Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:07

Torpaqlarımız bizi gözləyir

Müasir standartlara cavab verən Azərbaycan Ordusunun peşəkar orduya çevrilməsində ölkəmizin ildən-ilə artan iqtisadi inkişaf tempi mühüm rol oynayır. Eyni zamanda ölkədə ordu quruculuğu işinin dövlət rəhbərliyi səviyyəsində prioritet elan olunması bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunur. Bu gün Azərbaycan Ordusu sürətlə güclənir və günün tələblərinə uyğun qurulur. Artıq güclü ordular sırasında mühüm yer tutan ordumuz təkcə texniki təchizatının deyil, həm də peşəkarlığının artırılmasını da diqqət mərkəzində saxlayır.
Hər bir qoşun növünün döyüşdə qələbənin qazanılmasında müstəsna rolu var. Onlar ayrı-ayrılıqda fərqlənsə də, özəlliyi ilə seçilsə də, döyüş zamanı bir-birini tamamlayır. Döyüşün uğurla başa çatdırılmasında və qələbənin təmin edilməsində mühüm rol oynayan vasitələrdən biri də hərbi bölmələr arasında möhkəm və etibarlı rabitə əlaqəsinin təmin edilməsidir.
Döyüş zamanı rabitəçilərin qarşıya qoyulan ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onların döyüş qabiliyyətini və peşəkarlığını, yeni rabitə vasitələrindən ustalıqla istifadə etmək bacarığını əhəmiyyətli dərəcədə artırmaq məqsədilə hər il Azərbaycan Ordusunda "Ən yaxşı komanda-qərargah maşını heyəti" adı uğrunda təlimlər keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2018-ci il üçün təsdiq etdiyi plana uyğun olaraq, bu il də hərbi hissələr arasında "Ən yaxşı komanda-qərargah maşını heyəti" adı uğrunda yarışlar baş tutub. 2017-ci ildə Azərbaycan Ordusu üzrə birinciliyi qazanan "N" hərbi hissəsinin rabitəçiləri bu il də Artilleriya qoşunları üzrə keçirilən yarışlarda birinci olublar. Rabitəçilərlə görüşüb yarış barədə təəssüratlarını öyrənirik.
Çavuş Tarıyel Muxtarov söhbətə Ali Baş Komandan İlham Əliyevin sözləri ilə başlayır: "...Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Artıq ordumuzun adı dünyanın güclü orduları sırasında çəkilir". Ali Baş Komandanımızın söylədiyi bu fikirlər hər bir hərbi qulluqçunun qarşısına böyük məsuliyyət qoyur. Bizim isə hərbi qulluqçu kimi borcumuz rəhbərlik tərəfindən qarşımıza qoyulan etimadı doğrultmaqdı".
"Rəhbərlik etdiyim heyət 2015-ci və 2017-ci illərdə keçirilən yarışların birincisi oldu. Bu il də Artilleriya qoşunları səviyyəsində keçirilən yarışların birincisi olmuşuq. 2018-ci ildə də hədəfimiz Azərbaycan Ordusu üzrə keçirilən yarışların birincisi olmaqdı. Bu birincilik asan başa gəlmir və ixtisas hazırlığı zamanı keçirilən məşğələlərdə topladığımız təcrübənin hesabına qazanılır. Birinci olmaq hər zaman şərəfli və məsuliyyətlidi. Aprel döyüşləri də sübut etdi ki, qələbənin təmin olunmasında rabitənin əhəmiyyəti böyükdür. Döyüş zamanı rabitəçinin üzərinə ikiqat məsuliyyət düşür. Rabitəçi həm silah çiynində döyüşür, həm də döyüş zamanı rabitəni təmin edir. Rabitəmiz olmasa, idarəçilik təmin edilə bilməz. İdarəçilik təmin edilməsə, döyüşdə uğur qazanmaq olmaz", - deyə çavuş Tarıyel Muxtarov bildirdi.
Əsgərlər Fuad Tağızadə və Murad Arzumanov isə bildirdilər ki, yarışlar 8 normativ üzrə keçirildi. "Nəzəri mərhələdə test üsulu ilə yazılı imtahan oldu. Yarışın praktiki mərhələsində isə antennaların yığılıb-açılması, antennaların əlaqə ilə açılması, sürücü tərəfindən generatorların işə hazırlanması, ümumi komanda-qərargah maşınının döyüş vəziyyətinə gətirilməsi normativləri yerinə yetirildi. Komandamız 11 dəqiqəyə yerinə yetirilməsi nəzərdə tutulan normativi 5-6 dəqiqə ərzində həyata keçirdi".
Əsgərlər onu da qeyd etdilər ki, bizim hər birimizin ürəyində qələbə arzusu, işğal olunmuş doğma Qarabağımızın azad edilməsi arzusu var. “Biz ulu torpaqlarımızın həsrətindəyik. Ana qucağı qədər əziz, ana nəfəsi tək doğma olan torpaqlarımız bizi gözləyir. Hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Ali Baş Komandanımızın etibar etdiyi regionun ən güclü ordusunun sayəsində xalqımızın həsrətlə gözlədiyi qələbə sevinci tezliklə gerçəkləşəcək, Qarabağ həsrətinə son qoyulacaq.”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"