Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2018 10:56

“İşğalın sonuna az qalıb, Vətən!”

Uzaq üfüqdə dan yeri sökülür. Doğmaqda olan günəşin zərrin şüaları işıq saçdıqca, adama elə gəlir ki, göyün üzündə nəhəng bir tonqal yandırılıb. Nəhayətsiz göy üzü min bir rənglə alışıb yanır, öz boya zənginliyi və gözəlliyi ilə insanı valeh edir.
Sakitlik hökm sürən bir yaz səhəridi. Bir neçə müddət bundan əvvəl bu yerlərə gələndə hər tərəf ağ rəngə boyanmışdı. İndi isə təbiət yaşıl don geyinib. Ara bir buludların arasından boylanan günəş də sanki təbiətlə oyun oynayır.
Yenə də ön xətdə yerləşən hərbi hissələrdən birindəyik. Hərbi hissədə nizamnamələrin tələblərinə uyğun qarşılandıqdan sonra qərargaha daxil oluruq. Burada şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh mayor Əflatun İbrahimovla görüşürük. Zabit bələdçilik edəcək baş leytenant Ruslan İsmayılova müvafiq tapşırıqlarını verir və vaxt itirmədən döyüş mövqelərinə yola düşürük. Yol boyu zabitlə gedəcəyimiz mövqe və oradakı əsgərlərin döyüş hazırlığı barədə söhbət edirik.
Uzun yola söhbəti ilə körpü salan zabit dedi ki, ordumuzun gücü, qüdrəti daim artır. “Bu gün zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tez-tez cəbhə bölgəsinə səfər etməsi, yurdumuzun keşiyində dayanan, onu göz bəbəyi kimi qoruyan zabit və əsgərlərlə görüşməsi, onların xidmətini layiqincə qiymətləndirməsi hər bir hərbçinin döyüş ovqatını daha da artırır. Aprel döyüşləri zamanı ordumuzun şəxsi heyəti atəşkəs rejimini pozaraq torpaqlarımıza hücum çəkməyə cəhd göstərən erməni qoşunlarına tutarlı cavab verdi. Bizim bəzi bölmələrimiz də bu döyüşlərdə iştirak etdilər. Qısa müddət ərzində  düşmənin atəş nöqtələri susduruldu. Burnu ovulan qəsbkarlar itki verərək geri çəkildilər. Ermənilər hiss etdilər ki, onların qarşısında döyüş hazırlığı yüksək olan, qartal kimi vüqarlı, polad kimi əyilməz Azərbaycan əsgəri dayanıb. Bir sözlə, yüksək döyüş hazırlığı ilə fərqlənən zabit və əsgərlərimiz aprel döyüşləri zamanı işğalçılara yaxşıca dərs verdilər. Düşmən hiss etdi ki, bu gücün, bu qüdrətin qarşısında dayana bilməz. Düşmən məğlubiyyətə məhkumdur. Azərbaycan əsgəri qələbəyə köklənib, eləcə də güclü, məğrur və yenilməzdir. Torpaqlarımızı erməni işğalçılarından azad etmək arzusu ilə yaşayır."
Yol boyu ətrafdakı yaşıllıq,  insanların öz torpaqlarında əkin-biçinlə məşğul olması ruhuma sığal çəkir. Cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan əhali də hərbçilərə güvənib bərəkətli torpaqlarını əkib-becərirlər. Onlar əmindirlər ki, ordumuz torpaqlarımızın keşiyində ayıq-sayıq  dayanıb. Ətrafı seyr etdikcə, Dədə Qorqudun söylədiyi məşhur bir kəlam yadıma düşür: "Torpağı əkib-becərməsən, qorumağa dəyməz, qorumasan, əkib-becərməyə".
Bu gün dövlətimizin iqtisadiyyatı günü-gündən inkişaf edir və ölkəmiz Qafqazda ən güclü dövlətə çevrilib. Dünya ölkələri Azərbaycanı həm güclü bir orduya malik olması, həm də iqtisadiyyatı yüksək inkişaf etmiş bir  dövlət kimi tanıyır.
Nəhayət, yaşayış məntəqələrini arxada qoyub ön xətdə yurdumuzu qoruyan şəxsi heyətin yanına gəlib çatırıq. Bizi qarşılayan leytenant Elnur Orucov ötən müddət ərzində heç bir hadisənin baş vermədiyini bildirir. Vətənin keşiyində dayanıb erməni işğalçılarının mövqelərini nəzarətdə saxlayan əsgərlərin üz-gözündən qəhrəmanlıq aşkar hiss olunurdu. Əmin olursan ki, onlar hər an düşmən üstünə atılıb rəşadət və hünər göstərməyə hazırdırlar.
"Vətənə xidmət etmək hər birimizin həm vətəndaşlıq, həm də övladlıq borcudur", - deyə Yardımlı rayonundan ordu sıralarına çağırılmış əsgər Səccad Qaraşlı söhbətə başlayır. - Qürur duyuram ki, bu müqəddəs borcu düşmənlə üzbəüz mövqelərdə yerinə yetirirəm. Döyüş növbətçiliyini ayıq-sayıq aparırıq. Hər hansı bir dəyişiklik müşahidə olunarsa, bu barədə taqım komandirinə məlumat çatdırırıq. Postda dayanıb qarşı tərəfi müşahidə etdikcə, fikirləşirəm: görəsən, nə vaxt düşmən dərk edəcək ki, qarşısında dayanan məğrur Azərbaycan əsgəri gec-tez onu tarixi torpaqlarımızdan qovacaq. Axı onların bizim torpaqlarımızda nə işləri var? Məgər onları torpaqlarımızdan çıxarmağın vaxtı çatmayıb? Çatıb. Az qalır. İnanıram ki, Ali Baş Komandanın əmri ilə düşməni məhv edib, Qarabağda üçrəngli bayrağımızı dalğalandıracağımız günlər çox uzaq deyil.
Heyət nəfəri əsgər Akif Akifzadə hərbi xidmətə Astara rayonundan çağırılıb. O deyir ki, hərbi kişilik məktəbidir. “Çalışıram ki, bu məktəbin sınağından uğurla keçim, valideynlərimin, doğmalarımın, dostlarımın yanına alnıaçıq, başıuca qayıdım. Bu gün müxtəlif silahlardan bacarıqla istifadə edib, hədəfləri dəqiq vururam. Öyrəndiklərimə görə komandir heyətimə minnətdaram. Fəxr edirəm ki, bu gün Vətənin keşiyindəyəm. Xidmətdə olduğum bu günlər ömür kitabımın səhifələrinə böyük hərflərlə yazılacaq. Hələ xidmətimin xeyli hissəsi qarşıdadır. Çalışacağam ki, silahların sirlərini  dərindən öyrənim, xidmətdə daha böyük uğurlar qazanım."
Sabunçu rayonundan xidmətə çağırılan əsgər Murad Babayev isə bildirir ki, ordu mühiti başqa dünyadır. "İnsan burada yorulmur. İlk vaxtlar darıxa bilərsən, amma zaman keçdikcə əsgər yoldaşlarından ayrılmaq istəmirsən. Sən burada olanda doğmalarının güvəndə olduğuna əmin olursan. Mən indi rahatam. Çünki nə təhlükə gəlsə, biz onu dəf etməyə hazırıq. Yetər ki, anama - Vətənimə heç nə olmasın.”
Torpaqlarımızın keşiyində dayanan əsgərlərdən Rafael Qafarov, Murad Heydərli, Telman Yusubov, Yaşar İsrafilov, Yasəf Nərimanov və başqalarının da hər sözündən, söhbətindən vətənpərvərlik ruhu hiss edilirdi. Hamısı bildirdilər ki, Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı yağılardan azad edib, üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırmağa tam hazırıq.
Döyüşçülərlə söhbətdən sonra bir daha əmin oluram ki, Vətən qarşısında məsuliyyətini dərindən hiss edən gənclərimiz yurdumuzun keşiyində ayıq-sayıq dayanıblar. Onlar torpaqlarımızın hər qarışı uğrunda döyüşə hazırdırlar.
...Əsgərlərin baxışları deyir ki, işğalın sonuna az qalıb, Vətən!...
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu", fotolar C.CƏFƏROVUNDUR