən Hərbi Nazirlik Krasnovodsk və Merkuri küçələrinin (indiki Zərifə Əliyeva və Səməd Vurğun küçələri) kəsişməsindəki binada yerləşdirildi və Cümhuriyyətin süqutuna qədər burada fəaliyyət göstərdi.
1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov Azərbaycan hökumətinin qərarı ilə Hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini vəzifəsinə təyin edildilər. Cümhuriyyətin süqutuna kimi bir neçə hökumət kabineti dəyişsə də, Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski öz vəzifələrində dəyişməz olaraq qaldılar.
Azərbaycan hökuməti Hərbi Nazirliyin qarşısında ölkənin ərazi bütövlüyünü müdafiə etməyə qadir olan ordunun yaradılması vəzifəsini qoymuşdu. Hərbi Nazirliyin rəhbərləri Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin və onların həmkarları olan general-mayor Həbib bəy Səlimovun, general-mayor Süleyman bəy Əfəndiyevin, general-mayor İbrahim ağa Usubovun, general-mayor Cavad bəy Şıxlinskinin və digərlərinin fədakar xidmətləri nəticəsində bu vəzifənin öhdəsindən uğurla gəldilər. Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan Ordusunda hər biri üç piyada alayından ibarət olan iki piyada diviziyası, iki əlahiddə piyada diviziyası, üç alaydan ibarət olan süvari diviziyası, artilleriya briqadası və digər hissə və bölmələr mövcud idi. Məhz bu qüvvələrin vasitəsilə 1920-ci ilin martında Ermənistanın hərbi qüvvələrinin və Qarabağdakı separatçı qüvvələrin Azərbaycanın müstəqilliyinə qarşı geniş hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.
1920-ci il aprelin 28-də 70 mindən artıq bolşevik hərbi qüvvələrinin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanda hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra Hərbi Nazirliyin bazasında Azərbaycanın Hərbiyyə və Bəhriyyə Komissarlığı yaradıldı. Əvvəlcə Çingiz İldırım, sonra isə Əliheydər Qarayev hərbiyyə və bəhriyyə komissarı vəzifəsinə təyin edildilər.
1922-ci ilin sonlarına, yəni SSRİ təşkil edilənə kimi Hərbiyyə və Bəhriyyə Komissarlığı formal müstəqilliyini saxladı. Azərbaycan SSRİ-nin tərkibinə daxil edildikdən sonra Hərbiyyə və Bəhriyyə Komissarlığı nazirlik statusunu itirmiş oldu. Azərbaycanda hərbi işlərə rəhbərlik SSRİ mərkəzi orqanlarının səlahiyyətinə keçdi.

Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri

XX əsrin sonlarında ölkədə siyasi hakimiyyətin böhranlı hala düşməsi və müttəfiq respublikalarda milli-azadlıq hərəkatının genişlənməsi Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti "Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərar qəbul etdi. Həmin qərarın əsasında respublika Prezidentinin 5 sentyabr 1991-ci il tarixli fərmanına əsasən, Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabrın 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun qəbul edildi.
Lakin bir tərəfdən Azərbaycanın daxilində hərbi-siyasi vəziyyətin mürəkkəb olması, hakimiyyətdə olan qüvvələrin ordu quruculuğu sahəsində səmərəli siyasət izləyə bilməməsi, bir tərəfdən də ictimai-siyasi hərəkatların ordu daxilində qarışıqlıq yaratmaq cəhdləri, 6 ay ərzində Müdafiə naziri vəzifəsinə 4 dəfə təyinat aparılması həm Müdafiə Nazirliyinin, həm də Azərbaycan Ordusunun formalaşmasına dağıdıcı təsir göstərdi.
Azərbaycanda Müdafiə Nazirliyinin və ordunun real şəkildə formalaşdırılması ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də radio və televiziya ilə xalqa müraciətindən sonra başladı. Ordu və Müdafiə Nazirliyi qeyri-sağlam qüvvələrdən təmizləndi, orduya yeni qüvvələr cəlb edildi, ordu quruculuğunda köklü dəyişikliklər həyata keçirildi. Nəticədə qısa müddət ərzində ordu yenidən quruldu, təşkilatlandı və Azərbaycanın müstəqilliyinin müdafiəsində dayanmağa qadir olan bir qüvvəyə çevrildi.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunun bu mərhələsində apardığı işlərin hərbi-siyasi nəticəsi olaraq ordu daxilində dərinləşməkdə olan böhranın qarşısı alındı və bu sahədə keyfiyyət dəyişikliyi yarandı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsində vahid komandanlıq prinsipi bərqərar edildi, ordunun maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi hissə və birləşmələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Azərbaycan Ordusuna tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin Azərbaycan Respublikasının sənaye müəssisələrində istehsal edilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1993-cü il dekabrın 10-da Beyləqan istiqamətində hücuma keçən Ermənistan silahlı qüvvələri ilk dəfə ordumuzun mütəşəkkil müqaviməti ilə qarşılaşdı. Dekabr ayının sonlarında Goranboy, Tərtər və Ağdam istiqamətlərində düşmənin hücumlarının qarşısı alındı, onun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən qoşunlarımız işğal olunmuş torpaqlarımızın bir hissəsini azad edərək  düşmənin bu istiqamətdə yerləşən hərbi qruplaşmasını darmadağın etdilər. Belə bir şəraitdə ermənilər danışıqlar stolu arxasına gələrək 1994-cü il mayın 12-də atəşkəs haqqında sənədə qol çəkməyə məcbur oldular və bununla da Azərbaycan Ordusunun yenidən qurulmasına şərait yarandı.
Azərbaycan Ordusu üçün zabit kadrlarının hazırlanması Müdafiə Nazirliyinin başlıca vəzifələrindən biridir. Burada keçmiş SSRİ dövründə milli zabit kadrlarımızın yetişməsində müstəsna əhəmiyyəti olan, 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış C.Naxçıvanski adına Hərbi Liseyin rolunu və tarixi əhəmiyyətini qeyd etmək vacibdir. Məhz bu təhsil ocağında təhsil alan gənclərimizin əsas hissəsi sonradan ali hərbi məktəblərə qəbul olunur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müasir standartlar səviyyəsində tədris bazası yaradılmış və peşəkar zabit kadrlarının hazırlanması həyata keçirilir.
Dövlətçilikdə varislik anlayışına önəm verən ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu təsdiq edir.
Ulu öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı fərmana əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyası fəaliyyətə başlamış, 2001-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi yaradılmışdır. Mərkəzdə zabit heyətinin təkmilləşdirmə, ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursları fəaliyyət göstərir.
Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrdə komanda-qərargah və taktiki təlimlər, döyüş hazırlığı dərsləri keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Əldə olunan nəticələr bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsi və peşəkarlığına xidmət edir.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı da ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin və digər ölkələrə göndərilir. Eyni zamanda Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunub və bu gün bu proses davam etdirilir. Azərbaycanda ən müasir hərbi texnika, silah-sursatın istehsal olunması ilə bərabər, eyni zamanda xarici dövlətlərdən də alınması ilə üzrə fəaliyyətlər davam etdirilir.
Bu il Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 100 illiyini qeyd edəcəkdir. Ordumuzda yüksək hərbi intizamın saxlanılması üçün müvafiq tədbirlər görülür, islahatlar aparılır. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində  Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunları və taktiki təlimlər bunun əyani sübutudur. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycan Ordusunda istifadə olunur. Regionda yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə qadir döyüş qabiliyyətinə malik olmasını tələb edir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Son illər ərzində maddi-texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir".


Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi