Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:16

“Əsgərlərimizin döyüş hazırlığı yüksəkdir”

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində düşmən, həmişə olduğu kimi, atəşkəs rejimini pozdu. Bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan Ordusu doğma torpaqlarını müdafiə etmək məqsədilə uğurlu əks-hücum əməliyyatı həyata keçirdi və düşmənə sarsıdıcı zərbələr endirdi. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad olundu. Bu bir daha göstərdi ki, Azərbaycan Ordusunun qarşısında heç bir güc dayana bilməz.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Azərbaycan qüdrətli ordusunun hesabına itirilmiş torpaqları ilə yanaşı, tarixi torpaqlarını da geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz ordusunun əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq.
Silah-sursat və texnikalarımızdan savayı, şəxsi heyətimizin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu olduqca yüksək səviyyədədir. Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində əsgərlərimizlə keçirilən döyüş hazırlığı məşğələsinin şahidi oldum. Baş leytenant Mirizzət Cavadov şəxsi heyətə "Manqa hücumda" məşğələsi üzrə nəzəri bilikləri çatdırırdı: "Hücum, taktiki fəaliyyətin əsas növlərindən biri olaraq düşməni darmadağın etmək, təyin olunmuş obyekti ələ keçirmək və sonrakı fəaliyyətlərin aparılması üçün şərait yaratmaq məqsədi ilə aparılır. Manqanın hücumunu həyata keçirərkən şəxsi heyət zəncirvari açılışı, uzanaraq irəliləməni, sıçramalarla irəli atılmanı, qrup şəklində manevrlərlə düşmən üzərinə getməni və digər praktiki hərəkətləri kompleks şəklində həyata keçirməyi bacarmalıdır. Bu hərəkətlər sinxron olaraq bir-birini tamamlamalıdır.
Şəxsi heyət baş leytenant M.Cavadovun "Döyüşə" komandasını yüksək səslə "Oldu" cavablandıraraq irəli atıldı. Sanki qarşılarında bir düşmən dayanırmış kimi çox ehtiyatla hərəkət edirdilər. Mənzərəni seyr etdikcə özümü lap döyüş meydanındaymış kimi hiss etdim. Bir daha əmin oldum ki, məşğələlərdə, təlimlərdə, döyüş meydanlarında təcrübə qazanan Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Günün nizam qaydasına uyğun olaraq, başa çatan dərs prosesindən sonra ilk həmsöhbətim məşğələ rəhbəri baş leytenant Mirizzət Cavadov oldu.
Söhbət əsnasında aprel döyüşlərinin iştirakçısı olan zabit həmin günləri xatırlayaraq bildirdi ki, döyüşlər zamanı nəinki düşmən hücumunun qarşısını aldıq, eyni zamanda əks-hücum əməliyyatı həyata keçirərək torpaqlarımızın bir qisminin ermənilərdən azad olunmasına nail olduq. "Talış yüksəkliyi ətrafındakı torpaqlarımızı, mühüm əhəmiyyətə malik "Lələtəpə" yüksəkliyini düşməndən təmizlədik. Bu əməliyyat nəticəsində ətraf rayonlarımızın da təhlükəsizliyini təmin etdik. Düşmən anladı ki, Azərbaycan Ordusu 90-cı illərin ordusu deyil. Başa düşdülər ki, ordumuz düşmən hücumlarının qarşısını almağa da, əks-hücum əməliyyatı həyata keçirib Ermənistan ordusunu məğlub etməyə də hazırdı. Biz irəlilədikcə onlar geri çəkilirdilər. Qaçmaqdan başqa çarələri qalmamışdı. Aprel zəfərindən sonra hiyləgər düşmənlərimiz özlərinə gələ bilmirdilər. Hər an qorxu içində idilər ki, yenilməz Azərbaycan Ordusu doğma torpaqlarını geri qaytarmaq iqtidarındadı. İnanırıq ki, tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə Azərbaycan Ordusu yenidən torpaqlarımıza sahib olacaq və düşməndən qisasını alacaq".
