Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 09:26

“O dağların o tərəfi Şuşadı!”

Hər dəfə ön xətdə yerləşən hərbi hissəyə gedəndə, torpaqlarımıza keşik çəkən məğrur əsgərlərimizi görəndə ürəyim dağa dönür.
Yenə də yolumuz ön xətdə yerləşən "N" hərbi hissəsinədir. Yaşayış məntəqələrini arxada qoyub, hərbi hissəyə çatırıq. Səhrada yaradılan bu hərbi hissə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduya göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Burada şəxsi heyətin nümunəvi xidmət etməsi üçün hər bir incəlik nəzərə alınıb. İlk həmsöhbətimiz şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabit mayor Qalibiyyət Əliyev də hərbi hissədə yaradılan şəraitdən, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığından ağızdolusu danışdı. "Bu gün ordumuzun əksər hərbi hissələrində təmir və yenidənqurma işləri aparılıb. Təbii ki, bu yuxarı komandanlığın, ən əsas da Ali Baş Komandan cənab İlham Əliyevin orduya diqqət və qayğısının sübutudur. Hərbi hissəmizdə şəxsi heyətin xidmətlərinin düzgün təşkil olunması və asudə vaxtlarda istirahət etmələri üçün bütün şərait yaradılıb. Təkcə burada deyil, hərbi hissədən kənarda yerləşən döyüş postlarında da hər cür şərait var. Ona görə də xidmət yüksək səviyyədə təşkil olunur. Döyüşçülərimiz postlarda ayıq-sayıq dayanır, Vətən torpaqlarını göz bəbəyi kimi qoruyurlar."
Zabitlə söhbətləşdikdən sonra döyüş postuna - Vətən keşikçilərinin yanına yola düşürük. Daşlı-çınqıllı dağ yolları ilə hərəkət edirik. Sərt eniş və yoxuşu olan bu yollarda piyada hərəkət etmək belə çətin olduğu halda, sürücümüz avtomobili sərrast idarə edir. Təbii ki, təhlükəli və sərt döngəsi olan dağ yollarında avtomobili belə məharətlə idarə etməsi onun yetərincə təcrübəli olmasının sübutudur.
Nəhayət, düşmənlə üz-üzə dayanan döyüşçülərimizin yanına çatırıq. Bizi zabit İlkin İsgəndərov qarşılayır. Söhbət əsnasında öyrənirik ki, baş leytenant İ.İsgəndərov Şəmkir rayonundandır. Əsgəri xidməti dövründə zabit olmaq arzusu onu bu gün Vətən torpaqlarını qoruyan igidlərin sırasına gətirib çıxarıb. Hər kəlməsindən vətənpərvərliyi hiss olunan zabit Vətən üçün yaşamağın şərəfli olduğunu dedi:
- Uşaqlıqdan hərbçi olmaq istəmişəm. Bu peşəni mükəmməl öyrənib, xalqıma sədaqətlə xidmət etmək əsas arzumdur. Hər zaman ordu sıralarında olmaq, hərbi forma geyinmək, şərəflə xidmət etmək əsas amalım olub. Orduya, hərbi formaya olan maraq, sevgi mənə ailədən aşılanıb. Uşaqlığım Azərbaycanın Milli qəhrəmanlarının döyüşlərdəki şücaətlərini dinləməklə keçib. Əsgərliyə çağırılanda sevincimin həddi-hüdudu yox idi. Axır ki, mən də forma geyinəcəkdim. Xidmətə başlayanda zabitlərimizin bizə dərs zamanı və asudə vaxtlarda danışdığı 20 Yanvar, Xocalı Soyqırımı hadisələri haqqında eşitdikcə, düşmənə nifrətim daha da artdı. Çox keçmədən zabit olmaq istədiyimi komandirlərimə bildirdim. Valideynlərim qəbul etdiyim qərarı eşidəndə sevindilər. Telefonda onların mənə "Sən bu gündən təkcə bizim yox, bütün Azərbaycan xalqının oğlusan" deməsi, mənim zabit olmaq üçün verdiyim qərarın məsuliyyətini ikiqat artırdı. İmtahanlarımı yüksək nəticələrlə başa vurdum və bu gün qürur duyuram ki, Vətən torpaqlarını qoruyan, onun üçün canını belə əsirgəməyən oğullar sırasındayam. Biz istənilən an Ali Baş Komandanımızın döyüş əmrini yerinə yetirməyə hazırıq.
Zabitlə söhbətimiz elə maraqlı alınır ki, səngərə nə vaxt çatmağımdan xəbərim olmur. Səngərin girişində "Hər şey Vətən üçün" kəlmələri diqqətimi çəkir. Elə bu kəlmələrdi Azərbaycan əsgərinə ruh verən, onu yenilməz edən. İgidlərimiz yaxşı bilirlər ki, ömür Vətən üçündür. Onun uğrunda öldürmək də olar, ölmək də.
Səngərə daxil olduqda, manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Adil Ağayev növbəni dəyişirdi. Onunla həmsöhbət olmaq fürsəti tapdım. Adil 2016-2017-ci illərdə bu hərbi hissədə əsgər kimi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmaq qərarına gəlib. Şabran rayonundan olan Adil bu yerlərin hər cığırına yaxşı bələd olduğunu dedi:
- Əraziyə bələd olmağım xidmətimi daha da asanlaşdırır. Manqa komandiri kimi az müddətdir xidmət edirəm. Döyüş postunda dayanmaq məsuliyyətlidir. Əsgərlərimiz də, biz də bunun fərqindəyik. Düşmən atəşkəsi vaxtaşırı pozur. Biz onlara layiqli cavab verərək susdururuq. Onlara gücümüzü 2016-cı ilin aprelində göstərdik. Mən o vaxt əsgər idim. Aprel döyüşləri Azərbaycan Ordusunun istər zabitinin, istərsə də əsgərinin mübarizliyini, igidliyini düşmənə deyil, bütün dünyaya göstərdi. Bu da ordumuzun döyüş hazırlığının, döyüş ruhunun yüksək səviyyədə olduğunun əyani sübutudur. Biz hər zaman Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad edib, Lələtəpədə, Bayraqtəpədə dalğalanan üçrəngli bayrağımızı digər ata-baba torpaqlarımızda da dalğalandırmağa hazırıq.  
Daha sonra digər əsgərlərlə həmsöhbət oluram. İlk ünsiyyətimizdən onların yüksək mənəvi-psixoloji hazırlığını hiss edirəm.
Söhbət əsnasında Cəlilabad rayonundan xidmətə çağırılan əsgər Tosif Ağayev bildirir ki, xidmət zamanı üzləşdiyi çətinliklər artıq geridə qalıb: "Komandirlərimiz hər birimizə diqqət və qayğı ilə yanaşırlar. Dağ şəraitində xidmət etmək çətin görünə bilər. Lakin burada Vətənimizin müdafiəsində dayanmağımız üçün hər cür şərait yaradılıb. Mən və digər əsgər yoldaşlarım hər an Ali Baş Komandanın əmri ilə döyüşməyə hazırıq."
Yevlax rayonunda doğulub boya-başa çatan əsgər Vüqar Qəmbərov deyir:
- Hər gün barıt qoxulu səngərdə döyüş növbəsinə çıxanda Mübarizi, Fəridi, Çingizi xatırlayıram. Onların simasında bütün şəhidlərimizin qisasının alınacağı günü səbirsizliklə gözləyirəm. Əlbəttə, o günə çox az qalıb. İnşallah, qısa vaxtda döyüş əmri verilər və biz də torpaqlarımızı azad edib, ailəmizin yanına qələbə sevinci ilə qayıdarıq.
Döyüş növbətçiliyi aparan digər əsgərlər Ülvi Həsənov və Ramin Ramizli də ön xətdə xidmət etmənin qürurundan danışdılar. Hər zaman və hər şəraitdə torpaqlarımızın azadlığı naminə döyüşlərə atılmağa hazır olduqlarını vurğuladılar.
Əsgərlərin söz ilə dediklərini zabit İlkin İsgəndərov şeirlə tamamladı:

Ruhumun yazılı bu yaz gecəsi,
Əsgərin torpağa təmas gecəsi,
Yoluma ələnər "Misri","Cəngi" də,
Başlasın indidən qisas gecəsi.
    
Bəli, düşmən hər an hazır olsun igid Azərbaycan əsgərinin alacağı qisas qarşısında. Ali Baş Komandanımızın əmri ilə döyüşlər Böyük Qələbəylə tamamlanacaq! “O dağların o tərəfi Şuşadı!” - deyənlər tamamlayacaq!..

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR