Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:17

“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri”

Müdafiə Nazirliyinin rəhbərliyi dövlətin müharibə şəraitində olmasını nəzərə alaraq ordunun gücünün, kadrların hərbi peşəkarlığının artırılmasını və hərbi qüdrətinin yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Beynəlxalq hərbi təşkilatlarla sıx və səmərəli əməkdaşlıq da tələb edir ki, ordu quruculuğu prosesi sürətli və günün tələbinə uyğun aparılsın
Ordu quruculuğunun əsas yükü peşəkar, müasir dünyagörüşlü və savadlı zabit heyətinin üzərinə düşür. Bu gün şəxsi heyətimizin döyüş və mənəvi-psixoloji ruhunun artırılması da bilavasitə zabitlərdən asılıdır. Ona görə də hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi, eləcə də hərbi intizamın daha da möhkəmləndirilməsi və qabaqcıl təcrübənin təbliği məqsədilə hər il qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində "Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri" müsabiqəsi təşkil olunur.
Azərbaycan Ordusunun 2018-ci il üçün hazırlıq planına əsasən, bu il də qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, bölmələr arasında yarışma ruhunun və sağlam rəqabətin gücləndirilməsi, hərbi qulluqçuların asudə vaxtının səmərəli keçirilməsinin təşkili məqsədilə "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında "Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri" müsabiqəsi keçirildi. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə və qüvvədə olan təlimatlara uyğun olaraq keçirilən müsabiqəyə bu günlərdə yekun vuruldu.
Müsabiqənin yekununda Azərbaycan Ordusu üzrə birinci yerə  kapitan Ravil Əzim oğlu Qəniyev, ikinci yerə leytenant Səxavət Yaqub oğlu Abbasov, üçüncü yerə baş leytenant Fəzail Əlimurad oğlu Əliyev layiq görüldülər.
Yarışdan sonra qaliblərlə görüşüb söhbət etmək imkanı qazanırıq. Birinci yerin sahibi kapitan Ravil Qəniyev bildirdi ki, ictimai-siyasi hazırlıq ümumi hərbi hazırlığın spesifik bir sahəsidir: "İctimai-siyasi hazırlığı yüksək səviyyədə təşkil edə bilmək üçün zabit dövlətimizin siyasi kursunu aşılamağı, ölkə rəhbərliyinin fəaliyyətini əsgərlərə düzgün təbliğ etməyi bacarmalıdır. Vətənə sevgi, düşmənə nifrət hissini formalaşdırmaq üçün vətənpərvərlik şüurunu oyatmaq tələb olunur. Bunun üçün tarixi və siyasi mövzularda mütəmadi olaraq söhbətlər təşkil edilməlidir".
"Əldə etdiyimiz nailiyyət gərgin zəhmətin hesabına başa gəlir", - deyə leytenant  Səxavət Abbasov söhbətə qoşuldu. - Zəhmət çəkməklə yanaşı, şəxsi heyəti düzgün istiqamətləndirməyi də bacarmalısan. Ona görə də bizim fəaliyyətimizin ana xəttində vətənpərvərlik təbliğatı dayanır. Əsgərlərimizə hər addımda vətənpərvərlik və döyüş ruhu aşılayırıq. İgidlik göstərən, Vətən üçün şirin canından keçən qəhrəmanlarımızın da təbliğ olunması əsgərlərin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynayır. Vətəni sevən hər bir əsgər müstəqilliyin nə olduğunu dərk etməli, onu qorumağı bacarmalıdır. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində kök salmalıdır".
"Bu gün hər bir əsgər yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz qüvvə, sözün əsl mənasında, xalqın gücüdür, xalqımızın minlərlə mərd və qəhrəman oğullarını sıralarında birləşdirən yumruqdur. Həyatda hər şeydən əziz olan ana Vətənlə bağlı istənilən tapşırıq əsgərlərimiz üçün ən şərəfli və ülvi vəzifədir", - deyə baş leytenant  Fəzail Əliyev bildirdi.
Hər üç hərbi qulluqçu onu da qeyd etdilər ki, zəhmət hesabına qazanılan bu uğur son uğurları olmayacaq. Bu uğuru növbəti uğurlar əvəzləyəcək. Nəticədə Azərbaycan Ordusu döyüş meydanını qələbə ilə tərk edəcək. Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüş meydanında qazanılacaq uğura çox az qalıb.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"