Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:19

“Xalqımızı Qarabağımıza qovuşduracağıq”

Yurdunu, elini, obasını qoruyan oğullarımızın hesabına Vətənimiz hər zaman var olub, qorunub. Bu gün isə torpaqlarımızın 20 faizinin işğalda olması bizi narahat etməyə bilməz. Vətəni qorumağı amalına çevirən oğullarımız - Azərbaycan Ordusunun şərəfli zabit və əsgərləri var.
Belə zabitlərimizdən biri də leytenant Fuad Səfizadədi. Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olan zabit erkən çağlarından həm çətin, həm də şərəfli bir yol seçib. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan F.Səfizadə bu gün bütün varlığı ilə Vətənə xidmət edənlərin sırasındadı.
Zabitin sözlərinə görə, ön xətdə, zirvədə xidmət etmək həyatının, fəaliyyətinin ən yüksək zirvəsidir: "Mənə elə gəlir ki, Tanrı əlimdən tutub arzularıma doğru aparıb. Hərbçi olmaq, ön xətdə qulluq etmək ən böyük arzum olub. Mən hərbə ruhumla bağlıyam, ön xətdə xidmət edən gənclərə də rəğbətim böyükdür. Bir atalar sözü yadıma düşür: “Ağac yaşkən əyilir”. Bu sözlər dərin mənaya malikdir.Yəni, əsgərlərimizi ilk gündən necə öyrədiriksə, müəyyən bir zaman kəsiyindən sonra bütün öyrətdiklərimizin onların formalaşmasında önəmli təsiri olur".
Həmsöhbətim inanır ki, bütün dediklərinin reallaşması üçün ilk növbədə komandir kollektivdə lider olmağı bacarmalı, əsgərlərinə bərabər şəkildə qayğı göstərməlidi. Əsgərə qayğı göstərsən, onun təlim-tərbiyəsi ilə düzgün məşğul olsan, o yaxşı əsgər olacaq. “Hesab edirəm ki, bu gün tabeçiliyimdə olan əsgərin əldə etdiyi uğur mənim, Azərbaycan Ordusunun bütövlükdə uğurudu. Bu uğurun nəticəsidir ki, Azərbaycan Ordusu aprel zəfərini qazandı. Bu gün də Azərbaycan Ordusunun şəxsi heyəti istənilən şəraitdə, istənilən relyefdə düşmənlə mübarizə aparmaq gücündədi”.
Zabit söhbət zamanı onu da bildirdi ki, hər bir əsgər ilk növbədə valideynlərinə, cəmiyyətimizə, Vətənə, torpağa layiqli övlad olmalı, hərbi nizamnamələrə riayət etməlidir.
Həmsöhbətim onu qeyd etdi ki, Ali Baş Komandanımızın digər sahələrə olduğu kimi, ordu quruculuğuna da diqqət və qayğısı böyükdür: "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu yaxınlarda hərbi hissəmizə, ön xətdə olan bölmələrimizə səfəri bizə yüksək əhval-ruhiyyə bəxş etdi. Bütün bunlardan sonra bizim üzərimizə bir məsuliyyət düşür - xalqımızı Qarabağımızla qovuşdurmaq". İnanırıq ki, Azərbaycan zabiti, Azərbaycan əsgəri üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR