Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:09

“Ali Baş Komandanın əmrinə biz də hazırıq”

Kamil Xaçmazdandı. Hərbçi olmaq istəyib Kamil. Babası Şahbaba Böyük Vətən müharibəsi iştirakçısıdı. Onun xatirələri yeniyetmə Kamilin peşə seçimində təsirsiz ötüşməyib. Həqiqi hərbi xidmətə çağırılıb. Tərtər, Ağdərə, Ağdam rayonlarının müdafiəsində iştirak edib, - döyüşüb. 1994-cü ilin fevralında Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb. Müalicədən sonra yenidən xidmətə qayıdıb. "Hər gün mənə ay qədər uzun görünürdü. Darıxmaq nədi, ürəyim sıxılırdı, əsgər yoldaşlarımın sırasında olmaq, döyüşmək istəyirdim..." - Kamilin qaşları çatılır; ötənləri xatırlamaq, ötənləri yenidən yaşamaq onun düşüncələrini titrədir...
 Hərbi hissənin göndərişi ilə Ali Hərbi Məktəbdə təhsil almağa göndərilib. "Babamın xatirələrini həmişə maraqla dinləyirdim. Onda hərbçi olmaq niyyətim yoxuydu. Əsgər kimi komandirlərimin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirirdim. Tərxis ediləndə komandirim məni təhsil almağa göndərmək istədiklərini bildirdi. O anlarda babamdan eşitdiklərim düşdü yadıma. Və qətiyyətlə zabit olmaq istədiyimi dedim. Taleyimdən çox razıyam ki, zabit oldum, Vətənə xidmət etdim. Özümü indi də sırada hiss edirəm..." - belə deyir Kamil, əsl vətəndaş qətiyyətiylə deyir...
Həvəslə oxuyub, həvəslə öyrənib, təlimlərdə fəallıq göstərib. Təmas xəttində xidmət etməyi arzulayıb. "O, xoş təsadüfi heç zaman unutmaram", - Kamil belə deyir. "Hərbi xidmətimin ilk günlərində komandirlərimin, zabit yoldaşlarımın məsləhətləri, tövsiyələri zamanında öyrəndiklərimin davamı oldu, onları tamamladı...".
Aprel döyüşlərində onun komandiri olduğu taborun şəxsi heyətinin bir hissəsi də döyüşürdü. Yuxarı komandanlığın onlara həvalə etdiyi tapşırıq - əmr böyük məsuliyyətlə yerinə yetirildi. - Talış kəndinin sağ cinahında döyüşürdülər. Döyüşdə onlarla düşmən öldürüldü, yaralandı. Az sonra əks-hücuma keçmək istəyən düşmən ciddi müqavimətlə üzləşdi, itki verərək geri çəkildi; yüksəkliyin sağ qanadı ermənisizləşdirildi...
Ehtiyatda olan polkovnik-leytenant Kamil Muradov 3 oğul atasıdı. "Kənan IV sinifdə oxuyur. Döyüşlər başlayarsa əsgər oğlum öz yerində, tələbə oğlum Elvin də, mən də döyüşəcəyik. Torpaqlarımızın işğaldan azad edilməsində üçümüz də iştirak edəcəyik..." - Kamil belə deyir. Həm də deyir ki, aprel döyüşləri - aprel zəfəri Böyük Qələbəmizin başlanğıcıdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"