Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2018 09:05

Bayrağım - varlığım, bəxtiyarlığım

Ümummilli lider Heydər ƏLİYEV:
Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur.

Bayraq dövlətin varlığını təsdiqləyən atributdur, hər bir vətəndaşın mənəvi dünyası dövlət bayrağıyla bağlıdır. Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür. Bayrağımız dalğalanırsa, biz də varıq.
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Bayrağa sədaqət andı"nın təbliği məqsədilə növbəti tədbir ön xətdə - "N" hərbi hissəsində keçirildi.
Tədbirdən əvvəl Lələtəpə şəhidlərinin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoyuldu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlıda aparılan quruculuq işləri ilə tanış oldu, Şuşa məscidinin bənzəri olan məscidi ziyarət etdilər.
Tədbirdə Müdafiə və Təhsil nazirliklərinin, Füzuli Dövlət dram teatrının nümayəndələri, Bakı şəhərinin bir neçə məktəbinin müəllimləri, şagirdləri və valideynləri iştirak edirdilər.
Polkovnik Eldəniz İmaməliyev bildirdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatı zamanı azad edilib. "Lakin ətraf yüksəkliklərdə düşmən qüvvələrinin mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. 2016-cı ilin aprelində Azərbaycan Ordusunun əks-həmləsi ilə Lələtəpə yüksəkliyi azad edildi. Ermənistan ordusunun Lələtəpə ətrafındakı mövqelərimizə yaratdığı təhlükə aradan qaldırıldı".
Polkovnik Eldəniz İmaməliyev qeyd etdi ki, işğaldan azad edilmiş yüksəkliklərdən düşmən mövqelərini tam nəzarət altında saxlamaq mümkündür. "Təxribat imkanları vaxtında aşkarlanaraq zərərsizləşdirilir. Aprel döyüşlərinin nəticələri və Azərbaycan Ordusunun qüdrəti insanların öz doğma yurdlarına qayıdıb əmin-amanlıq şəraitində yaşamalarına stimul yaratdı. Ali Baş Komandanın "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır" kəlamları tezliklə Böyük Qayıdışın davamının olacağına inamı artırıb. Lələtəpədə, Bayraqtəpədə dalğalanan bayrağımızı Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımıza sancacağımız günün intizarındayıq."
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova vurğuladı ki, bayraq elə bir qüdrətdir ki, hamı ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliyalın 20 Yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq istəyən zirehli tankların altına apardı. “Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içir. Bayraq elə bir müqəddəslikdir ki, onun altında ölmək belə şərəflidir. Aprel döyüşlərində Lələtəpəyə, Bayraqtəpəyə sancılan üçrəngli bayrağımız illərdən bəri ürəklərimizdəki həsrəti dindirdi, arzularımızın çin olacağına inamımızı gücləndirdi. İnanırıq ki, çox yaxında üçrəngli bayrağımız Qarabağda dalğalanacaq!".
Zümrüd Səmədova əsgərlər qarşısında keçirdiyi izaholunmaz hisslərdən danışdı, oğlunun aprel döyüşlərinin iştirakçısı olmasıyla qürurlandı.
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov torpaqlarımızın keşiyində dayanan əsgərlərimizlə qürur duyduğunu bildirdi, layihə haqqında geniş məlumat verərək 70 mindən artıq şagirdimizin "Bayrağa sədaqət andı" içdiyini qeyd etdi. "Gənclərimizin içdiyi "Bayrağa sədaqət andı" irəlidə hərbi andla birləşərək daxillərindəki vətənpərvərlik hisslərini daha da gücləndirəcək. Üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur. Ali Baş Komandanımızın dediyi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Laçında, Kəlbəcərdə, Xankəndidə, Şuşada dalğalanacaqdır", - sözləri hər birimizin yaşam amalına çevrilməlidir".
Şagirdlər əsgərlər qarşısında "Bayrağa sədaqət andı" içərək Vətənimizin tarixi torpaqlarında  mübarizlik əzmi ilə  dalğalanan üçrəngli bayrağımızı hər zaman uca tutacaqlarına, yüksəklərdə dalğalandıracaqlarına söz verdilər.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət bayrağı "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov tərəfindən aprel döyüşçüsü baş leytenant Abbas Səfərova təqdim olundu. Baş leytenant öpüb gözləri üstünə qoyduğu üçrəngli bayrağımızı Ali Baş Komandanın əmri ilə Qarabağda dalğalandıracağına söz verdi.
Hüseynağa Qasımov dövlətimizin günü-gündən inkişaf etməsindən, ordumuzun dünyanın inkişaf etmiş ölkələrinin orduları sırasında olmasından danışaraq bildirdi ki, hər bir vətəndaşımız hərbi hissələrimizdəki şəraitdən xəbərdardır və ordu haqqında fəxrlə danışaraq qeyd edirlər ki, "Son illər orduda keçirilən "Açıq qapı" gününü xalq çox bəyənir.  Gənclərimiz Vətənə sevgi, dövlət atributlarına ehtiramla formalaşırlar".
Müharibə veteranı, I dərəcəli kapitan Akif Qasımov, Səfurə Rəhimova, Məhlubə Əzizova, Elvin Səlimov, Könül Məmmədli, Aynur Abdullayeva və Fatma Qəfərova ordumuzun regionda ən güclü ordu olması ilə qürur duyduqlarından, ordumuza sonsuz inamlarından söz açdılar. Qeyd etdilər ki, müstəqil dövlətlərin rəmzi, ideya daşıyıcısı olan bayraq milləti, xalqı öz kölgəsinə toplayır. “Üçrəngli bayrağımız xalqımızın tarixi keçmişi, bu günü, gələcəyidir. Bayraq Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini yaşadır”.
Çıxış edənlər "Bayrağa sədaqət andı"nın sadəcə şagirdlərdə deyil, böyüklərdə də bayrağımıza hörmət və məhəbbət hissi formalaşdırmasından, vətəndaşlıq duyğusunu, milli qürur hissini gücləndirməsindən danışdılar.
Şagirdlərdən Əntiqə Əliyevanın, Məhəmməd Qənbərovun, Səid Əhmədovun, Emin Babayevin, Mədinəxanım Ələsgərlinin, Əli Hacıyevin və başqalarının bayraq haqqında maraqlı fikirləri, dedikləri şeirlər, ifa etdikləri milli rəqslər tədbir iştirakçılarına könül xoşluğu yaşatdı. 
Sonda Füzuli Dövlət dram teatrının nümayəndələri maraqlı tamaşa təqdim etdilər.
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"