Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:32

Ruhumuzun işığıdı bu inamın işığı

Dağların qarı əriyir, yollar-yamaclar yaşıllaşır, dağ çaylarının suyu bollaşır, təkəmseyrək otlar cücərsə də, ötənilki izlər bilinir. O izlər yüksəkliklərə, yüksəkliklərə söykənən hündür təpəliklərə yol  göstəricisidi. Yaxın günlərdə o izlər də cığıra dönəcək. O izlər bizi səngərlərə - Lələtəpədə döyüş növbətçiliyi aparanlara çatdıracaq. Hərdən mənə elə gəlir ki, məhrəmlərinin nəfəsini duyan izlər, cığırlar itib batmır. Onu unutmayanların, ona dönənlərin sədaqətində yaşayır. İzlər cığır, cığırlar yol olunca "Bizi yaşadın ki, sizi yaşadaq" - harayı kəsilməz...
Yaşıl örpəkli yamacları görüncə Cıdır düzünü, Qırxqız yaylağını, Ərimgəldi qayasının, Kirsin, Ərgünəşin ətəklərini xatırlayıram: oralar necə yaşıllaşıb görəsən? O yaşıllığın ərişi-arğacı sarımtıldı yəqin..." - ürəyimdən gizilti keçir. Döyüş növbətçiliyi aparanlara deyəcəyik ki, siz varsınız deyə dağların əlləri daş altda qalmayacaq, siz varsınız deyə Lələtəpə belə vüqarlıdı, Lələtəpənin dağ vüqarlı qardaşısınız deyə  belə hünərvərsiniz, vətənpərvərsiniz. Bir də  deyəcəyik ki, qışda cığıra-izə qar qalansa da, könülləri könüllərə qovuşduran yollar heç zaman ot göyərtməyib, göyərtməyəcək. Sizi  həmişə anmışıq, indi əhatənizdəyik, salam verib əleyk aldığımız igidlər...
Düşüncələrim əsgərlərimizi görüncə daha da dönməzləşir. Bu duyğuları müharibədə, atəşkəsdən sonra ön xətdə çox yaşamışam. Həmin anlar xalq şairi Zəlimxan Yaqub demişkən, ömrümə yazılan dəqiqələr olub. Ömür bildiyim həmin anlar mənə Yusif Mirzəyevi tanıdıb, Vəzir Orucovu, Vəzir Sədiyevi, Rasim İbrahimovu, Şirin Mirzəyevi,... tanıdıb...
Bu kövrək xatırlamanın cazibəsindəykən Lələtəpəyə - ruhumuzun vüqar, əzəmət ünvanına çatırıq. Bayaqdan bəri düşüncələrimin nizamını pozmaq istəməyən kapitan   Nahid Rzayev əsgərləri görüncə insafsız sükutu çilikləyir.
- Təbiətin insanların xarakterinə təsiri həmişə olub. Belə mövqelərdə -  yüksəkliklərdə...
- ... Yüksəklik həm də ucalıqdı...
- Bəli, ucalıqlarda xidmət edən əsgərlərimizin dözümlü, qətiyyətli, vüqarlı olması təkcə təbiətin təsiriylə bağlı deyil. Vətənpərvərlik amili var, dünya görüşü var, hərbi anda sədaqət var...
- Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz xalqımızı yaxın vaxtlarda ata yurdu həsrətindən, torpaq həsrətindən xilas edəcək. Cocuq Mərcanlılar kimi onlar da kəndlərinin doğmalığına sığınacaqlar, - manqa komandiri Şöhrət Hümbətov belə deyir...
Nahidin də, Şöhrətin də dedikləri kəlmələrdə gördüyüm inamı döyüş növbətçiliyindən qayıdan əsgərin baxışlarında da görürəm. Əsgər İbrahim Hüseynova həm Vətəndən Vətənə baxmağın ağrılarını, həm də kapitan Nahid Rzayevin, manqa komandiri Şöhrət Hümbətovun dediklərini xatırladıram. Bir anlığa tutulur. Baxışlarının qaynarlığı tündləşməkdədi. Nələrisə xatırlayır. Səbrlə baxıram. Bu baxış təkcə maraq deyil, həm də istəkdi. İllərin sıxılcımından xilas olacağımız anların uzaqda olmadığını əsgərdən eşitmək murazıdı.
- Biz əsgərik. Əmrləri yerinə yetiririk. Ali Baş Komandanımız əmr etsə, sözünüzün qüvvəti, Vətəndən Vətənə baxmayacağıq, dövlət sərhədlərimizin o tərəfinə baxacağıq. Bizdən sonra hərbi xidmətə gələnlər dövlət sərhədlərimizi qoruyacaq...
Əsgərin səsi, səsin qətiyyəti, o qətiyyətin dönməzliyi hamımızı bir boy da dikəldir. Səngərlərin o üzünə baxırıq. Tərpəniş hiss edilmir. Kapitan Samir Qubadov "Düşmən atəşkəsi pozanda, təxribat törətmək istəyəndə, ağır itkilərə məruz qalır. Düşmənin təmas xəttindəki bölmələrinin zabitləri zabitlərimizdən, əsgərləri əsgərlərimizdən, ordusu ordumuzdan çəkinir. 2016-cı ilin aprel döyüşləri də təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir", - deyir. Qürurla deyir, inamla deyir. "Ermənistan da, Ermənistanın havadarları da yaxşı bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır" - kəlamı reallıqdır deyirəm. Kapitan: - Əlbəttə, - deyir və əsgərlərə, əsgərlərin ürəyinin gözləriylə səngərlərin o üzünə baxır. - Aprel zəfəri Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini, xalqın orduya inamını, güvəncini, qələbə naminə ordu ilə xalqın birliyini təsdiqlədi.
Özünə də, bizə də könül xoşluğu olan kəlmələri həm də hərbçilərimizin dünyagörüşünün genişliyi bilirəm.
Baxışlarımı əsgərlərdən üzmədən türk şairi Nazim Hikmətin bu anlarda düşüncələrimin göyqurşağı bildiyim misralarını deyirəm:

Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
Necə çıxar
Qaranlıqlar aydınlığa?!

Fikrimi "İşğal qaranlığın əlamətidi. Azərbaycan əsgəri qaranlıqları Vətənə sevgiləriylə əridəcək" - kəlmələriylə tamamlayıram.
Araya çəkingən sükut  çökür. Misralar dodaq-dodaq gəzişir. Kapitan Samir Qubadov əsgərləri adından deyir:
- Biz  qaranlıqları aydınlıqlara çıxardacağıq!
Söz sözü çəkir. Xidmətini bu hərbi hissədə davam etdirən gənc əsgərlərin döyüş növbətçiliyinə necə başlamasından, əsgər dostluğundan, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində gerçəkləşdirilən tədbirlərdən danışırıq. Səmimi söhbətləşmədi. Əsgərlərin əhatəsində bu kəlmələşmədə zərrəcə rəsmiyyət yoxdu.
- Zabit inandırmağa çalışmamalıdı, inandırmağı bacarmalıdı, - deyirəm.
- Gənc əsgərlərlə iş hərbi nizamnamələrin tələblərinə müvafiq aparılır.  Bu, həm də pedaqoji proses xarakterindədi. Əsgərlər hərbi hissəmizə müəyyən ilkin hazırlıqla gəlir. Biz  bu hazırlığı genişləndirir, zənginləşdiririk. Əsgər relyeflə də ətraflı tanış olur. Bunlar vahid bir sistemdir və bu sistemə zabitlərin də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi  qulluqçularının da, əsgərlərin də ciddi riayət etməsi döyüş növbətçiliyinin etibarlığını təmin edir. Çağırışçı hərbi xidmətə başlayanda nəyi qoruyacağını bilir. Necə qorumalı olduğunu hərbi hissədə öyrənir, - kapitan Nahid Rzayev mətləbini belə tamamlayır.
- Əsgər dostluğu haqqında hər eşitdiyim mənə könül xoşluğu verir. Eşitdiklərimi ordumuzun gücünün qaynaqlarından hesab edirəm, - deyirəm.
- Əsgər əsgərin təkcə xidmət yoldaşı deyil, həm də dostudu. Hər birinin mənəvi-psixoloji hazırlığı bu dostluğa söykənir. Azərbaycan əsgərinin dostluğu insani münasibətə, bəşəri münasibətə söykənən dostluqdu, - kapitanın dediklərini sevgilərlə dinləyən əsgər Ruslan Səfərlinin əlini sıxıram:
- Hamınızın belə əsgər olduğuna zərrəcə şübhəm yoxdu... Baxışlarınızda gördüyüm, hiss etdiyim bir mətləbi bu gəlişin, bu görüşün qürurverici mənəvi rahatlığı bilirəm: siz Azərbaycan əsgərisiniz!..
Əsgərin yerə-göyə sığmayan qətiyyəti dağlarda əks-səda verir. Bayaqdan bəri vurnuxan qaraca buludlar səngərin o üzünə sürüşür, həzin-həzin əsən meh çılğınlaşır, düyünlənən yumruqlar göy üzünə dikəlir. Bu anlarda kapitan Samir Qubadovun dediklərini - "Biz qaranlıqları aydınlığa cıxardacağıq" - Azərbaycan əsgərinin döyüş ruhunun, qələbə ruhunun, "Ruhani"si  bilirəm. "Ruhani"nin davamı "Misri" olacaq, "Misri"nin davamı "Cəngi" ...
Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə kəlmələşdiyim əsgərlərdən bu hərbi hissənin əsgərlərindən eşitdiklərimin eynini eşitmişdim. Duyduğum inamı Azərbaycan əsgərinin hər birinin inamı bilirəm: torpaqlarımız işğaldan azad ediləcək! Ucalıqda duyulan, yaşanılan, yaşadılan bu inam dönməz inamdı. Bir az əvvəl zabitlərin də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının da dediklərini xatırlayıram: "Əsgər üçün yüksək şərait var. Rahatlıq, istirahət, ərzaq. Dövlətin bu diqqət və qayğısı əsgərin dövlətə, dövlətçiliyə sədaqətinin təminatçısıdır. Belə şəraitdən hamımız qürurlanırıq. Mənəvi-psixoloji hazırlıq istiqamətində görülən tədbirləri asudə vaxtlarda zabitlərin söhbətləri tamamlayır. Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın döyüş əmrini qələbəylə başa çatdırmağa qadirdir. Bu inam xalqın inamıdı. Bu ucalıqda səslənən inam dövlətçilik tariximizə, hərbi anda sədaqətin inamıdı.
Dəfələrlə eşitdiyim bir qətiyyəti aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmər hərbi qulluqçusu Fərman Hacıyevdən də eşidirəm:
- Əsgərlərimiz qalib əsgər kimi tərxis olunmaq istəyir.
Bu kəlmələrin Lələtəpədə - ruhumuzun vüqar, əzəmət, qürur dağında əsgərlərin hamısının deyildiyinə necə inanmayasan?  Ruhumuzun işığıdı bu inamın işığı!...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar Namiq PƏNAHOVUNDUR