Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 10:46

Şuşa həsrəti

Şuşa - Qarabağın həmayili hər birimiz üçün müqəddəs məkandır. 1992-ci il mayın 8-dən onun həsrətindəyik. Üzücü həsrətdi. Şuşalılar da, Şuşanı görənlər-görməyənlər də bu qala-şəhərə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Şuşanın əsrarəngiz təbiəti ahənrüba kimi hamımızı özünə çəkməkdədi. Qəsbkarların dağıtdığı tarixi abidələrin daşına-divarına toxunacağımız günün həsrətindəyik.
Şuşanın əsası 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Şuşa adının da maraqlı tarixi var. Deyilənə görə, Pənahəli xan Bərdə xanına qonaq gəlir. Bərdə xanı hörmətli qonağın şərəfinə ov təşkil edir. Qarabağ atlarına minərək dağlara, sıx meşələrə ova çıxırlar. Dağlardan bu mənzərəni seyr edən Pənahəli xan heyrətlənir. Buranın sanki şüşədən olduğunu deyir. Hər tərəf ayna kimi görsənir. Burada şəhər salacağını bildirir və belə də edir. Qarabağın dilbər guşəsində Şuşa adlı şəhər salınır.
1992-ci ildən biz şüşə kimi saf təbiətə sahib torpağımızdan didərgin salındıq, ayrı düşdük. 26 ildir ki, Şuşaya həsrətik. 26 ildir ki, düşmənin tapdağı altındadır bu diyar.
Hər ilin 8 may günü Şuşa faciəsinin ildönümünü dərin qəhərlə yad edirik. İstər məktəblərdə, istər xüsusi təyinatlı müəssisələrdə, istərsə də tamaşa və kinoteatrlarda bu işğalla bağlı kompozisiyalar göstərilir.
Baxırıq. Olmuşları yenidən yaşaya-yaşaya olacaqlara - Böyük Qələbəyə tələsirik. Şuşa həsrəti tələsdirir bizi. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə, Şuşa da daxil olmaqla, torpaqlarımızı işğaldan azad edəcək. Ordumuz öz qüdrətini aprel döyüşlərində nümayiş etdirdi. Hər birimiz inanırıq ki, Lələtəpədə dalğalanan bayraq yaxın zamanda Şuşada da dalğalanacaq!..

Hüsniyyə İDRİSOVA, BSU-nun I kurs tələbəsi