Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2018 08:58

Unudulmayan tarix

9 May Qələbə Günü ilə bağlı hərbi orkestrlərin çıxışları artıq ənənəvi hal alıb. 3 ildir ki, şəhərimizin sakinləri Qələbə Gününü, qələbə bayramını musiqi ilə qarşılayırlar. Hərbi orkestrin səsləndirdiyi mahnıları maraqla dinləyən bir neçə şəhər sakini ilə həmsöhbət oluruq.
Günel Məmmədova Bakı Slavyan Liseyində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Qazax rayonunun Aşağı Əskipara kəndindən olan Günel söhbət zamanı bildirdi ki, bu gün torpaqlarımızın 20 faizi erməni işğalındadı. "Belə tədbirlərin keçirilməsinin əhəmiyyəti böyükdür və bizi də düşmən üzərində qələbəyə səsləyir. Babalarımızın qanı bahasına başa gələn 9 May Qələbə Gününü hər il xalqımız böyük qürurla qeyd edir. Bu qələbənin qazanılmasında xalqımızın böyük əməyi var. Mən bu barədə tələbələrimə geniş məlumatlar çatdırıram. Arzulayıram ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin, xalqımız Böyük Qələbə  gününü də belə təntənə ilə qeyd etsin.
Öyrənirəm ki, Günelin ata və ana babası Böyük Vətən müharibəsində iştirak edib. Nənəsinin qardaşları Kerç yarımadası uğrunda gedən döyüşlərdə itkin düşüb. Babası leytenant Məmməd Əhmədov təyyarəçi olub. Neçə-neçə düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Döyüşdə göstərdiyi igidliklərə görə çoxlu orden və medallarla təltif olunub. Görkəmli Xalq yazıçısı İsmayıl Şıxlının "Cəbhə gündəliyi" əsərində Məmməd Əhmədova həsr olunmuş yazı var. Günel babasına həsr etdiyi müharibənin ağrı-acıları əks olunan "Nənəmin sandığı" hekayəsini yazıb.  Həmin hekayə bir neçə il öncə dövri mətbuatda dərc olunub.
Gültəkin Rəhimova ibtidai sinif müəllimi işləyir. Hər il 9 May Qələbə Günündə həyat yoldaşı, uşaqları ilə birlikdə Dənizkənarı bulvara gəzməyə gəldiyini deyən Gültəkin hər iki babasının Böyük Vətən müharibəsində sona qədər döyüşərək Berlinə qədər gedib çıxdıqlarını söyləyir. "Son illərdə 9 may günü rast gəldiyimiz hərbi orkestrlərin çıxışlarına biz də maraqla qulaq asırıq. Çox gözəl ənənə qoyulub. Belə tədbirlər gənclərimizdə hərbi vətənpərvərlik tərbiyəsinə böyük təsir edir, onlarda Vətənə, torpağa bağlılıq hissləri aşılayır. Arzulayıram ki, xalqımız növbəti ildə 9 May günü ilə bərabər Böyük Qələbəmizi bayram etsin."
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"