Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:05

“Qələbə günümüz uzaqda deyil”

Ey Vətən, sənin azadlığın, suverenliyin, müstəqilliyin, ərazi bütövlüyün uğrunda neçə oğul və qızların son damla qanına qədər vuruşub, göz qırpmadan yolunda şəhid olublar. Vətənpərvər övladlarının keçdiyi döyüş yolu hər birimizi Böyük Qələbəyə - torpaqlarımızı azad etməyə, şəhidlərimizin qisasını almağa səsləyir. Bu gün hər bir Azərbaycan əsgəri bədxah niyyətli qonşularını törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırdır. Mənfur düşmən qəhrəman əsgərlərimizin gücünə yaxşı bələddir. Aprel döyüşləri ermənilərə bir daha sübut etdi ki, igid oğullarının yalnız bir amalı var - Vətən, sənin torpaqlarını qorumaq.
Belə oğullarınla tanış olmaq üçün düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinə yollanırıq. Bizi müşayiət edən hərbi hissənin zabiti kapitan Elşad Kərimov döyüş növbətçiliyi aparan şəxsi heyətin mənəvi-psixoloji hazırlığı barədə məlumat verir. "Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu yüksəkdir. Əsgərlərimizə mütəmadi olaraq ictimai-siyasi, taktiki, atəş, mühəndis hazırlığından nəzəri və praktiki məşğələlər keçirilir. Dərslərdə fərqlənən əsgərlərimiz hərbi hissə komandanlığı tərəfindən növbədənkənar məzuniyyət, fəxri fərman və təşəkkür məktubu ilə qiymətləndirilirlər."
Zabitlə birgə səngərə daxil oluruq. Gizir Valeh Abbasov döyüş mövqeyində heç bir hadisənin baş vermədiyini bildirir. Əslən Şuşa şəhərindən olan hərbçimiz ön xətdə xidmət etdiyindən qürur duyduğunu bildirir. "Mənim üçün səngərdə xidmət etmək yaşam deyil, həyat tərzidir. Əsgəri xidmətimə ön xətt bölmələrindən birində baş istehkamçı kimi başlamışam. Vətənə, millətə olan sevgim, düşmənə olan nifrətim məni ordu sıralarında xidmətimi davam etdirməyə vadar etdi. Əsgər kimi xidmətimi başa vurduqdan sonra gizir hazırlıq kursunu bitirdim. Hal-hazırda taqım komandirinin müavini vəzifəsində xidmətdəyəm. Belə şərəfli peşənin nümayəndəsi olduğuma görə fəxr edirəm. Mütəmadi olaraq əsgərlərimlə söhbət aparır, onlara kursda mənimsədiyim bilikləri öyrədirəm".
Həmsöhbətim şəxsi heyətin təlimatlandırılmasından da söz açaraq bildirir ki, döyüş növbəsinə təyin olunduqdan sonra şəxsi heyətə düşmənin bütün fəaliyyəti və snayperlərinin fəallığı haqqında geniş məlumat verir. "Baş verə biləcək hər hansı bir problemin qarşısını almaq məqsədi ilə əsgərlərimə diqqətli və ayıq-sayıq olmalarını, müşahidənin ancaq təyin olunmuş yerlərdən və  cihazlardan aparmalarını, təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tapşırıram. Bir sözlə, əsgərlərimizə Vətənin müdafiəsi üçün bütün bilik və bacarıqlarını səfərbər etməyi aşılayıram".
V.Abbasov tabeçiliyində olan əsgərlərdən ən yadda qalanı Lənkəran şəhərindən hərbi xidmətə çağırılan manqa komandiri vəzifəsində xidmət edən əsgər Xəyyam Şəkərli olduğunu bildirdi. Gizirin sözlərinə görə o, öz nizam-intizamı və fiziki hazırlığı ilə bütün əsgərlərə nümunə olmuşdu. Dərslərdə xüsusi fəallıq göstərdiyi üçün dəfələrlə yuxarı komandanlıq tərəfindən mükafatlandırılmışdı.
"Hər gecə işğal altında olan torpaqlarımızda yanan işıqları müşahidə edəndə ürəyim parçalanır. Dua edirəm ki, tez bir zamanda doğma yurduma - Şuşa şəhərinə qalib kimi ayaq basım. İnanıram ki, Qələbə günümüz çox yaxındadır. Hər an Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə düşmənləri işğal altında olan torpaqlarımızdan qovub-çıxartmağa hazıram", - deyən gizir silahın kəmərini əlində bərk-bərk sıxır.
