Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 10:31

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Şahin” hərbi idman oyunları keçirildi

Bu günlərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Şahin" hərbi idman oyunlarının rayon mərhələsi keçirildi.
Açılışdan əvvəl qonaqlar, tədbir iştirakçıları və məktəblilərin bir qrupu   ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Ali Hərbi Məktəbin həyətindəki abidəsini ziyarət edib önünə qızılgül dəstələri qoydular. Sonra ulu öndər Heydər Əliyevin  və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi general-mayor Füzuli Salahov gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkilinin böyük aktuallıq kəsb etdiyini qeyd etdi və  iştirakçılara uğurlar arzuladı.
Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva "Şahin" hərbi idman oyunlarının əhəmiyyətindən danışaraq bildirdi ki, bu oyunlar gənclərdə sağlam həyat tərzinin formalaşmasında və  onlara hərbi vətənpərvərlik hissinin aşılanmasında  çox mühüm rol oynayır: "Bu gün burada iştirak edən yüzlərlə gənc sabah xalqın və dövlətin əsas dayağı olan Azərbaycan Ordusunun əsgəri və zabiti olacaq. "Şahin" hərbi idman oyunları gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsi, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi baxımından xüsusi önəm daşıyır. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gənclərinin vətənpərvərlik ruhu və əzmi sarsılmazdır".
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə bildirdi ki, ölkəmizdə sabitlik və inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmək hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də mənəvi vəzifədir. İdarə rəisi çağdaş dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsindən söz açaraq, gənc "şahinlərə" qələbə uğrunda əzmlə mübarizə aparmalarını dilədi. “Gənclik hər bir millətin inkişafının təməl daşıdır” deyən natiq, millətin mövcudluğu üçün sağlam gəncliyin olmasının vacib şərt olmasını qeyd etdi: "Bu gün ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır".        
Xətai rayonu üzrə 37 məktəbdən  600 şagirdin iştirakı ilə keçirilən yarışlara "Sıra hazırlığı" mərhələsi ilə start verildi. İlk olaraq hər komanda tam tərkibdə sıraya düzüldü. Komanda kapitanlarının göstərişinə əsasən, bir cərgədən iki cərgəyə və əksinə düzülmə, yerində hərəkət zamanı dönmələr, dağılma və digər komandalar icra olundu. Bu mərhələnin sonunda sıra addımı və mahnı ilə hakimlər heyətinin qarşısından təntənəli keçid oldu.
"Darağa patron doldurulması və boşaldılması", "Avtomatın sökülməsi və yığılması", "Komanda qərargah çadırının qurulması və maskalanması", "Fiziki hazırlıq" və "Mülki Müdafiə Hazırlığı" mərhələləri ilə tanış olarkən məktəblilərin bu yarışlara böyük həvəslə və çox ciddi şəkildə hazırlaşmaları açıq hiss olunurdu.
Yarışların ən maraqlı hissəsi qalib komandanın elan olunduğu an oldu. Qaydalara görə həmin komanda Bakı şəhəri üzrə keçiriləcək "Şahin" hərbi idman oyunlarının final mərhələsinə vəsiqə qazanacaqdı. Yekun nəticələrə əsasən, 263 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərə qalib gələrək birinci yerə layiq görüldü. 59 və 191 nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq ikinci və üçüncü oldular.
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"