Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:46

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mini-futbol turnirinə start verildi

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2018-ci il üçün təsdiq etdiyi plana əsasən, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda bir sıra kütləvi idman tədbirləri keçirilməsi nəzərdə tutulub. Plana uyğun olaraq aprelin 30-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş  mini-futbol turnirinə start verildi.
Tədbirdə Hərbi Akademiyanın rəhbərliyi və müəllim heyəti, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı, bir sıra fəxri qonaqlar, eyni zamanda Hərbi Akademiyanın və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları iştirak edirdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Açılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev nitq söyləyərək gələn qonaqları və yarış iştirakçılarını salamladı. Mini-futbol turnirində iştirak edən heyətə uğurlar arzulayan natiq, həmçinin ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan da bəhs etdi. "Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət olan Heydər Əliyev ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasında əlindən gələni əsirgəməmişdir. Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə - 1969-1982-ci illərdə bir çox idman kompleksləri, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Ulu Öndər tərəfindən göstərilən qayğı ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etmişdir. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırıblar. Təbii ki, bu uğurların qazanılmasında ordu sıralarında xidmət edən bir çox hərbçilərin də payı var. Bu gün Mərkəzi Ordu İdman Klubu Azərbaycan Silahlı Qüvvələrini beynəlxalq və respublika səviyyəli yarışlarda peşəkar səviyyədə təmsil edir."
General-leytenant Heydər Piriyev keçirilən mini-futbol turnirinin məqsədini də vurğulayaraq, komandaların hər birindən yüksək nəticə gözlədiyini bildirdi. "Bildiyimiz kimi, bu il Ulu Öndərin anadan olmasının 95-ci ildönümüdür. Bununla əlaqədar respublikamızda bir sıra kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb. Həmin tədbirlər çərçivəsində Azərbaycan Ordusunda da müxtəlif yarışların keçirilməsi nəzərdə tutulub. Həmin yarışlardan biri də hazırda açılış mərasiminə yığışdığımız mini-futbol turniridir. Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının hərtərəfli diqqət və qayğısı nəticəsində idmanımız yüksək zirvələri fəth edəcək, idmançılarımız ən parlaq qələbələrini ümummilli liderimiz, xalqımızın dahi və sevimli oğlu Heydər Əliyevin əziz xatirəsinə ithaf edəcəklər."
Çıxış edən digər qonaqlar da xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə idmanı, onun inkişafını, maddi-texniki bazanın yaradılmasını, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsini, fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsini daim nəzarətdə saxladığını vurğuladılar.
Yarışın ilk iki günündə təhsil ocağının kursantlarından formalaşdırılan komandalar arasında oyunlar baş tutdu.
Xatırladaq ki, mini-futbol turnirində Hərbi Akademiyanın birinci və ikinci kurslarında təhsil alan, dörd yığma komandadan ibarət heyət iştirak edəcək. Yarışlar mayın 10-na kimi davam edəcək. Yarışın sonunda qaliblərə kubok və fəxri fərmanlar təqdim olunacaq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR