Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2018 09:04

Müasir Azərbaycan Ordusunun qurucusu

Müdrik uzaqgörən dövlət xadimləri hər zaman ölkəsinin, millətinin və xalqının xilaskarı olub. Heydər Əliyev də xalqının, millətinin tarixinə Azərbaycan dövlətinin qurucusu və banisi kimi daxil olub.
70-ci illərdən Azərbaycana rəhbərlik edən Ulu Öndərimizin uzaqgörən siyasəti sayəsində ölkəmiz intibah dövrünü yaşamaqdadır.
1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı.
C.Naxçıvanski adına Hərbi Liseyin yarandığı gündən bu günədək Azərbaycan Ordusuna yüksək ixtisaslı milli zabit kadrların hazırlanmasında əvəzsiz xidmətləri var.
Hərbi liseyin məzunları arasında Vətən torpaqları uğrunda canlarından keçmiş Azərbaycanın Milli qəhrəmanları adına layiq görülənlər, ali rütbələrə qədər yüksələnlər çoxdur. Bugünkü məzunların sıralarında Azərbaycan Ordusunun generalları yetişir. Əldə etdiyimiz bu nailiyyətlər Ümummilli Liderimizin xalqımıza bəxş etdiyi əvəzsiz töhfələridir.
Ulu  öndər Heydər Əliyev qüdrətli, müstəqil Azərbaycanın yaradıcısı və memarıdır. Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkəmizin müstəqilliyini qorumağa qadir olan güclü ordumuz, qüdrətli dövlətimiz var. 
Ulu Öndər çətin bir məsuliyyəti öz üzərinə götürdü, yeni bir tarix yazdı, Azərbaycanın əbədi müstəqilliyini təmin etdi.
Ulu öndər Heydər Əliyev vətənpərvərlik hisslərinin aşılanması və gələcək nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün çox böyük işlər görüb. O çıxışlarında bildirirdi ki, hər bir Azərbaycan gənci, vətəndaşı tutduğu yerindən və mövqeyindən asılı olmayaraq Vətənin birliyinə, bölünməzliyinə və bütövlüyünün qorunmasına çalışmalıdır. Körpələrimiz də bu ruhda tərbiyə edilməlidir ki, böyüyəndə əsl vətənpərvər, Vətənə sadiq vətəndaş olsunlar. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini gənc nəsil təmin edəcək.
Bütün çətin anlarda, ağır sınaqlarda xalqımızın digər təbəqələri kimi, ordumuz da Ulu Öndərin arzu, məqsəd və ideyalarının həyata keçməsi üçün var qüvvəsini əsirgəməmişdir. Elə buna görə də biz bu gün böyük cəsarət və qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda ordu quruculuğu birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin uzaqgörənliyi Azərbaycana uğur gətirdi. Onun ideyalarını yorulmadan həyata keçirən xalqımız sabaha böyük inamla baxır. Bu gün Azərbaycan etibarlı əllərdədir. Əgər Azərbaycan etibarlı əllərdədirsə, Heydər Əliyev yaşayır.
Müstəqil Azərbaycan Heydər Əliyevin tərcümeyi-halıdır.
O, Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan etdi. Azərbaycanın Ümummilli Lideri tariximizə böyük xilaskar kimi daxil oldu.
Heydər Əliyev  adı görkəmli dövlət xadimi, insanların qəlbində öz yerini tutan Azərbaycanın qurucusu kimi tarixə yazıldı.
Bu gün Azərbaycanda bütün sahələr çox sürətlə inkişaf edir. Bu inkişafın təməlində Heydər Əliyev siyasəti durur.
Heydər Əliyevin mənalı ömür yolunun, nəsillərə nümunə olan fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi, təbliği, araşdırılması və ondan daima bəhrələnmək bu günün və sabahın qarşıya qoyduğu mühüm vəzifələrdən biridir.
Mətanət İMAMQULİYEVA, C.Naxçıvanski adına Hərbi Lisey