- Ermənilərin analarımızın, bacılarımızın başına gətirdiklərini uşaq vaxtlarında kütləvi informasiya vasitələrindən izləyirdim. Gördüyüm hər kadr, oxuduğum hər məlumat düşmənə olan nifrətimi daha da artırırdı. Tez bir zamanda mən də Vətənin müdafiəçilərinin sırasına daxil olmaq istəyirdim. Bu gün düşmənlə üzbəüz torpaqlarımızı qorumaqla fəxr edirəm. İşğal altında olan torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid qardaşlarımızın qisasını alacağımız günü səbirsizliklə gözləyirəm, - bu sözləri Biləsuvar rayonundan hərbi xidmətə çağırılan əsgər Elburus Süleymanzadə deyir.
E.Süleymanzadə əsgər yoldaşlarına nümunəvi xidmət etmələrini tövsiyə etməyi də yaddan çıxarmadı. "Azərbaycanın qəhrəman əsgərlərinə demək istəyirəm ki, bu atalar sözünü heç vaxt unutmasınlar: "Təlimdə təri tökülənin, döyüşdə qanı tökülməz". Bu səbəbdən onlara məsləhət görürəm ki, boş vaxtlarından səmərəli istifadə etsinlər. Komandirlərin köməyi ilə hərbi biliklərini müntəzəm olaraq təkmilləşdirsinlər, silahlarını, döyüş texnikalarını mükəmməl öyrənsinlər, çünki Böyük Qələbə uğrunda döyüşlərdə uğurun açarı təcrübə olacaq". 
Balakən rayonundan hərbi xidmətə çağırılan əsgər Rəvan Bayramov yuxarı komandanlığın qayğı və diqqətini hər addımda hiss etdiyini bildirdi. "Xidmətə gəldiyim ilk gündən komandirlərin qayğı və diqqəti ilə əhatə olunmuşam. Düşmənlə üzbəüz dayanmağımıza baxmayaraq, müasir standartlara cavab verən yataqxana, yeməkxana və sanitar qovşaq bizim istifadəmizdədir. Bizdən sonra xidmətə gələn qardaşlarımızın da bu cür yerdə xidmət etməkləri üçün yaradılan şəraiti qoruyub saxlamağa çalışırıq".
"Vətənin müdafiəsində dayanmaq uşaqlıq arzum idi", - deyə hərbi xidmətə Masallı rayonundan çağırılan əsgər Rza Yahazadə söhbətimizə qoşulur. "Hərbi xidmətə gəlməzdən əvvəl atamdan mənə müharibə illərindən danışmağını istəyərdim, o da acılı-kədərli xatirələrindən, həmin günlərin çətinliyindən, ermənilərin fitnəkarlığından, igidlərimizin göstərdiyi şücaətdən danışardı. Belə söhbətlərdən təsirlənirdim. Böyüyüb "mən də əsgər olacam, Vətənimi yağılardan müdafiə edəcəm", deyərdim. Nəhayət, vaxt gəlib çatdı, mən də Vətənimizi qoruyanların sıralarına qoşuldum. Məni xidmətə yola salan atam "Oğul, arzu edirəm ki, zəfər xəbərini səndən eşidim", - dedi. Qoy, mənfur düşmənimiz bilsin ki, minlərlə cəsur, yurdunu sevən Azərbaycan əsgəri işğal altında olan torpaqları azad etməyə gəlir. Biz bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə və digər işğala məruz qalan torpaqlarımızda dalğalandırmalıyıq".
Əsgər Orxan Gülməmmədov fiziki hazırlıqlarından danışaraq qeyd edir ki, hər gün idman etməyin insan orqanizminə əvəzolunmaz faydası var. "Günün nizam qaydasına uyğun olaraq səhər və axşam silahlı, silahsız və ikilikdə kompleks çalışmalar yerinə yetiririk. İdmanla məşğul olmaq bizi gümrah, yüksək əhval-ruhiyyədə saxlayır, enerjili olmağımızı təmin edir, fiziki gücümüzü, xəstəliklərə qarşı müqavimətimizi artırır. Bu da o deməkdir ki, döyüş meydanında erməni əsgərindən cəld və güclü olacağıq. Düşmənlə əlbəyaxa döyüşdən qalib çıxacağıq. Onsuz da bütün dünyaya məlumdur ki, erməni xalqı çox aciz və qorxaq xalqdır. Qorxmaqda onlar haqlıdırlar, çünki güclü, mərd, cəsur və vətənpərvər Azərbaycan əsgərlərinin qarşısında dayandıqlarının fərqindədirlər".
Əsgərlər İsmət Əliyev, Ceyhun Rzayev, Nicat Zeynalov və digərləri Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözlədiklərini və Azərbaycan bayrağını Şuşada Xankəndidə, Laçında... dalğalandıracaqları günün həsrətilə yaşadıqlarını bildirirlər. Böyük Qələbədən reportaj hazırlamaq vədəsi ilə əsgərlərimizlə vidalaşıram.

Ruslan HƏSƏNZADƏ,"Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR