Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:21

“Vətən naminə şəhid olanlar dünyada əbədi bir nəğmə kimi qalır”

Azərbaycanlı olmağımla mən də fəxr edirəm. Mən də qürurlanıram ki, belə bir dövlətin vətəndaşıyam.
Atam hərbçi olub. Onun təəssüratlarını bacım da, mən də maraqla dinləmişik, dinləyirik. Atamın döyüşlərdə gördükləri, müşahidə etdikləri bizim dərslərdə öyrəndiklərimizi, müəllimlərimizdən eşitdiklərimizi tamamlayırdı. Vətənimizə, deməli, ordumuza sevgimiz daha da artırdı. Atam döyüşlərdə tanıdığı əsgərlərimizdən danışanda elə bilirdik ki, söhbət qardaşlarımız haqqındadı. O, Yusif  Mirzəyevi, Vəzir Orucovu, Şirin Mirzəyevi, Şikar Şikarovu,... unutmur. Onların xatirəsini biz də əziz tuturuq.
Mən Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun qızıyla körpəliyimdən tanışam. Bir məhəllədə yaşayırdıq. Hərbçi görəndə ayaq saxlayardı. Hamımızdan gizlətsə də, qəhərləndiyini hiss edirdik. Bir dəfə mayor rütbəli bir hərbçi bizim yanımızda ayaq saxladı. Baxışları Elzadan üzülmürdü. Yaxınlaşdı. "Kimin qızısan qızım?" - soruşdu. Elza bir anlığa duruxdu. Sonra "Şikar Şikarovun..." - dedi. Mayor onu bağrına basdı. "Sən çox dəyərli bir kişinin qızısan. Sən mənim komandirimin qızısan. Sən qürurla deyə bilərsən ki, mən Vətənin ən dəyərli vətəndaşlarından birinin qızıyam...". Onda uşaq olsaq da əmin olduq ki, şəhidlər unudulmur. İndiyəcən o mayorun gözlərindən süzülən göz yaşlarını unuda bilmirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında fərmanını o ailələr də, o ailələri tanıyanlar-tanımayanlar da böyük ehtiramla, böyük minnətdarlıqla qarşıladılar. Hamı bir daha inandı ki, ömür payını Vətən üçün yaşayanlar heç zaman unudulmur.
Xalq şairi Səməd Vurğun demişkən, Vətəni sevənlər, Vətən naminə şəhid olanlar dünyada əbədi bir nəğmə kimi qalır. Onların ömrü əbədiyyətə qovuşur...

Gülsurə HÜSEYNOVA, Bakı şəhəri

"Xəzər" universitetinin tələbəsiydim. Hər il 20 Yanvar faciəsində həlak olanları ziyarətə gedirdik. Kövrəlirdik, qəhərlənirdik, hərdən göz yaşlarımızı saxlaya bilmirdik. Bir dəfə bir ağbirçək kövrəkliklə soruşdu ki, şəhidlər nəyimizdi. Bir-birimizə baxdıq. Nənə bildiyimiz ağbirçəyin sualını cavabsız qoya bilməzdik. "Hamısı əmimizdi, dayımızdı..." - dedik. Ağbirçəyin göz yaşları yanaqlarında közə döndü: "Oğlum şəhid olub. O da sizin əminizdi, a bala. Onlara belə dəyər verməyiniz, onları unutmamağınız, dərdimi yüngülləşdirir...
O vaxtdan illər keçib. Şəhidliyə, şəhidlərə ehtiramımız zərrəcə azalmayıb, azalmayacaq.
Hamımızın ümumi qəhərimiz birdi, hamımızın istəyi, arzusu birdi - torpaqlarımız işğaldan azad edilsin. Azərbaycan  əsgəri xalqımızın bu istəyini yaxın vaxtlarda gerçəkləşdirəcək. Onda Şəhidlər xiyabanına gedəcəyik, - şəhid analarının, nənələrinin əzizi kimi. Onda ağbirçəklərin qəhərini bir sevincin əvəzlədiyini görəcəyik; anaların şəhidlərimizə xitabən dediklərini aydınlığıyla eşidəcəyik: ruhunuz şad olsun, ay oğul. Qanınız yerdə qalmadı...".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında fərmanı şəhid olan və itkin düşən hərbi qulluqçuların analarına böyük maddi və mənəvi dəstəkdir. Analar bir daha inanır ki, dövlət onların oğullarını da, özlərini də unutmur, unutmayacaq.

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri