Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 11:24

Belə dövlətin vətəndaşı olmaq qürurvericidir

Oğlum Malik Müzəffərov 1973-cü ildə Neftçala rayonunda anadan olmuşdu. 1 nömrəli orta məktəbdə təhsil almışdı. 1991-ci ildə onu fərəhlə, qürurla ordu sıralarına yola salmışdıq.  1993-cü ilin aprelin 3-də şəhid oldu.
Malik vətənpərvər oğul idi. Orta məktəbdə oxuyarkən müəllimləri ondan həmişə razılıq edərdilər. 20 Yanvar faciəsini unuda bilmirdi. Xalqımızın başına açılan müsibətlər, faciələr onun Vətən sevgisini ümmana döndərmişdi. Oğlum böyüdü. Böyüdükcə də faciələrin mahiyyətini daha əhatəli anladı. Müharibə başladı. Torpaqlarımız işğal olundu. Bütün fikri ön xətdə idi. Torpaqlarımızın müdafiəsinə qalxmış oğulların sırasında olmağa, torpaqlarımızı işğaldan azad etməyə tələsirdi, çox tələsirdi...
Oxuduğu məktəbdə tikinti işləri gedirdi. Boş vaxtlarında, istirahət günlərində fəhlələrə kömək edirdi. Deyirdi ki, "Biz  yeni müstəqillik qazanmış dövlətik, vaxt gələcək savadlı gənclərimiz ölkəmizi dünyada tanıdacaq..."...
Martın 21-də anadan olmuşdu. Hər dəfə zarafatla deyərdi ki, mənim ad günümü bütöv xalq qeyd edir. Balamın ölümünü  xalq acılarla qarşıladı...
Ağdərədə vuruşurdu. Ən böyük arzusu bir qarış torpağımızın belə düşmən tapdağında qalmaması idi... Bir də mənim gözümdə yaş görmək istəməzdi. Hələ kimsənin yanında ağlamağıma razı olmazdı. Hərdən ruhuyla pıçıldaşıram oğlumun: -Oğul, 25 ildir  başımı dik tutmuşam... Göz yaşımı içimə axıtmışam...
İnana bilmirəm yoxluğuna. Onu bilirəm ki, şəhidlər ölmürlər. Mənim oğlum da ölməyib... O mənə də, elimizə də başucalığı gətirdi. Onunla qürur duyuruq - mən də, elimiz də.
Ordumuzun aprel zəfəri bir şəhid anası olaraq mənim də ürəyimə təskinlik oldu. Oğlumun timsalında şəhidlərimizin qisasının alındığını görmək sevindiriciydi. Malikimin "cənnət" adlandırdığı doğma torpaqlarımızın işğaldan azad olunması xəbərini sevinc göz yaşlarıyla qarşıladım. Böyük Qələbənin intizarındayam.
Bu məktubu yazmaqda əsas məqsədim Vətən uğrunda canından keçən övladlarımıza daim ehtiramla yanaşan, şəhidlərin ata-analarını diqqətdə saxlayan, qayğısını göstərən Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirməkdir. Oğlumun yoxluğuna ən böyük təsəllim dövlət qayğısı olub. Dövlət başçımızın sayəsində daim diqqət mərkəzindəyik. Prezidentimizin səlahiyyətlərinin icrasına başlayan kimi şəhid ailələriylə bağlı sərəncam verməsi biz şəhid ailələrini sevindirdi. Şəhidini uca tutan, ailə üzvləri unudulmayan, qayğısına qalınan dövlətin vətəndaşı olmaq qürurvericidir.  

Gülgəz MÜZƏFFƏROVA,
Neftçala rayonu Üzeyir Hacıbəyov küçəsi 4, mənzil 8