Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 10:40

“Heydər Əliyev Azərbaycanın milli təhsil sisteminin yaradıcısıdır”

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Azərbaycanın milli təhsil sisteminin yaradıcısıdır" adlı tədbir keçirildi.
Tədbir ulu öndər Heydər Əliyevin  və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
"Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi üçün şəxsi heyətin qarşısında duran əsas vəzifələr" mövzusunda çıxışına başlayan məktəbin rəisi general-mayor Fizuli Salahov tədbiri açıq elan edərək bildirdi ki, möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqına və dövlətinə xidmət etməkdən ibarət olmuşdur. “Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin yaradılmasının banisidir” - deyən məktəbin rəisi əlavə etdi ki, Heydər Əliyevin adını daşıyan bu məktəbdə xidmət etmək, çalışmaq, oxumaq həm şərəfli, həm də çox məsuliyyətlidir. "Biz bunu dərindən dərk edərək Vətən, xalq, dövlət qarşısında vəzifə borcumuzu ləyaqətlə yerinə yetiririk. Təhsildə, təlimdə qazanılan hər bir uğurumuz Ulu Öndərin xatirəsinə bir töhfədir."
"Ümummilli Liderimiz dəfələrlə məktəbimizdə olmuş, şəxsi heyət qarşısında çıxışı  bizlərə həyatda necə yaşamağı, necə vətəndaş olmağı, Vətənə necə xidmət etməyin yollarını göstərmiş, hər birimizi yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərə malik Azərbaycan gənci, zabiti kimi görməyi arzulamışdır", - deyə general-mayor çıxışına davam etdi.
Əbədiyaşar komandanın məktəbin ilk buraxılışına həsr olunmuş mərasimdə dedikləri fikirləri xatırladan general-mayor Fizuli Salahov vurğuladı ki, bu sözlər Vətənə xidmət peşəsini - hərbi peşəni seçənlər üçün əsl həyat kodeksinə çevrilmişdir: "Əgər siz həqiqətən özünüzü hərbi peşəyə həsr etmək və hərbi məktəbə daxil olub ali hərbi təhsil almaq, Azərbaycan Ordusunda xidmət etmək istəyirsinizsə, demək, siz sağlam mənəviyyata malik olmalısınız. Sağlam mənəviyyat isə Azərbaycan dövlətinə, müstəqilliyinə və xalqımızın bu gününə və gələcəyinə sədaqətdən ibarət olmalıdır."
Ümummilli lider Heydər Əliyevin Sovet dövründə milli hərbi təhsil sisteminin inkişafında rolundan danışan məktəb rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Mikayıl Hüseynov bildirdi ki, 1971-ci ilin noyabrında xalqımızın müdrik oğlu Heydər Əliyev tərəfindən əsası qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Lisey onun həyatının ən böyük işi, Azərbaycan hərb tarixində Ulu Öndərin yaratdığı manumental bir abidədir.
Humanitar və Sosial fənlər kafedrasının rəisi polkovnik Rəhim Səmədov müstəqillik dövründə Heydər Əliyevin Azərbaycan ordu quruculuğunun hərbi-elmi əsaslarla inkişafından söhbət açdı. Siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan ilə NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradıldı. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Azərbaycan Ordusunun modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxartdı.
Kursant Cavid Mustafayev: - Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir, - dedi: "Mən və kursant yoldaşlarım fəxr edirik ki, Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil alırıq. O, bizim dahi müasirimizdir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Əgər Ulu Öndər 1993-cü ildə xalqın təkidli çağırışlarını qəbul etməsəydi, indi nə müstəqil dövlətimiz vardı, nə də firavan yaşayışımız. Bu faktın özü hər birimiz üçün qürur və iftixar mənbəyidir. Biz bu günün kursantı, sabahın zabiti olaraq qarşımızda duran vəzifələrin məsuliyyətini anlayırıq. Ona görə də çalışacağıq ki, Azərbaycan Ordusunun daha güclü və qüdrətli olması üçün üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirək."
 Digər çıxış edənlər Azərbaycan dövlətinin günü-gündən inkişaf etməsindən və beynəlxalq aləmdə nüfuzunun daha da artmasından danışdılar. Bildirdilər ki, Heydər Əliyev elə bir zəmin yaradıb ki, xalqımızın azadlığı heç zaman, heç kim tərəfindən alına bilməyən əzəmət qalasına çevrilmişdir. Kursantların ifasında səslənən xalq şairi Zəlimxan Yaqubun "Sən qalib gələcəksən" şeiri zalda əyləşən iştirakçıların çoşub-çağlayan vətənpərvərlik hisslərini daha da alovlandırdı.
Tədbirin sonunda "Heydər Əliyev və ordu quruculuğu" adlı film nümayiş etdirildi.

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"