Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2018 10:22

“İşğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəyim günə az qalıb”

Azərbaycan Ordusu üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilən peşəkar zabitlərdən formalaşıb. Onlar hərb sənətinə sevgisi, vətənpərvərliyi, dövlətimizə bağlılığı ilə tabeliyindəki əsgərlərə həm şəxsi nümunə olur, həm də bilik və bacarıqlarını öyrədirlər. Belə zabitlərdən biri də leytenant Elnur Orucovdur.
Kapitan Cəsarət Abdullayev  taqım komandiri leytenant Elnur Orucovun bilikli, məsuliyyətli və vəzifələrinin öhdəsindən layiqincə gələn zabit olduğunu bildirdi. Gənc leytenantla günün nizam qaydasına uyğun olaraq keçirilən dərs prosesindən sonra görüşdük.
Gənc zabit Balakən rayonundandır. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub, 2016-cı ildə leytenant rütbəsi alaraq taqım komandiri kimi "N" hərbi hissəsində xidmətə başlayıb.
- Necə oldu ki, hərbçi peşəsini seçdiniz? - deyə soruşdum.
- Qardaşım da hərbçidir. Hər dəfə onu hərbi mundirdə  görəndə fikirləşirdim ki, görəsən, mən də zabit ola bilərəmmi? Daim xəyallar qururdum, özümü hərbi formada təsəvvür edirdim. Nəhayət, bir gün qəti qərara gəldim və bu fikrimi anama bildirdim. O, qərarıma çox sevindi. Onsuz da anam ikimizi də hərbçi görmək arzusundaydı. O, bizə deyərdi ki, yaxşı vətəndaş, yaxşı insan, yaxşı zabit olmağın bir yolu var, o yol da Vətənə sevgidən keçir. Ancaq ən böyük istəyi bizi Vətənə bağlı olan, ürəyi Vətən sevgisi ilə döyünən vətəndaş kimi görmək olub.
İndi özümü xoşbəxt hiss edirəm və hər dəfə anamla danışanda ona minnətdarlığımı bildirirəm. Vətənimizin qorunmasında bir övlad, bir vətəndaş, bir hərbçi kimi iştirakımla qürur duyuram.
Zamanında hərbi bilikləri mənimsəyib, döyüş təcrübəsi qazanmaq üçün yorulmadan çalışması bu gün onun əsl komandirə xas xüsusiyyətləri özündə cəmləşdirməsinə səbəb olub. 2 ilə yaxındır xidmət edən gənc zabit, öz bilik və bacarığına görə istər bölmə komandirinin, istərsə də hərbi hissə komandanlığının rəğbətini qazanıb.
Leytenant Elnur Orucov onu da bildirdi ki, zabit tabeçiliyində olan şəxsi heyətə son dərəcə tələbkar və qayğıkeş olmalı, əsgərlərin hərbi təlim-tərbiyəsi ilə yanaşı, problemlərini də öyrənməyi, onlarla komandir-əsgər dostluğu münasibəti qurmağı bacarmalıdır. "Çalışıram ki, tabeliyimdə olan hər bir əsgər ürəyindəkiləri məndən gizli saxlamasın. Ona görə də asudə vaxtımı onlarla keçirir, mütəmadi olaraq söhbət edirəm. Belə münasibət şəxsi heyətdə inam və etibar hisslərini gücləndirir. Belə olan halda onların döyüş hazırlığı ilə yanaşı, döyüş ruhu da yüksək səviyyədə olur."
Zabitlə söhbətim xoş təəssüratlarla keçdi. Belə zabitlərimizi gördükcə fərəhlənirik. Biz də onlara "Vətən sizin kimi zabitlərlə fəxr edir" deyirik, seçdiyi çətin, məsuliyyətli və şərəfli hərbçi həyatında uğurlar arzulayırıq. Leytenant Elnur Orucov “İşğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəyim günə az qalıb” - deyir...
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"