Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:44

Cəbhə bölgəsində bayram tədbirləri

Hər bir millətin tarixi onun vətənpərvər övladları tərəfindən yazılır. Vətənimiz qədim dövrlərdən bəri çoxlu sayda igid oğullar yetişdirib və bu proses günü-gündən artan xətlə gedir. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında həmyerlilərimizin müstəsna rolu olub. Qəhrəman həmyerlilərimiz cinsindən, dilindən, dinindən asılı olmayaraq yumruq kimi birləşib və düşmənə qarşı vuruşub. Azərbaycanın 600 mindən çox oğul və qızları müxtəlif cəbhələrdə düşmənə qarşı sipər olub. Ölkəmiz gedən döyüşlərdə SSRİ-yə istər canlı qüvvə, istərsə də təchizat və maddi təminat sarıdan dəstək olub.
Müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyev hər zaman çıxışlarında müharibə veteranlarını yüksək qiymətləndirib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə ön xətdə yerləşən hərbi hissələrdə kütləvi tədbirlər keçirildi. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşviqat qruplarının iştirakı ilə keçirilən tədbirlər ön xətdə xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, Vətənin tarixi şəxsiyyətləri, vətənpərvər oğulları haqqında informasiya bazasının möhkəmlənməsində mühüm rol oynayan təbliğat xarakterli tədbirlər silsiləsindəndir.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi tərəfindən cəbhə xəttində yerləşən "N" hərbi hissəsində təşkil olunmuş tədbir ordumuzda xidmət edən hərbi qulluqçular tərəfindən böyük maraqla qarşılandı. Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Əməkdar İncəsənət xadimi zabit Zöhrab İmamquliyev keçirilən tədbirlərin ordumuzun möhkəmlənməsində, savadlı, geniş dünyagörüşünə malik gənc kadrların yetişməsində müstəsna rolundan bəhs etdi. "Torpağımız qədim dövrlərdən bu günlərədək çoxlu sayda qəhrəman oğullar yetişdirib. Onların hər biri sizin üçün - bizim gənc nəslimiz üçün böyük örnəkdir. Hər bir fərd Vətəninin mərd oğullarını tanımalıdır. Millətinin tarixini, milli-mədəni irsini bilməyən fərd əsl vətəndaş ola bilməz. Təbiidir ki, babaları Heydər, Cavanşir, Babək, Şah İsmayıl olan gənc nəslin bu gün əsas vəzifəsi ölkəsinin uğurları üçün çalışmaq, onun ərazi bütövlüyünü qorumaqdır. Hər birimizin borcu Vətənimiz Azərbaycanı istər ölkə miqyasında, istərsə də dünya arenasında layiqincə təmsil etmək, onun uğurunda canımızdan keçməyə hazır olmaqdır".
Polkovnik-leytenant Zöhrab İmamquliyev hərb sahəsində qazanılan uğurların memarının məhz Ulu Öndər olduğunu vurğuladı: "Əbədiyaşar Komandan ordu quruculuğunda və onun möhkəmlənməsində çox işlər görüb. Məhz Heydər Əliyev tərəfindən əsası qoyulan və onun layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyevin gördüyü işlərin nəticəsidir ki, ölkəmiz  hal-hazırda dünyanın rəqabətədavamlı orduları sırasındadır. Ordumuzda peşəkar zabitlərin sayı günü-gündən artmaqdadır. Peşəkar hərbi qulluqçu qarşısıalınmaz ordu deməkdir. Peşəkar ordumuzun ciddi hazırlığının nəticəsi idi ki, 2016-cı il aprel döyüşləri zamanı ordumuz əlində olan imkanların çox az bir hissəsindən istifadə edərək, qısa müddət ərzində işğal altında olan torpaqlarımızın bir hissəsini düşmən tapdağından azad etdi."
Hərbi hissənin nümayəndəsi zabit Səyavuş Dünyamalıyev  isə tədbirlərin keçirilməsinin əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəlməsində, dünyagörüşünün artmasında mühüm rol oynadığını bildirdi. "Ön xətdə xidmət edən əsgər üçün bu tədbir çox mühüm əhəmiyyətə malikdir. Əsgərlərimiz yaxşı döyüşçü kimi düşmənin cavabını layiqincə verməkdədir. Bu günün əsgəri sabahın idmançısı, həkimi və alimidir. Bu gün Vətəni onlar müdafiə edirlər. Sabah onlar ölkəni beynəlxalq arenada təmsil etməyə namizəddirlər. Bunun üçün də hər bir hərbi qulluqçu ölkəsinin tarixi barədə informasiyaya malik olmalıdır.”
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin iştirakı ilə vətənpərvərlik mövzusunda mahnılar oxundu. Tədbir geniş, rəngarəng vətənpərvərlik ruhunda konsert proqramı ilə davam etdi.
                             
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"