Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2018 10:30

“Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil”

Hər bir vətəndaş xalqının tarixini nəinki bilməlidir, həm də bu tarixi sevməli, onunla qürurlanmalıdır. Bu mövzuda millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ilə söhbətləşdik.
Millət vəkili Aydın Mirzəzadə söhbətinin əvvəlində bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı sərəncam imzaladı və 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. "Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi hər bir azərbaycanlı üçün çox unudulmaz bir tarixdir. 100 il bundan əvvəl o dövrün işıqlı insanları, xalqını çarizmin zülmündən, əsarətindən xilasına çalışan görkəmli ziyalıları, ictimai-siyasi xadimləri mövcud tarixi şəraitdən istifadə edərək müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdilər. Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində dövlət quruculuğu sahəsində əldə edilən nailiyyətlər çox oldu. Şərqdə ilk demokratik dövlət quruldu, parlamentli respublika yaradıldı, ordu formalaşdı, islahatlar aparıldı. Dövlətin beynəlxalq birlikdə tanınması üçün ciddi addımlar atıldı, Paris Konfransında Azərbaycanın Dövlət müstəqilliyi tanındı. Təəssüflər olsun ki, hələ zaman Azərbaycanın müstəqilliyinə hazır deyildi."
Torpaqlarımızın bolşevik Rusiyası tərəfindən ilhaq olunduğunu və Azərbaycanın müstəqilliyinə son qoyulduğunu vurğulayan millət vəkili onu da bildirdi ki, zaman keçsə də, xalqın müstəqillik tarixində bu yaddaş silinmədi.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı böyük dövlət tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Ordusunun yaranmasının da 100 illik yubileyi qeyd olunacaq. Azərbaycan Dövlət bayrağının qəbul edilməsindən bir əsr keçir. Biz hər zaman şanlı dövlətçilik tariximizlə fəxr etmişik.”
Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra 27 il ərzində dövlət quruculuğunda böyük nailiyyətlər qazanıldığını deyən millət vəkili  bu nailiyyətlərin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğuladı: "Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan dövlət siyasəti Azərbaycana uğur, yüksək nüfuz gətirməklə yanaşı, xalqımıza həmişə müstəqilliyini qoruyub saxlamaq əzmi verir."
Millət vəkili Azərbaycanın şanlı dövlətçilik tarixinə nəzər salaraq bildirdi ki, XIX əsrin əvvəllərində xanlıqlar arasında birliyin olmaması, vahid ittifaqa gəlinməməsi, eyni zamanda Azərbaycana maraq göstərən qonşu imperiyaların güclü olması bir-birinin ardınca xanlıqların müstəqilliyinin itirilməsinə səbəb oldu. "Bununla belə, Azərbaycan xalqı tarixən güclü dövlətlərə sahib olmuş bir xalq kimi nə zamansa öz müstəqilliyini yenidən bərpa edəcəyinə tam inanırdı."
Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin üzləşdiyi dövlət quruculuğu problemlərindən, xaricdən dəstəklənən Ermənistanın Azərbaycan torpaqlarına iddia etməsindən, erməni-daşnak birləşmələrinin Azərbaycan torpaqlarını tutmaq cəhdlərindən danışan Aydın Mirzəzadə o zaman ölkəyə qarşı xarici təcavüzün uzunillik tarixi prosesin nəticəsi olduğunu dedi: "Vaxtilə məqsədli şəkildə İrandan və Türkiyədən Azərbaycana köçürülən ermənilər sonradan çar Rusiyasının cənub sərhədlərində həm dövlətin maraqlarını qorumağa çalışırdılar, həm də yerli Azərbaycan xalqının torpağını, mədəniyyətini əlindən almağa və bu torpağı özününküləşdirməyə cəhd edirdilər. Atalar yaxşı deyib: yalan ayaq tutar, ancaq yeriməz. 1918-1920-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan ərazisinə hərbi təcavüzü Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə vurulan ən ağır zərbə oldu. Eyni zamanda ermənilərin Azərbaycan ərazisində türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirməsi, tarixi Azərbaycan torpaqlarından azərbaycanlıların qovulması, bu qəbildən olan məsələlərdəndir."
Millət vəkili bildirdi ki, 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı həm ölkədə, həm də regionda ermənilərin təcavüzkar niyyətlərinin həyata keçirilməsi üçün çox böyük imkanlar yaratdı. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, şovinist ermənilərin öz təsir mərkəzlərini qurub, elan etmədən müharibəyə başlamasından və nəticədə torpaqlarımızın 20 faizinin işğalından söz açan Aydın Mirzəzadə onu da qeyd etdi ki, atılan bu addımlar dövlətin zəifləməsinə, ümumiyyətlə, Ermənistan adlı bir dövlətin tarixin səhifələrindən silinməsinə gətirib çıxaracaq. “Əlbəttə, söhbət Azərbaycanla Ermənistan arasında mübarizədən getsəydi, heç bir zaman Azərbaycan bu torpaqların bir qarışını belə itirməzdi. Ancaq ermənilərin həmin dövrdə SSRİ rəhbərliyində təmsil olunması, SSRİ dağılan ərəfədə onun resurslarından yararlanması, xaricdən dəstək alması mövcud situasiyaya gətirib çıxartdı. İki ölkə arasında hərbi əməliyyatların dayanması barədə 12 may 1994-cü il tarixində Bişkekdə protokol (atəşkəs haqqında) imzalanıb. Bu müddətdə Ermənistan heç bir inkişafa nail ola bilməyib. Torpaqlarının bir hissəsi işğalda olan Azərbaycan isə bu gün güclü iqtisadiyyata malik dövlət qurub. Bu gün Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvlərindən biridir. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır."
Azərbaycanda ordu-xalq, ordu-cəmiyyət birliyi mövzusunda  söhbətini davam etdirən millət vəkili cəmiyyətimizdə orduyla, hərbçilərlə sıx bağlılığın mövcudluğunu vurğuladı, eyni zamanda, Azərbaycan Ordusunun gücündən danışdı. “Bu gün biz ordu dedikdə cəmiyyətin böyük sevgiylə və fəxarətlə yanaşdığı, dəstək verdiyi güclü, qüdrətli bir qüvvə nəzərdə tuturuq. Hərbi xidmətdə olmaq hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcudur. Bu gün ordumuzun daha da güclənməsi üçün dövlət tərəfindən, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük işlər görülür. Ordumuzun maddi-texniki təminatı yüksəlir, müasir silahlarla təchiz edilir. Heç də təsadüfi deyildir ki, Azərbaycan Ordusu Ermənistan cəmiyyəti üçün həmişə narahatlıq mənbəyidir. Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlər Ermənistanı qorxuya salır. Azərbaycan Ordusu heç vaxt hansısa bir dövlətin ərazi bütövlüyünü pozmaq, ərazisini işğal etmək üçün hansısa bir dövlətə təzyiq etmir. Lakin bununla belə torpaqlarımızın bir hissəsi işğal altındadır. İnanırıq ki, Azərbaycan Ordusu daim güclənəcək, daim cəmiyyətin diqqət və qayğısını hiss edəcək, onun qarşısına qoyulan tapşırığın öhdəsindən layiqincə gələcək. Bu məhəbbət həmişə mövcud olacaqdır. Cəmiyyətdə Azərbaycan əsgərinə, Azərbaycan zabitinə böyük diqqət və sayğı göstərilir. Kütləvi informasiya vasitələrində Azərbaycan Ordusuna həsr olunmuş yazılar dərc olunur, verilişlər hazırlanır. "Açıq qapı" günlərinin keçirilməsi Azərbaycan cəmiyyətində ordumuzla bağlı tam obyektiv məlumatlar alınmasına imkan yaradır. Bu gün gənclərimizin Ali Hərbi Məktəblərə böyük həvəs göstərmələri, zabitlərimizin orduda böyük qürurla xidmət etmələri onu göstərir ki, ordu ilə xalqın birliyi möhkəmdir."
Millət vəkili Aydın Mirzəzadə söhbətinin sonunda Azərbaycan Ordusunun şəxsi heyətinə cansaglığı, xidmətlərində uğurlar arzuladı. "Biz Vətənimizin keşiyində dayanan hərbçilərimizlə qürur duyuruq. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək."
Söhbəti apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"