Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:42

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar  keçirilib. BHİK-nin hissələr üzrə sədrlərinin iştirakı ilə keçirilən seminarda işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələləri müzakirə edilib.
Seminarı giriş sözü ilə açan Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova bildirib ki, Ümümdünya Əməyin Mühafizəsi Gününün qeyd edilməsi 1989-cu ilə təsadüf edir. "Həmin tarixdən etibarən Amerika və Kanada zəhmətkeşləri istehsalatda ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olan işçiləri anmağa başlayıblar. Bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən qeyd olunmağa başlanılıb. "28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü" hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olmaqla yanaşı, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları da qəbul edib". Sədr həmçinin, bildirib ki, Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir: "Əmək Məcəlləsinin 207-ci və 215-ci maddələrinə əsasən, əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələblərinə işəgötürən və işçilər tərəfindən əməl edilməsi məcburidir. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisə istehsal etdiyi məhsuldan, gördüyü işdən, göstərdiyi xidmətdən asılı olmayaraq, işçilərinə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşəgötürən, həmçinin, işçilərin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir".
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov öz növbəsində "Əməyin mühafizəsi: xüsusən həssas təbəqə - gənc  işçilər" mövzusunda çıxış edib. "Bütün dünya üçün aktual olan gənc işçilərin əməyinin mühafizəsinin yaxşılaşdırılması, uşaq əməyinə son qoyulması üçün bu il Ümumdünya Əməyin Mühafizəsi Gününün və 12 iyun Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününün himayəsi altında "Yeni nəslin təhlükəsizliyi və sağlamlığı" şüarı ilə "Əməyin mühafizəsi: xüsusən həssas təbəqə - gənc işçilər" mövzusunda birgə kampaniya keçirilir", -  deyə N.Muradov nitqinə başlayıb. Bu kampaniyanın məqsədi gənclərin təhsil prosesindən əmək prosesinə, uşaqlıq dövründən yetkinlik dövrünə təhlükəsiz və sağlamlığına zərər vurmadan keçməsini təmin etməkdir. Natiq onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işləyən vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğı göstərir".
Dövlətimiz tərəfindən təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bununla yanaşı, iqtisadi uğurlarını daim artırmağa çalışan işəgötürənlər də, ilk növbədə, öz işçiləri üçün layiqli iş yeri yaratmalı, insana və qanuna hörmətini, həm də ümumbəşəri dəyərlərə sədaqətini ifadə etməlidirlər.
Sonda seminar iştirakçılarının sualları cavablandırlıb və xatirə şəkli çəkilib.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"