Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2018 11:08

Aprel döyüşləri - böyük qələbənin addım səsləri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük səyləri nəticəsində son illər respublikamızın müdafiə qabiliyyəti durmadan artır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından birinə çevrilmişdir. İki il bundan öncə Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tariximizə qızıl hərflərlə yazılan aprel döyüşləri də buna bariz nümunədir. Xalqımız bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edir. Çünki bu qələbə bizləri Qarabağa səsləyən növbəti Böyük qələbələrin müjdəçisi oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışında aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı.
İki il öncə Azərbaycan Ordusu  qəsbkar erməni hərbi birləşmələrinin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurdu. Azərbaycan Ordusunun birləşmələri Talış kəndi ətrafındakı  yüksəklikləri azad edərək, Füzuli rayonu istiqamətində yerləşən və son dərəcə mühüm əhəmiyyətə malik olan "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti bərpa etdilər. Döyüşlər zamanı xalqımızın neçə-neçə igid övladı canından keçdi. Şəhidlik zirvəsinə ucaldılar onlar. Qəhrəmanlıq haqqında belə bir deyim var: "Anadan olanda heç kim dünyaya qəhrəman  kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin aprelində Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən ordusuna layiqli cavab verən əsgər və zabitlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər.
Aprel zəfərinə musiqilər bəstələndi, ədəbi nümunələr yazıldı, bir sözlə, ordumuzun bu qələbəsi qəhrəmanlıq salnaməsinə çevrildi.
Aprel döyüşləri zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin  xatirəsi əziz tutulur, kinofilmlər çəkilir, kitablar yazılır, ədəbi-bədii gecələr keçirilir, idman turnirləri təşkil olunur. Belə yarışlardan biri  də bu günlərdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sindo-Ryu və Pençak-Silat Federasiyası tərəfindən keçirilib. Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş bu turnirdə ziyalılar, media nümayəndələri, idmançılar, Qarabağ müharibəsinin qaziləri, ehtiyatda olan zabitlər - Kamil Baxşəliyev, Rəşid Əliyev, döyüşçülərdən  Mahir Rzayev, Kəmalə Əliyeva, aprel döyüşlərinin qaziləri - zabitlər Həsrət Almaslı, Azər Məmmədov, Gündüz Fərhadov,  Səməndər Mənəfov, Anar Məmmədov, Hikmət Məmmədov, Kamil Musavi, döyüşçülər Eşqin Hüseynov, Əhliyyat Mehdiyev, Fəzail Quliyev, Elşad Həşimov, Ağasəmi Şahgəldiyev, Elşən Cəbiyev, Ramil Əliyev, Müzəffər Bahadurov, Elşən  Əzimov, Asim Əliyev, İlkin Abbasov, Ruslan Fəzazadə, Elməddin Rüstəmov, Rəcəb İbrahimov və başqaları iştirak etdilər.
Xatirə turnirində ən güclü idmançılar birincilik uğrunda mübarizə apardılar. Federasiya idmançılarının nümunəvi çıxışları isə turnirə xüsusi rəng qatdı. Turnirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sindo-Ryu və Pençak-Silat Federasiyası adından Federasiyanın Prezidenti, baş məşqçi Abbas Hümbətov Qarabağ müharibəsi və aprel döyüşlərinin iştirakçılarına, qazilərinə diplom və hədiyyələr təqdim etdi.
A.Hümbətov çıxış edərək bildirdi ki, aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnamələrindən biridir və sözsüz ki, Azərbaycan Ordusunun əldə etdiyi bu uğurların arxasında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Odur ki, gecə-gündüz əldə silah yurdumuzun keşiyində dayanan hərbçilərimiz şəxsən Ali Baş Komandanın və xalqımızın etimadını doğrultmaq üçün bu gün də əlindən gələni edir, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlıqlarını daim artırırlar.
Biz əminliklə deyə bilərik ki, bu günlərdə il dönümünü qeyd etdiyimiz aprel döyüşləri və bu döyüşlərdəki tarixi qələbəmiz Azərbaycan Ordusunun düşmən üzərində böyük zəfərinin ilk addım səsləri oldu.
Məryəm MƏHƏRRƏMOVA