"Əsgərlərimizin həm mənəvi-psixoloji, həm fiziki, həm də döyüş hazırlığı səviyyəsinin yüksək olması üçün əlimizdən gələni edirik", - deyə zabit Mirizzət Cavadov sözünə davam etdi. Aprel döyüşləri zamanı əsgərimizin gözlərində qorxu hiss olunmurdu. Döyüş meydanında qəhrəmanlıq, şücaət göstərirdilər. Ermənilər gördülər ki, illərdir doğma torpaqlarının həsrətini çəkən Azərbaycan əsgəri gəlir, çarəsiz qalıb qaçdılar. Döyüşlər zamanı bütün dünya şahid oldu ki, Azərbaycan əsgəri doğma torpaqlarına qeri qaytarmaq üçün qarşısına çıxan hər bir maneəni məhv etməyə hazırdır. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan əsgərinin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı yüksək səviyyədədi. Şəxsi heyətin də düşüncələrini öyrənmək istədim.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cəsarət Haqverdiyev bildirdi ki, "Azərbaycan Ordusu aprel döyüşlərindəki kimi gələcək döyüşlərdə də erməniləri məhv edəcək və onları bizim əzəli torpaqlarımızdan qovub çıxaracaqdır. "Bunu yalnız ermənilər yox, bütün dünya bilməlidir. Anlamalıdılar ki, Azərbaycan Ordusu tez bir zamanda ərazi bütövlüyünü təmin edəcəkdir. Yenidən düşmənlərimiz tərəfindən xarabalığa çevrilmiş yurdlarımız abadlaşacaq, yenidən toy-bayram səsləri eşidiləcəkdir".
- Hərbi xidmətə Bakı şəhərindən çağırılmışam, - deyə əsgər Həzrət Rəhimov söhbətimizə qoşuldu. - Xidmətə başlamazdan əvvəl çox həyəcanlı idim. Düşünürdüm ki, hərbi vərdişlərə yiyələnə biləcəyəm, ya yox. Artıq peşəkar komandirlərimizin kömək və dəstəyi ilə hərbi sirlərə dərindən yiyələnmişəm. Bizlərə göstərilən diqqət və qayğının qarşısında xidmətimizi düzgün təşkil etməliyik. Döyüş, fiziki, mənəvi-psixoloji hazırlıqlarımızı yüksəltmək məqsədimiz, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etmək isə amalımızdır.
Əslən Kürdəmir rayonundan olan əsgər Novruz Səfərli hərbi hissədə yaradılan şəraitdən söz açır. "Məişət şəraitimiz, sosial təminatımız olduqca yüksəkdir. Heç nədən korluq çəkmirik. Hərbi hissənin ərazisində quraşdırılan taksafon vasitəsi ilə doğmalarımızla əlaqə saxlaya bilirik. Hər gün televiziya proqramlarını seyr edirik. Gümrah qalmaq üçün burada idman şəhərciyi də salınıb. Dadlı və keyfiyyətli yeməklərlə qidalanırıq. Bunlarla yanaşı, komandirlərimiz də bizə doğma münasibət bəsləyir, qayğımıza qalır, problemlərimizlə maraqlanırlar. Belə şəraitdə xidmət etmək hər birimizə ruh yüksəkliyi aşılayır. Keçirilən dərslərdə fəal iştirak edir, var qüvvəmizlə çalışırıq ki, hərbi biliklərə dərindən yiyələnib, gələcək döyüşlərdə düşmən üzərində Qələbə əldə edək".
- Mənim tək bir arzum var: Laçın rayonu ərazisində yerləşən Ağbulaq şəlaləsinin yanında dayanıb, o gözəl torpağın təravətini duyum, o gözəl mənzərəni şəkillərdən yox, canlı olaraq günlərcə seyr edim. Əlbəttə, yalnız Laçının deyil, Şuşanın, Kəlbəcərin, Xocalının və digər işğalda olan torpaqlarımızın gözəlliklərinə tamaşa edim. Mən və mənim kimi digər əsgər qardaşlarım da inanırıq ki, tez bir zamanda Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə Azərbaycan xalqı o gözəl məmləkətinə geri qayıdacaqdır, - bu sözləri isə əsgər Kənan Nəsibov bildirdi.
Əsgərlər Ramazan Məmmədov, Elgün Nəsibli, Vüsal Quliyev və digərlərinin də dediklərini xalqın istəyi bilirəm: tez bir zamanda Ali Baş Komandanımızın əmri ilə azad edəcəyimiz Qarabağ torpağında görüşəcəyik

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR