Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 10:34

Müqəddəs nəfəs

Göz açdığımız andan, oxuduğumuz məktəbdən, çevrəmizdən bizə öyrədilən ən pak və ülvi duyğulardan biri Vətənə məhəbbətdi, Vətənə sədaqətdi. Vətənə sevginin ölçü vahidi ürəkdi. Bu məhəbbət heç bir qarşılıq güdmədən, ən səmimi sevgidi. Vətənin dağı-daşı da, yolları da bizə doğmadı. Çünki bura Vətən torpağıdı. Başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, azadlığımız, arzularımız yaşayır bu torpaqda.
Biz bir xalq olaraq çox çətin sınaqlardan keçdik. Ən böyük vəhşiliklər, dilə gətirilə bilməyən işgəncələr gördük: 31 Mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı dəhşətləri... Mənim xalqım, millətim qəsbkar deyil. Özgə torpağına göz dikən ermənilər isə bəşəriliyin düşmənidi. Xocalıda neçə-neçə azərbaycanlı ailələrin soy-kökünü kəsdilər. Bu qəddarlıqlar Azərbaycan əsgərinin ruhunu sarsıtmadı, əksinə, onun qələbə əzmini kükrətdi. 2016-cı ilin aprel döyüşləri bu kükrəyişin təsdiqi oldu. Hər bir Azərbaycan övladı istənilən an əlinə silah alıb vuruşmağa hazırdır.
Min illərdi torpaq üçün, dövlətçilik üçün şəhid olanların əmanətidir bizlərə bu torpaq. Bizə düşən vəzifə isə onu qorumaq və gələcək nəsillərə ötürməkdir. Dünyaya göz açan hər bir körpəni Vətənə olan hisslər üzərində kökləməliyik.
Belə bir yazı oxumuşdum: komandir şəhidin ailəsinə baş çəkməyə gedir. Onun 5 yaşlı qızı əlində şarını bərk-bərk saxlayır, heç kimə toxunmağa icazə vermir. Komandir uşaqdan bunun səbəbini soruşur. "Atam şişirdib bu şarı, içində onun nəfəsi var" - kəlmələri komandiri varından yox eləyir...
Necə duyğulanmayasan? O uşaq da, o hadisəni eşidənlər də şəhid nəfəsinin müqəddəsliyini əbədiyyən qorumaq üçün yaşayır, şübhəsiz.
Azərbaycan gənci olaraq bayrağımızı, torpağımızı, milli-mənəvi sərvətlərimizi qorumaq bizim borcumuzdur. Şəhidi olmayan torpaq müstəmləkədir. Əgər bir yurd şəhid verirsə, bu ona verilən dəyər və sevgidir. Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların amalını da müqəddəs bilirik, nəfəsini də... Çünki ərazi bütövlüyümüz, onun toxunulmazlığı uğrunda canından keçənləri həmişə sonsuz sevgi, məhəbbət və ehtiramla xatırlayacağıq.
Hüsniyyə İDRİSOVA, BSU-nun I kurs tələbəsi