Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2018 11:07

“Həyatda qəhrəmanlığa həmişə yer var”

Qəhrəman aprel döyüşçüləri düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Azərbaycan Ordusunun gücünü həm hərbi peşəkarlıq, həm də  qəhrəmanlıq tərəfdən göstərdi. Elə qəhrəmanlıq ki, hər biri gələcək nəsillərə örnək və nümunədir. Ümummilli liderimiz Heydər Əliyevin bir kəlamını xatırlatmaq istəyirəm: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Aprelin 20-də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Bakı şəhəri Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə həmin təhsil ocağında belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Sənan Axundovun anım günü keçirildi. "Həyatda qəhrəmanlığa həmişə yer var" adı altında keçirilən tədbirdə millət vəkili Məlahət İbrahimqızı, aprel döyüşlərində xüsusi xidmətləri olan hərbçilər, Bakı şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Milli Qəhrəman Zabit Quliyev, Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, müəllimlər və şagirdlər iştirak edirdilər.  
Öncə qonaqlar məktəbin foyesində şəhidin xatirəsinə həsr olunmuş foto-şəkillərdən ibarət sərgi ilə tanış oldular. Bildirildi ki, Azərbaycan Hərb Tarixi Muzeyində polkovnik-leytenant Sənan Axundovun xatirəsinə həsr olunmuş guşə var və şəhidin daşıdığı mundir, həmçinin digər dəyərli əşyaları orada sərgilənir.
Tədbirin bədii hissəsi ulu öndər Heydər Əliyevin  və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri açıq elan edən Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru, şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova qəhrəmanın həyat yolu haqqında məlumat verdi. Bildirdi ki, Sənan hələ 13 yaşında doğma torpaqlarından didərgin düşməklə həyatın boz üzünü, xatirələrin acısını yaşamışdı. “Canından da çox sevdiyi Qarabağı düşmən tapdağından azad etmək, xalqımıza qarşı törədilən bu qırğınların qisasın almaq onun həyat amalına çevrilmişdi. Hərbçi peşəsini də elə bu səbəbdən seçmişdi.” Çıxışına davam edən Nəcibə xanım bildirdi ki, Sənan gözəl ailə başçısı olmaqla yanaşı, savad və geniş potensiala malik zabit idi: "O, 2001-ci ildə Ali Hərbi Dənizçilik Məktəbini,  2008-ci ildə Almaniya Federativ Respublikasında Almaniya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini ikinci ixtisas olaraq bitirmişdi". Natiq qeyd etdi ki, daim peşəkar işi və səriştəsi ilə rəhbərliyin böyük etimadını qazanmışdı: "Təsadüfi deyil ki, hərbi fəaliyyəti zamanı xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqlarının yerinə yetirilməsində, döyüş hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və medallarla təltif olunmuşdu.”
Məktəb direktoru onu da vurğuladı ki, iki azyaşlı övlad atası olan Sənan,  dövlətə və azərbaycançılığa sadiq, Vətənini canı qədər sevən zabit  kimi tapşırılan işlərə ciddi və məsuliyyətlə yanaşırdı. "Sənan da torpaqlarımızın işğaldan azad edilməsini arzulayırdı və istəyirdi ki, övladlarının toyunu Şuşada - Cıdır düzündə etsin", - deyə şəhidin həyat yoldaşı qəhərə qarışıq qürurla oğlu Tahirdən söhbət açdı: "Atasının büküldüyü Azərbaycan bayrağını rəşadətlə daşıyan Tahir də atasının yolunu davam etdirib hərbi həkim olmaq istəyir".
Çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, aprel döyüşçüləri Azərbaycan xalqının qəlbində ümid və zəfər işığı yandırdı: “Məhz onlar 2000 hektardan artıq ərazini azad etməklə neçə-neçə insanın ürəyində bir dərd olaraq qalmış nisgili yox etdilər. Aprel döyüşləri bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisidir”, - deyən natiq  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprel döyüşlərinə xüsusi önəm verməsindən söhbət açdı və "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" sitatının bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına bir siqnal olmasını qeyd etdi.                   
- Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, sənə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir, - deyə çıxışına başlayan  Bakı şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd etdi ki, Vətənimizin müdafiəsinə hər an hazır olan gənclər yetişdirmək, onlara hərbi vətənpərvərlik ruhunu aşılamaq əsas vəzifəmizdir: "Belə tədbirlərin keçirilməsi ümumtəhsil müəssisələrində aparılan tərbiyəvi işin ana xəttidir. Heç şübhəsiz, vətəndaşlıq mövqeyi Vətən sevgisindən, torpaq sevgisindən başlayır. Biz xoşbəxt xalqıq ki, öz şagirdlərimizdə, övladlarımızda Vətən sevgisini başqa millətlərin nümunəsində tərbiyə etmirik, bizim özümüzün zəngin tariximiz var. Məhz qəhrəmanlarımızın nümunəsində onları tərbiyə edirik. Bugünkü tədbir şəhidlərimizin əziz xatirəsini yad etməklə yanaşı, gənc nəslə Vətən sevgisinin nədən ibarət olduğunu və o sevginin necə özünü büruzə verdiyini aşılamaqdan ibarətdir”. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikilən orta məktəbdə 24 ildən sonra çalınan məktəb zənginə diqqət çəkən Məhəbbət xanım bunu mühüm tarixi hadisə adlandırdı və buna görə Prezident İlham Əliyevə, bütün Azərbaycan Ordusuna öz minnətdarlığını bildirdi.
Anım mərasimində məktəbin 6-cı sinif şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olundu. Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təqdim etdiyi "Biz Qarabağa qayıdacağıq" adlı kompozisiya və şəhid Sənan Axundovun həyatından bəhs edən videoçarx iştirakçıların marağına səbəb oldu.
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"