Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:41

“Biz də özümüzü sırada hiss edirik”

İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralar hələ də sağalmayıb, yaddaşlardan silinməyib. İllər keçsə də, bu ölüm-dirim müharibəsi unudulmayacaq. Keçmiş SSRİ-nin elə bir ucqar məkanı yoxdur ki, bu vahiməli və dəhşətli müharibə həmin yerlərə aclıq, səfalət, müsibət, ölüm və göz yaşları gətirməsin. Bir sözlə, İkinci Dünya müharibəsi tarixdə xüsusi iz qoymuşdur.
Azərbaycan Respublikası Veteranlar Təşkilatında Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə İkinci Dünya müharibəsi veteranları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Mərasimdə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, o cümlədən İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri açıq elan edən Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirdi ki, o dövrdə Vətən anlayışı milliyyətindən, dilindən, dinindən, yaşayış yerindən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi. "İkinci Dünya müharibəsi başlayanda SSRİ-də yaşayan bütün millətlərin nümayəndələri Vətəni qorumaq üçün müdafiəyə qalxdılar. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ilə hər kəs səfərbərliyə çağırıldı. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, müttəfiq respublikalardan təkcə Azərbaycandan ön cəbhəyə 600.000 insan səfərbər olunmuşdu. Onlardan 300.000 nəfəri döyüşlərdə qəhrəmancasına həlak olmuş, 300.000 nəfəri geri qayıtmışdır. Böyük Vətən müharibəsinin xalqımıza vurduğu yaraların acısı hələ də getməyib, hələ də sağalmayıb, fəlakətləri hələ də unudulmayıb. Xalqımız bu müharibədə ön cəbhədəki igidlikləri və hünəri ilə yanaşı, arxa cəbhədə də əzmlə, fədakarlıqla çalışmışlar...
Alman faşızmi üzərində qələbədən 73 il ötür. Lakin zaman müharibə dövrünün qanlı-qadalı illərindən uzaqlaşdıqca, o günlərin qəhrəmanlıq və rəşadət salnaməsi bir daha öz möhtəşəmliyi və əzəməti ilə xatirələrdə canlanır".
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov alman faşizmi üzərində qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik etdi. Natiq İkinci Dünya müharibəsi illərində Azərbaycan övladlarının istər ön xətdə, istərsə də arxa cəbhədə göstərdiyi fədakarlıqlardan söz açaraq bildirdi ki, müstəqilliyimizin bərpasından sonra Böyük Vətən müharibəsi veteranlarının şərəfli adının qayıtması, onlara diqqət məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. Ulu Öndər deyirdi: "Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur".
General-leytenant Arzu Rəhimov Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həmin ənənələri davam etdirməsindən, veteranların daim diqqət mərkəzində olmasından da söz açdı.  Xidmət rəisi veteranlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzuladı.
Müharibə veteranı Fatma Səttarova veteranlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirdi.
Veteranlar bildirdilər ki, biz də özümüzü sırada hiss edirik.
Sonda veteranlara hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.

Günay TAĞIYEVA,    "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR