Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2018 10:14

Ali Baş Komandan İlham ƏLİYEV: Bizim hərbi gücümüz gündən-günə artır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi "Azərbaycan Ordusu regionda ən güclü ordular sırasındadır. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər" sözləri bu reallığın, bu qənaətin təsdiqidir.
Azərbaycan əsgərinin 2016-cı ilin aprel qələbəsinə, mənəvi-psixoloji vəziyyətinə, təchizatına, nizam-intizamına, vətənpərvərlik ruhuna, döyüş hazırlığına əsaslanan ölkə başçısı çıxışında Azərbaycan Ordusunun Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğaldan azad edilməsinə, o torpaqlarda Azərbaycan bayrağının dalğalanmasına da toxundu: "Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə... qaldırılacaqdır". Prezident İlham Əliyev Azərbaycan Ordusunun yüksək maddi-texniki bazasına, döyüş hazırlığına, hərbi qulluqçuların peşəkarlığına inamını da bildirdi.
Ölkə Prezidentinin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycan Ordusunun qələbəsini şərtləndirən mühüm amillər var. Bu amillər işğala son qoyacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək.
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Prezident İlham Əliyev bu məsələdə prinsipial mövqeyimizin dəyişməyəcəyini bildirdi. Dövlət başçısı qeyd etdi ki, son 15 il ərzində bir çox beynəlxalq təşkilatlarda - BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda bu münaqişə ilə bağlı bizim mövqeyimizi, ədaləti əks etdirən qərar və qətnamələr qəbul edilmişdir. Ali Baş Komandan onu da vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir.
Bununla bərabər, Prezident İlham Əliyevin "Azərbaycan torpaqları danışıq predmeti ola bilməz. ...Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" mötəbər fikirləri tariximizin bugünkü reallığını əks etdirir.
Artıq dünyada hamı bilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bizim  mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir.  Prezident xatırlatdı ki, bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur: "Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz "referendum"un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar "referendum"un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunar".
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında toxunulan məsələlər deməyə əsas verir ki, Prezident İlham Əliyevin qətiyyətlə apardığı xarici siyasət dövlətimizin milli maraqlarına tam cavab verməklə, respublikamızın beynəlxalq arenada imicinin daha da güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının malik olduğu iqtisadi potensial, həyata keçirilən kompleks islahatlar xalqımızın milli maraq və mənafelərinin daha etibarlı səviyyədə təmin edilməsinə, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun sürətli inkişafı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə ediləcəyinə böyük inam yaradır. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi fikirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının etibarlı təminatı Azərbaycan Ordusuna verilən ən yüksək qiymətdir.

"Azərbaycan Ordusu"