Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:10

O gün o yol qədər uzaqda deyil

Peşə insan üçün xəzinədir, - deyirlər. İnsan həyatda elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də Vətəninə, millətinə xeyir verə bilsin. Hər bir azərbaycanlı tutduğu vəzifəsindən asılı olmayaraq, Vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və bayrağını uca tutmalıdır. Vətən sevgisi, Vətən borcu anlayışları daim ürəyində və gözlərinin nurunda olmalıdır.
 "N" hərbi hissəsində  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şəhadət Mehtiyevlə həmsöhbət oldum. Qazax rayonunda dünyaya göz açıb. Sürücü vəzifəsində xidmət edən Şəhadətin öz peşəsini qeyri-adi vurğunluqla sevməsi aydın sezilirdi. Bölmənin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit kapitan Ayaz Qasımov da kiçik çavuş Şəhadət Mehtiyevin xidmətə başladığı gündən işində ciddi nizam-intizamlı olması və peşəkar xüsusiyyətləri ilə seçilməsini qeyd etdi.
Söhbət zamanı müsahibim bildirdi ki, sürücü olmaq, avtomobil idarə etmək onun uşaqlıq arzusu olub: "Müddətli xidmət dövründə də  sürücü olmuşam. Ordu sıralarından tərxis olunduqdan sonra bir müddət fərqli işlə məşğul oldum. Lakin Vətən məhəbbəti hər şeyə güc gəlir. Artıq 8 ildir ki, sürücü vəzifəsində xidmət edirəm."
"Gərək seçdiyin peşənin sirlərinə dərindən yiyələnəsən", - deyə Şəhadət qeyd etdi ki, sürücülük peşəsi diqqət və məsuliyyət tələb edir: "Hər cür hava şəraitində, nahamar, sərt, enişli-yoxuşlu yollarda avtomobil idarə etmək, şəxsi heyəti sağ-salamat təyin olunan yerə çatdırmaq insandan birə-beş məsuliyyət və təcrübə tələb edir. Bunun üçün insanda uzun illərin vərdişi, eyni zamanda səriştə olması vacibdir. Bəzən elə ola bilər ki, apardığın şəxsi heyət və ya döyüş sursatı həyata keçirilən əməliyyatın gedişində dönüş yaradacaq qədər əhəmiyyətli olar."
Avtomobilin saz vəziyyətdə olmasının əhəmiyyətinə toxunan Şəhadət Mehtiyev bunun üçün ona mütəmadi texniki qulluq göstərməyin vacib olmasına diqqət çəkdi. "Vaxtlı-vaxtında nəqliyyat vasitəsinin hissə və mexanizmlərinə göz gəzdirilməli, onlar tozdan təmizlənməli və yağlanmalıdır. Mühərriki işə salmazdan əvvəl avtomobilin yanacaq, yağ və maye ilə tam dolu olmasına nəzarət etmək lazımdır. Şinlərdə olan havaya da fikir verilməlidir."
Kiçik çavuş Şəhadət Mehtiyev həmişə aprel döyüşləri kimi qələbə soraqlı döyüşlərin iştirakçısı olmaq arzusundadı: "Hər dəfə sükan arxasında əyləşəndə işğal olunmuş torpaqlarımıza getmək istəyi ilə mühərriki işə salıram. O gün o yol qədər uzaqda deyil. O yolda şəhidlik zirvəsinə ucalsaq da, üçrəngli bayrağımız Qarabağda dalğalanacaq."
 
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"