Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:20

“Azərbaycanın gələcəyi gənclərin əlindədir”

Hər bir ölkədə gənclər mühüm rola malik potensial qüvvə hesab olunur. Gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və hərbi həyatında göstərdikləri güclü aktiv fəaliyyətləri ilə zəngin bazadırlar. Bu gün Azərbaycan gəncliyi də cəmiyyətdə tutduğu fəal mövqeyi və çevikliyi ilə seçilir. Azərbaycanımızın gələcəyi olan gənclər inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Ümummilli liderimiz Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərirdi və deyirdi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik." Bəli, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub.
Bu gün qürurla  demək olar ki, gənclərimiz elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Gənclərimiz milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrimizin dünyada tanıdılmasında səy və bacarıqlarını təsdiqləyir, qəhrəmanlığın, vətənpərvərliyin təbliğ olunmasında böyük işlər aparır və cəmiyyətin inkişafı istiqamətində ciddi addımlar atırlar. Azərbaycan əsgəri yayın qızmarında, qışın sazağında səngərlərdə Vətənin müdafiəsində dayanıb, Vətəninin ərazi bütövlüyünü qoruyur, düşmən işğalında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi əmrə hazırdır.
Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyində  ordumuzun aprel döyüşlərinin  ildönümünə həsr olunmuş tədbirin keçirilməsində də əsas məqsəd gənc nəslin vətənpərvər ruhda yetişməsi, şanlı dövlətçilik və hərb tariximizin daha dərindən öyrənilməsi, Vətən, torpaq uğrunda şəhid olan qəhrəmanların tanıdılması idi. Tədbir muzeyin xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin və Yeni Azərbaycan Partiyasının "Azərbaycan tarixçiləri" ilk ərazi təşkilatının birgə təşkilatçılığı ilə reallaşdı. Əksəriyyəti gənclərdən ibarət olan tədbirdə Dövlət Rəssamlıq Akademiyasının tələbələri, orta məktəb şagirdləri, Qarabağ müharibəsi veteranları, ictimai və dövlət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Muzeyin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimov çıxış edərək dövlətin gənclər siyasətindən, bu istiqamətdə qəbul edilən  qərarlarından, proqramlarından, iki il öncə Azərbaycan Ordusunun aprel qələbəsindən  bəhs etdi.
Gənc alim vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin formalaşmasını dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. "Ulu Öndərin potensial güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Gənclərimizə böyük ümidlər bəsləyən Ümummilli Liderimiz həmişə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün əsas amal ölkəmizin formalaşan gənclər ordusunu gələcəyə aparmaqdır. Şübhəsiz, bu belə də olacaq. Çünki Azərbaycan gəncliyi dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sabah yeni uğurlar qazanmağa daha yaxındır."
Aprel döyüşlərində xalqla ordunun birliyindən, xüsusilə həmin ərəfədə gənclərin daha çox fəallıq göstərməsindən, onların yüksək döyüş əhval-ruhiyyəsindən söz açan B.Kərimov  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən işğalında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirdi.
Qarabağ qazisi, ehtiyatda olan baş leytenant İslam Əzimov bildirdi ki, orta məktəblərdə keçirilən "Cəsurlar" və "Şahin" hərbi idman oyunlarında gənclərimizin  fəallığı, yarışın şərtlərini yüksək göstəricilərlə həyata keçirmələri, dərslərdə və məşğələlərdə hərbi qaydaları öyrənməyə böyük həvəs göstərmələri biz müəllimlərdə qürur hissi yaradır. “Bu gün fəxrlə deyə bilərəm ki, məktəbimizdə ali hərbi məktəbə daxil olmaq və hərb peşəsinə yiyələnmək arzusunda olan şagirdlərimiz çoxdur.”
2016-cı il aprel döyüşlərinin ildönümünə həsr olunan "Tariximizin şanlı qələbə döyüşü" adlı tədbir gənclərin hazırladığı ədəbi-bədii proqramla başa çatdı.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"