Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 10:47

“Şahin” hərbi idman oyunlarının Bakı birinciliyi mübarizə şəraitində keçdi

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi keçirildi.
Polkovnik-leytenant Yaşar Abbasov Hərbi liseyin respublika məktəbliləri arasında keçirilən belə mötəbər yarışlara ev sahibliyi etməkdən qürur duyduğunu bildirdi. "Bu gün "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi keçirilir. Hər il keçirilən bu yarış gənclər üçün sanki bir mübarizlik meydanıdır. Burada siz öz güc və bacarığınızı nümayiş etdirirsiniz. Bakı şəhəri üzrə birinciliyə qədər müxtəlif mərhələlərdə yarışıb gücünüzü sınamısınız. İnanıram ki, bugünkü tədbir də çox maraqlı və şən keçəcək, unudulmaz anlar yaşayacaqsınız. Gənclərin hərbi vətənpərvərlik, Vətənə, xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında, onların ordu sıralarına hazırlanmasında "Şahin" hərbi idman oyunlarının çox böyük tərbiyəvi əhəmiyyəti var. Ona görə də həm Müdafiə, həm Təhsil, həm də Gənclər və İdman Nazirlikləri bu sahəyə böyük diqqət ayırırlar. Ulu öndər Heydər Əliyev çıxışları zamanı gənclər təşkilatları qarşısında çox mühüm vəzifələr qoyaraq demişdir: "Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci orduya hazırlaşdırmaqdan ibarət olmalıdır. Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır. Mən bunu gənclər təşkilatının əsas vəzifəsi hesab edirəm”.
Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raquf Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik Niyaz Məmmədov və başqaları çıxış edərək məktəblilərə uğurlar arzuladılar.
Çıxışlar başa çatandan sonra "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyinə start verildi.
Yarışda, Laçın və Şuşa qaçqın rayonlarının komandaları da daxil olmaqla, 13 komanda iştirak edirdi.
Yarışın qaydalarına əsasən, komanda üzvləri 8 maneə zolağından keçməli idilər. Sıra hazırlığı mərhələsi başa çatdıqdan sonra məktəblilər avtomatın sökülüb-yığılması və tüfəngdən hədəfə atəş açılması məntəqəsinə üz tutdular. Hər addımda onların hazırlığının yüksək olduğu duyulurdu. Görünür ki, onlar yarışa ciddi hazırlaşıblar.
Komanda üzvləri atış çalışmasını yerinə yetirdikdən sonra kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enmə, tel əngəlinin dəf edilməsi, təyin olunmuş vaxt çərçivəsində çadırın qurulması, minalanmış sahəyə qumbara atılması, mülki müdafiə, ilk tibbi yardım və başqa mərhələlərdən keçməyə başladılar. Bu mərhələlərdən keçmək məktəblilərdə orduya, hərbi xidmətə böyük maraq oyadırdı. Ona görə də yarışlarda fəal iştirak edir, komandalarını irəli çıxarmaq üçün mərhələləri uğurla keçməyə can atırdılar.
Nəhayət, həyəcanlı dəqiqələr arxada qaldı. Münsiflər qalibləri elan etdikdə məlum oldu ki, "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyinin qalibi adını daha yaxşı nəticə göstərən Suraxanı rayonunun komandası qazanıb. İkinci yerə Yasamal, üçüncü yerə isə Binəqədi rayonunun məktəbliləri çıxıblar.
"Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyinin qaliblərinin mükafatlandırılması üçün mərasim keçirildi. Yarışın kuboku Suraxanı rayonunun komandasına təqdim olundu. İkinci və üçüncü yerə çıxmış komandaların üzvləri isə fəxri fərmanlarla və xatirə hədiyyələri ilə mükafatlandırıldı. Beləliklə, "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi başa çatdı. Hazırlığı yüksək olan məktəblilər daha güclü olduqlarını sübut edərək qalib gəldilər. Bugünkü yarışın qalibi olan üç komanda "Şahin" hərbi idman oyunlarının respublika birinciliyində iştirak etmək şansı qazandı. Deməli, yarış və mübarizə qarşıdakı günlərdə yenə də gənclik coşqusu ilə davam edəcək.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey