Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 10:41

“Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində” adlı tədbir keçirildi

Mayın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş "Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində" adlı tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, Respublika Veteranlar Təşkilatının üzvləri, məktəblilər və ictimaiyyət nümayəndələri, həmçinin Böyük Vətən müharibəsinin veteranları iştirak edirdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbiri açıq elan edərək bildirdi ki, İkinci Dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. "Faşizm üzərində qazanılan tarixi Qələbə asan başa gəlməmiş, hərbi əməliyyatların başlandığı ilk gündən bütün Sovet xalqları ilə birlikdə cəbhəyə yola düşmüş həmvətənlərimizin rəşadəti və hünəri bahasına qazanılmışdır. Müharibədə iştirak edən yüz minlərlə oğul və qızlarımızın təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Onlardan 130-u Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüz mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. Ümummilli Liderin sözləri ilə desək: "Böyük Vətən müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət göstərməyə tam qadirdir".
Muzeyin rəisi onu da diqqətə çatdırdı ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunələri göstəriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov çıxışında Azərbaycan neftinin faşizm üzərində Qələbənin əsas şərtlərindən biri olduğunu vurğuladı: "Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsində almanların işğalçılıq planında mühüm yer tuturdu.  Onların  niyyəti Bakı neftini alman şirkətlərinin sərəncamına vermək idi. Bu səbəbdən Bakı mədənlərini bombalamaq istəmirdilər. Adolf Hitler narahatlıq hissi keçirirdi ki, Sovet ordusu məğlub olduğu təqdirdə neft mədənlərini yandıra bilər. Buna görə də Berlindən faşistlərə gələn əmrlərdə Bakının işğalı zamanı yanğına yol verməmək tapşırılırdı. Hitlerin planına əsasən, Bakı 1941-ci il sentyabrın axırına qədər zəbt olunmalı idi".
Böyük Vətən müharibəsinin veteranları tədbir iştirakçılarına döyüş xatirələrindən danışdı, ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğısından söz açdılar.
Çıxışlardan sonra tədbir iştirakçılarına azərbaycanlıların İkinci Dünya müharibəsində göstərdikləri igidliyə həsr olunmuş qısametrajlı film nümayiş etdirildi.
Tədbir Cəfər Cabbarlı adına 187 saylı tam orta məktəbin şagirdlərinin Vətənə və vətənpərvərliyə həsr olunmuş şeirləri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifası ilə başa çatdı.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"