Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş kursantlararası 64 xanalı dama yarışı keçirildi.
Yarışda Rezidentura və Tibb Heyətinin Təkmilləşdirmə kursunun, Hərbi həkim ixtisası hazırlığı və Feldşer hazırlığı kursunun şəxsi heyəti iştirak edirdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
İdman tədbirini Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi hadisə olmasından, müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmasından danışaraq bildirdi ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdir. "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanır. 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimizin XX əsrin sonunda yenidən bərpası xalqımızda milli-azadlıq ruhunun yaşadığını təsdiqlədi".
Tibb xidməti polkovniki yeni müstəqillik qazanan dövlətimizin açıq-aşkar parçalanmaq, məhv olmaq təhlükəsi qarşısında qalmasından danışaraq bildirdi ki, xalqın təkidi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər aradan qaldırıldı. "Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan görkəmli şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini xalqımızın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ümummilli lider Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Qüdrətli şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məntiqli siyasət ölkəmizi bütün sahələrdə tərəqqiyə aparır. Bu gün ordumuz regionun ən güclü ordusudur. Aprel döyüşlərində əldə etdiyimiz qələbə də bunun göstəricisidir. Yaxın gələcəkdə şanlı ordumuz üçrəngli bayrağımızı Şuşada, Kəlbəcərdə, Xankəndidə və işğal altında olan əzəli torpaqlarımızda dalğalandıracaq".
Fakültə rəisi yarışın iştirakçılarına uğurlar arzuladı və "layiq olan qazansın" söylədi.
Ulu Öndərə həsr olunmuş videoçarx tədbir iştirakçıları tərəfindən diqqətlə izlənildi.
Yarışa hakimlik edən mayor Sahib Məmmədov Fakültə rəisinin əmrini və yarışın qaydalarını iştirakçıların nəzərinə çatdırdı.
Zabit və kursantların qatıldığı yarış başlandı.
Yarışlarda I yerə VI kursun 2-ci komandası, II yerə V kursun 1-ci komandası, III yerə VI kursun 1-ci komandası, IV yerə Feldşer hazırlığının II kursu layiq görüldü.
Yarışın sonunda qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"