Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2018 10:18

Hərbi qulluqçular Heydər Əliyev muzeyində olublar

"N" hərbi hissəsində də gənc əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə yaddaqalan mədəni-kütləvi tədbirlər, müxtəlif görüşlər təşkil olunur. Əsgər klubunda qədim tariximizdən bəhs edən filmlər nümayiş etdirilir. Mayor Fəxrəddin Əhmədov bildirdi ki, əsas məqsəd gənc əsgərlərə yüksək vətənpərvərlik hissləri aşılamaq, Vətənə, xalqa bağlılıq hisslərini artırmaqdır. Müdafiə nazirinin təsdiq etdiyi planlara əsasən, bu istiqamətdə səmərəli fəaliyyət göstərilir.
Mərkəzləşdirilmiş Kitabxananın kollektivinin və hərbi hissə komandanlığının birgə təşkilatçılığı ilə hərbi hissənin gənc əsgərləri üçün qədim şəhərin tarixi yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunmuşdur. Hərbi qulluqçular tarix-diyarşürasılıq, miniatür kitab, Qala qapıları muzeylərində, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyində olublar. Gənc əsgərlər Cavad Xan türbəsiylə də sayğılarla tanış olublar.
Onlara dünya şöhrətli mütəfəkkir, böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsində həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verilib.
Mərkəzləşdirilmiş Kitabxananın əməkdaşları Vüsalə Hüseynova, Səidə Müseyibova, Elnarə Hüseynova muzeylər, tarixi yerlər haqqında əsgərlərə dolğun məlumatlar çatdırıblar.
Gəncə şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park-kompleksdə mərkəzin əməkdaşları hərbi qulluqçulara Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildiriblər ki, bu gün bütün dünya tərəfindən tanınan, dayanıqlı inkişaf edən, yeni-yeni uğurlar qazanan Azərbaycan dövlətinin inkişafı böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Regionun inkişaf edən, qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusunun yaradılması da Ulu Öndərin Vətənimiz və xalqımız qarşısında ən böyük, əvəzsiz xidmətlərindəndir. Ulu Öndərin mənalı həyatı, zəngin ömür yolu bugünkü və gələcək nəsillərə əsl örnəkdir.
Hərbi qulluqçular mərkəzdən zəngin təəssüratlarla ayrılıblar.

Mübariz MUSAYEV,  "Azərbaycan Ordusu"