Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 10:33

Əsgər məktubu

Salam ata, necəsən? Anam necədi? Mən yaxşıyam, xidmətim də uğurla davam edir. Artıq bir ildən çoxdur ki, sizlərdən uzaqda xidmətdəyəm. Lakin bircə gün də özümü yad yerdə hiss etməmişəm. Yadındadırsa, sən həmişə deyərdin ki, sərhədlərimiz daxilində hər qarış torpağımız Vətəndir. Vətən isə anamız, müqəddəs qibləgahımızdır. Bu gün vətəndaşlıq borcumu yerinə yetirir, qibləgahımız, səcdəgahımız olan ana Vətənə qürurla xidmət edirəm. Düzdü, arada sizlər üçün darıxıram. Lakin əsgərlik elə bir məktəbdir ki, burada digər bütün hissləri bir kənara qoyursan. Vətən sevgisi bütün sevgiləri qabaqlayır. Əsgər yoldaşlarımla da yaxşı dost olmuşam. Komandirlərimiz də bizə doğma münasibət bəsləyir. Tələbkarlıqları ilə yanaşı, qayğılarını da bizdən əsirgəmirlər. Bir sözlə, ailə mühitində xidmət edirik. Hamımız tək yumruq olub  yalnız bir amal üçün çalışırıq - hərbi biliklərə dərindən yiyələnmək və ordumuza, dövlətimizə, dövlətçiliyimizə layiqli xidmət etmək.
Gündəlik fəaliyyətimizə gəlincə, onu deyə bilərəm ki, hər gün səhər və axşam idmanla məşğul oluruq. Nahara kimi atəş hazırlığından, taktikadan və digər hərbi fənlərdən dərslər keçirik. Ən maraqlısı da çöl dərslərimiz olur. Tez-tez taktiki atışlar keçiririk. Bütün dərslərə həvəslə yanaşıram, hamısını dərindən öyrənirəm. Nahar etdikdən sonra günün ikinci yarsında sıra hazırlığı, silah-texnikaya qulluq saatlarımız olur. Hər kəs öz silahını sökür, hissə-mexanizmlərini təmizləyir və yağlayır. Ata, mənə təhkim olunan silahımı mükəmməl öyrənmişəm. Vaxtında söküb-yığmağı, təyinatını, xassələrini dərindən bilirəm. Atışlar zamanı da hədəfləri yaxşı nişan alıram. Hər an Ali Baş Komandanın döyüş əmrini gözləyirik ki, düşməni məhv edib torpaqlarımızı işğaldan azad edək. Bunlardan başqa asudə vaxtlarımız da olur. Həmin saatlarda ideoloji sinifdə hərbi jurnallar, qəzetlər oxuyur, tarixi filmlər izləyir, dama və şahmat oynayırıq. Burada yaxşı şahmat oynamağı öyrənmişəm, xidmətimi başa vurub səninlə oynayacam. Ata, ən sevdiyim fəaliyyətlərimizdən biri də axşam yoxlanışında mahnı ilə gəzintidir. Hamımız xorla vətənpərvərlik mahnıları oxuyuruq. Əsgərliyimi bitirəndə ən çox da o mahnıları oxumaq üçün darıxacam. Yadda qalan günlərim o qədərdi ki, bilmirəm hansından danışım. Novruz bayramında komandirlərimizlə əl-ələ verib tonqal ətrafında yallı getdiyimiz, yumurta döyüşdürdüyümüz, istirahət günlərində futbol, voleybol oynadığımız və digər  günlərin heç birini unutmayacam. Xidmətimi başa vurub gələndə hamısını daha ətraflı danışacam. Ən yadda qalan, ən qürurlandığım günlərdən biri isə bu yaxınlarda aprel qələbəmizin ildönümünü qeyd etdiyimiz gün oldu. Qəhrəmanlıqları ilə tarix yazan silahdaşlarımızdan bir neçəsi ilə görüşdük. Şəhid olanların ruhunu yad etdik. Biz onların davamçılarıyıq və bu qələbəni yenidən təkrarlamaq üçün hər an hazırıq.
 Ana, bilirəm, fikrin hər zaman mənim yanımdadı. Oğlum nə edir, nə yeyir, nə içir? - deyə düşünürsən. Gözün arxada qalmasın. Burada rahat yataq yerimiz, səliqəli geyimlərimiz var. Yeməklərə isə söz ola bilməz. Sənin kimi analar bişirir yeməklərimizi. Həm dadlı, həm də keyfiyyətli hazırlayırlar. Məişət şəraitimiz, təminatımız yüksəkdir. Yataq dəstlərimiz, paltarlarımız hər həftə yuyulmağa aparılır. Tez-tez həkim yoxlanışından da keçirik. Komandanlıq bizə öz övladları kimi qayğı göstərir. Mənim üçün darıxma ana, mən müqəddəs vəzifə yerinə yetirirəm. "Əsgəri xidmət sənin övladlıq borcundur, oğul" demişdin. Var qüvvəmlə, bütün məsuliyyətimlə çalışıram ki, xidmətimi uğurla keçim, ordumuza bacarıqlı əsgər, Vətənimizə layiqli övlad olum.
Əsgər Kənan ƏLİYEV, "N" hərbi hissəsi