Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2018 10:18

Bayrağa sədaqət andı

"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Bayrağa sədaqət andı"nın təbliği məqsədilə Quba rayonunda keçirilən tədbirdə Müdafiə və Təhsil nazirliklərinin, Quba rayon İcra Hakimiyyətinin nümayəndələri, Bakı şəhərinin 7, 18, 26 və 60 nömrəli məktəblərinin şəhid övladları, aztəminatlı və istedadlı şagirdləri və müəllimləri iştirak etdilər.
Tədbiri Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova türk şairi Midhat Cemal Kuntayın "Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, Vətəndir" misraları ilə açaraq bildirdi ki, bayraq milli ləyaqət, heysiyyət, dövlətə sədaqət simvoludur. "Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. Gənclərimiz dövlət bayrağına yüksək ehtiram bəsləyirlər. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Dünya dövlətləri arasında ancaq bizdə bayrağa sədaqət andı içilir. Bu and Hərbi andla birləşərək gənclərimizin daxilindəki müqəddəs hissləri daha da gücləndirir. Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Onu daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur".
Zümrüd Səmədova dünyanın inkişaf etmiş orduları ilə eyni sırada yer alan ordumuzun gücündən, qüvvətindən də söz açdı. "Aprel döyüşlərində Lələtəpəyə, Bayraqtəpəyə sancılan üçrəngli bayrağımızı igid, mərd oğullarımız Ali Baş Komandan İlham Əliyevin əmri ilə tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalandıracaqlar", - dedi:  "O gün uzaqda deyil".
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov layihə haqqında geniş məlumat verərək bayrağın insanın, xalqın və millətin həyatında önəmindən, gənc nəslə daim təbliğ olunmasının vacibliyindən danışaraq qeyd etdi ki, "Bayrağa sədaqət andı" layihəsi yeniyetmə və gənclərdə bayrağımıza hörmət və məhəbbət hissi formalaşdırır, vətəndaşlıq duyğusunu, milli qürur hissini gücləndirir. “Gələcəyimiz olan bu günün gəncləri bayrağımızı daim uca tutacaqlar".
Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aydəmir Manafov belə vətənpərvərlik layihələrini təqdirəlayiq hal kimi qiymətləndirərək şagirdlərin  "Bayrağa sədaqət andı"nı milli ruhun yaşarılığı kimi qiymətləndirdi, onun keçdiyi keşməkeşli yollardan danışaraq bildirdi ki, üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. "70 ildən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın dövlət bayrağı olması barədə qərar qəbul edilməsi mühüm tarixi hadisə olmaqla yanaşı, həm də xalqımızın öz keçmişinə, milli-mənəvi dəyərlərinə olan dərin ehtiramının təzahürüdü. Bu gün Ümummilli Liderin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur".
Aydəmir Manafov hər bir Azərbaycan vətəndaşının bayrağa ehtiramını müqəddəs borc adlandırdı. İki oğlunun da aprel döyüşlərinin iştirakçısı olmasıyla qürurlandı. O günlərdə dövlət başçısına rəsmi ərizəylə müraciət edərək oğlanları ilə bir sırada torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək istəyində olduğunu bildirən Aydəmir Manafov Vətən sevgisini dünyada heç bir hisslə müqayisə belə olunmayacağını vurğuladı.
Şagirdlər "Bayrağa sədaqət andı" içərək Azərbaycan Respublikasının bayrağını hər zaman uca tutacaqlarına, yüksəklərdə dalğalanması üçün mübarizə aparacaqlarına söz verdilər.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət bayrağını Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aydəmir Manafova təqdim etdi.
VI sinif şagirdlərindən Leyla Hacıyeva, Fatimə Səfərəliyeva, Emin Babayev bayraq haqqında fikirlərini bölüşdü, şeirlər dedilər. Şagirdlər bayrağın keşiyində dayanmağı hər bir vətəndaşın müqəddəs borcu olduğunu deyərkən, sinif yoldaşları Oruc Qasımlı Vətən sevgisini sazla ifadə etdi. 
X sinif şagirdi Anar Əliyev dayısı aprel şəhidi Urfan Vəlizadənin qəhrəmanlığını özünə nümunə bildiyini, Vətəni onun kimi sevəcəyinə söz verdiyini dedi. 
Xalqımızın tarixi haqqında ətraflı məlumat verən Nihat Rüstəmov rəqs ilə, Əli Rüstəmzadə musiqi ilə məşğul olur. Hər ikisi də gələcəkdə bayrağımızı yüksəklərə qaldırmaq üçün səy göstərəcəklərini bildirdilər.
III sinif şagirdi Uğur Məmmədli "Testene art II Baku" Beynəlxalq İncəsənət müsabiqəsi festivalında rəqs üzrə I yerə layiq görülüb. Uğurun ən böyük arzusu iyunda İtaliyanın Riminist şəhərində keçiriləcək müsabiqədə də yer tutmaq, bayrağımızı qaldırmaqdır.  Təkrarsız səsə malik Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa edən VIII sinif şagirdi Aslan Əliyev tədbir iştirakçılarına ruh yüksəkliyi yaşatdı. XI sinif şagirdi Mədinə Hüseynzadənin çəkdiyi bayraq rəsmləri hər kəsin düşüncəsinə Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamının işığını yansıtdı. 
IX sinif şagirdi Gülnar Qurbanlı dövlətimizin, xalqımızın şəhidlərə verdiyi dəyərdən söz açdı. Dayısı Etibar Əliyevin ərazi bütövlüyümüz uğrunda şəhid olmasıyla fəxr etdiyini bildirdi. 162 nömrəli məktəbin şəhid məzununun adını daşıdığını qeyd etdi.
VII sinif şagirdləri Sənubər Məmmədova və Rəşidə Abbasova Vətən sevgisini ümman, özlərini bu ümmanın daşıyıcıları adlandırdılar.
Sonda tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"