Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2018 11:17

Aprel döyüşlərinə həsr edilmiş “Ordumuzun zəfəri” adlı tədbir keçirilib

Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan qarnizonu tam orta məktəbinin təşkilatçılığı ilə aprel döyüşlərinin ikinci  ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov çıxış edərək bildirib ki, 2016-cı ilin aprelində keçirilən uğurlu əks-həmlə hərbi əməliyyatlarında Azərbaycan Ordusunun şəxsi heyəti rəşadət göstərdi. Bu döyüşlərdə Ermənistan silahlı qüvvələri böyük itkilərə məruz qaldı. 2000 hektardan artıq ərazi azad edildi, daha çox ərazi əməliyyat baxımından ordumuzun nəzarəti altına keçdi.
Naxçıvan qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov çıxışında vurğulayıb ki, bu əməliyyatda şəxsi heyətin yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğu təsdiqləndi.
Tədbirdə aprel döyüşlərinə həsr edilmiş videoslaydlara baxış olub.
Aprel şəhidlərindən mayor Rasim Məmmədovun və leytenant Qabil Orucəliyevin ailə üzvləri də tədbirdə iştirak ediblər. Mayor Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova şəhidimizlə bağlı xatirələrini bölüşüb, oğlu Asim Məmmədov atasına həsr edilmiş şeiri səsləndirib.
Əsgər forması geyinmiş gələcəyin Vətən müdafiəçiləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar ifa edib, səhnəciklər göstəriblər. Tədbirdə tamaşaçılar şagird və kursantların fəal iştirakını alqışlarla qarşılayıb.
Tədbir bir daha göstərdi ki, bu günün şagird və kursantı gələcəyin cəsur döyüşçüsü, yenilməz Vətən müdafiəçisidir.
Nəriman NƏCƏFOV, fotolar əsgər Rauf ƏLƏSGƏROVUNDUR