Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2018 09:00

Ərazi bütövlüyümüz bərpa olunacaq!

Ulu Öndərin möhtəşəm siyasi kursunu böyük uğurlarla davam etdirən, istər daxili, istərsə də xarici siyasətini azərbaycançılıq ideologiyası əsasında aparan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu böyük inamdır, etibardır, güvəncdir. Bu inam həm ölkənin iqtisadi qüdrətinin daha da sürətləndiriləcəyinə, əhalinin rifah halının daha da yaxşılaşdırılacağına, ədəbiyyatımızın, incəsənətimizin, mədəni irsimizin dünya ədəbiyyatına, incəsənətinə daha sürətlə, daha şəbəkəli inteqrasiya olunacağına, həm də torpaqlarımızın işğaldan azad ediləcəyinə inamdır. 2016-cı ilin aprelində qazanılan qələbəni yüksək dəyərləndirən ölkə Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində bundan sonra da qətiyyətli, prinsipial mövqeyi ilə beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin bu problemin tezliklə Azərbaycanın ərazi bütövlüyü müstəvisində həllinə təsir göstərməsi üçün xarici siyasətini uğurla davam etdirəcəyinə inamdır.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!" kütləvi vətənpərvərlik tədbirində təsdiqlənən mahiyyət indi daha dönməzdir; xalq 2016-cı ilin aprelində ordusuna hansı səviyyədə güvəndiyini, 2018-ci ilin aprelində ölkə rəhbərinə hansı dönməz ehtiramlarla inandığını bir daha təsdiqlədi. O da təsdiqləndi ki, Ali Baş Komandanın hər əmrinə hazır olan Azərbaycan əsgərinin gücü, qüdrəti xalq-ordu birliyinin möhtəşəmliyinə söykənir...
Ümummilli lider Heydər Əliyevin anadan olmasının  95 illiyi hər yerdə, o cümlədən hərbi hissə və birləşmələrdə, əlahiddə orduda böyük ehtiramlarla, böyük coşqu ilə qeyd edildi. Bütün tədbirlər bir mahiyyətin şaxələriydi - unudulmayan, unudulmayacaq dahi tarixi şəxsiyyət əbədiyyən yaşayacaq. Tədbirlər təsdiqlədi ki, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - kəlamı azərbaycançılıq ideologiyasının ilkin tezisidir.
Ulu Öndərin anadan olmasının 95 illiyi ilə əlaqədar keçirilən dövlət tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  çıxış etdi. Bu çıxış böyük tarixi şəxsiyyətin ömür yolunun azərbaycançılıqla nə qədər sıx bağlı olduğunu təsdiqlədi. Ölkə Prezidenti qlobal siyasi proseslər fonunda bu ideologiyanın hansı gərginliklərlə üzləşdiyini, dahi şəxsiyyətin bu gərginlikləri necə aradan qaldırdığını, sevdiyi, ömrünü həsr etdiyi Azərbaycanın dövlətçiliklə bağlı problemlərinin hansı qətiyyətlə həll olunduğunu xatırlatdı. Bu çıxış ümumxalq sevgisinin necə formalaşdığını da ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  istər ölkə daxili, istərsə də beynəlxalq tədbirlərdə çıxışlarında birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini də xatırladır, onun ölkə üçün ən ciddi məsələ olduğunu bildirir, real siyasi nüfuza, hərbi güvəncə əsaslanan ciddi bəyanatlar verir. Bu bəyanatlar həm işğalçı dövlətə, həm onun havadarlarına, həm də beynəlxalq təşkilatlara ünvanlanır. Hansı tribunadan səsləndirilməsindən asılı olmayaraq bəyanatların hər biri Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində dəyişməz (və dəyişməyəcək!) qətiyyətli mövqeyini ifadə edir. Ölkə Prezidenti çıxışlarının birində demişdi: "Biz Azərbaycanda ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəyik" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikrini Ulu Öndərin 95 illiyinə həsr olunmuş dövlət tədbirində də bildirdi: "Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın". Azərbaycançılıqdan rişələnən bu mövqe qətiyyətin, xarici siyasətin dönməzliyinin, kəsilməzliyinin təsdiqidir. Ermənistan bu qətiyyətin nəyə (dövlətin, deməli, ordunun gücü, dövlətin iqtisadi potensialı, ordu ilə xalqın birliyi, dövlətə, dövlətçiliyə sədaqət,...) söykəndiyini, problem sülh yolu ilə həll edilməzsə, nə olacağını (başlanğıcı 1994-cü ilin yanvarında Horadiz əməliyyatı olan 2016-cı ilin aprelində vətənsevərlik döyüşləri) dərk etməlidir. Bu ciddi bəyanat işğalçı dövləti də, havadarlarını da, beynəlxalq təşkilatları da Cənubi Qafqazda sülhün, ədalətin bərqərar olması üçün ciddi düşündürməlidir. Belə bir problemin həllinə ikili münasibət, əslində, mövqesizlikdir; beynəlxalq təşkilatların mövqesizliyinə son qoyulmalıdır...
"Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki, beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq..." - deyən ölkə Prezidenti çıxışında xatırladır ki, bundan sonra da "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır". Ölkə Prezidentinin dediyi kimi, Azərbaycanla "bərabərhüquqlu, gözəl, konstruktiv münasibətləri olan ölkələr", təbii ki, tərəfdaşının prinsipial mövqeyini həssaslıqla dəyərləndirəcək, bunu xarici siyasəti üçün prioritet biləcək. Xatırlayacaq ki, Azərbaycan Prezidentinin Cocuq Mərcanlının yenidən qurulması haqqında imzaladığı sərəncam (sərəncam böyük məsuliyyətlə yerinə yetirildi!) torpaqlarımızın işğaldan azad ediləcəyinə inamın təzahürü olmaqla, dövlətin yaxın gələcəkdə daxili siyasətinin istiqamətini müəyyənləşdirir.
"BMT Təhlüksəzlik Şurasının dörd qətnaməsi icra edilməlidir", - deyən Azərbaycan Respublikasının Prezidenti bildirir: "Bu qətnamələrdə açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır...". Bu qətiyyətli bəyanat belə bir münaqişənin həlli istiqamətində ikili standartlara son qoyulması zərurətini xatırlatma olmaqla, beynəlxalq münasibətlər müstəvisində haqlı tələb kimi səslənir: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir..."...
Ermənistan təmas xəttində atəşkəsi pozanda, təxribatlar törətməyə cəhd göstərəndə yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan Ordusunun hissələri bunun qarşısını qətiyyətlə alır. 2016-cı ilin aprelində irimiqyaslı təxribat törətmək istəyən Ermənistanın xeyli döyüş texnikası məhv edildi, əsgər və zabiti həlak oldu, 2000 hektardan çox ərazi ermənisizləşdirildi, daha çox ərazi Azərbaycan Ordusunun hissələrinin nəzarətinə keçdi, Lələtəpə, Bayraqtəpə kimi mühüm yüksəkliklərdə indi Azərbaycan bayrağı dalğalanır. Ermənistan gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan döyüşlə azad etməyə qadirdir, problem sülh yolu ilə həll edilməzsə, BMT Baş Assamblyasının Qoşulmama Hərəkatının, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər təşkilatların bu münaqişə ilə bağlı bizim mövqeyimizi, ədaləti əks etdirən qərar və qətnamələri yerinə yetirilməzsə, daha ağır itkilərə məruz qalacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aprel döyüşləri dərsliklərə salınmalıdır" fikri aprel zəfərinə verilən hərbi, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "...aprel zəfərimiz orduda yüksək vətənpərvərlik tərbiyəsinin nəticəsidir  və döyüş ruhunun qələbəsidir" fikri ordumuzun həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının səviyyəsinə verilən dəyərdir; belə bir ordu Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa, Böyük Qələbəni təmin etməyə qadirdir.
Ən böyük azərbaycanlı kimi yaşayan (və yaşayacaq!) böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş dövlət tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan dövlətçiliyi tarixin cığırdaşı olacaq, onun ərazi bütövlüyü bərpa ediləcək. Çünki Azərbaycanın düzgün xarici siyasəti var, çünki "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır", çünki “...beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır", çünki Azərbaycanda xalq ordunun, ordu xalqın dayağıdır, çünki Azərbaycanda hər bir vətəndaş Vətən üçün bir əsgərdir, çünki haqq müəyyən səbəblərdən nazilir, ancaq üzülmür, çünki, Ulu Öndərin 95 illiyinə həsr olunmuş dövlət tədbirində ölkə Prezidentinin dediyi kimi, "...bizim hərbi gücümüz gündən-günə artır. İki il əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğaldan azad etmişdir və o torpaqlarda - bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır...". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "...Azərbaycan bayrağı... Şuşada və Xankəndidə dalğalanacaqdır" - inamı xalqın inamıdır. Xalq Prezidentinə inanır, ordusuna güvənir. Azərbaycanın ərazi bütövlüyü yaxın vaxtlarda bərpa olunacaq!..
Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"