Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 10:30

“Doğma torpaqlarımıza qayıdacağıq”

Bu günlərdə Nizami Kino Mərkəzində Qarabağ müharibəsi veteranı, hərbi həkim, ehtiyatda olan tibb xidməti kapitanı İmran Qurbanova həsr olunmuş "Dönüş" sənədli filminin təqdimatı keçirildi. Keçmiş döyüşçülərin, qazilərin, millət vəkillərinin və digər qonaqların iştirak etdiyi təqdimat mərasimini açıq elan edən ehtiyatda olan mayor Şəmistan Əlizamanlı İmran həkimlə müharibə illərinin dostu olduğunu və bu illərdə onu Vətənə, torpağa, elinə, obasına bağlı insan kimi tanıdığını vurğuladı. O, Qarabağ müharibəsinin ilk illərində tibb heyətinin çatışmadığı bir dönəmdə könüllü olaraq orduda xidmətə başlayan İmranın fədakarlığından, qorxmazlığından, döyüşən briqadada ən çətin şəraitdə ilk səhra hospitalını yaratmasından, döyüş meydanından çıxarılan neçə-neçə ağır yaralıya həyat bəxş etməsindən danışdı.
Haşiyə: İmran Qurbanov Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndində dünyaya gəlib. Elmə, təhsilə hələ kiçik yaşlarındaykən böyük marağı olub. Orta məktəbi əla qiymətlərlə başa vuran İmran ən çox sevdiyi həkimlik peşəsini seçir. Onun ilk cəhdi uğursuz alınır. Hərbi xidmətə yollanır. Hərbi xidmətdən sonra İmran ən yüksək göstəriciylə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olur. Oxuduğu illərdə həkimlik sənətinin sirlərinə dərindən yiyələnir. Bu o dövrlər idi ki, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlamış və erməni təcavüzkarları tərəfindən Qərbi Azərbaycandan 200 mindən artıq soydaşımız öz qədim ata-baba yurdundan didərgin salınmışdı. Çətin günlər idi... Hər gün ermənilərlə sərhəd olan bölgələrimizdən ağır xəbərlər alırdıq.
Bir gün İmran  televiziyadan  eşidir ki, cəbhədə yaralılara yardım edəcək həkim və tibb heyətinə böyük ehtiyac var. Bu xəbəri eşidən İmran könüllü olaraq yenicə formalaşmaqda olan ordu sıralarına yazılır. Salyan kazarmasında Sovet ordusunun yararsız tibbi avadanlığı ilə tökülüb qalaqlanmış  taborunu qəbul edir. Beləliklə, İmran da yüzlərlə Vətən oğlu kimi ağır döyüşlərə atılır. Əlində silah döyüşməsə də, əynində ağ xalat ən ağır cəbhələrdə döyüş yolu keçir, İmran. Kəlbəcərdə, Ağdərədə, Zəngilanda, Cəbrayılda, nəhayət, Murovda, Toğanada Vətənə övladlıq borcunu ləyaqətlə yerinə yetirir.
Tədbirdə çıxış edən filmin ssenari müəllifi Orxan Fikrətoğlu özünü bu zalda Vətənin qürurlu bir əsgəri kimi hiss etdiyini vurğulayaraq İmran həkimin keçdiyi şərəfli döyüş yolunun müasir gəncliyə, xüsusilə gənc həkimlərə örnək olduğunu bildirdi. O eyni zamanda qeyd etdi ki, Vətənin dar günündə canından keçməyə hazır olan Qarabağ veteranlarının, keçmiş döyüşçülərin, qazilərin hər birinin keçdiyi döyüş yolu gənclərimizə nümunə olmalıdır. “Ona görə də belə sənədli filmlərin araya-ərsəyə gəlməsinə çalışmalıyıq. Çünki burada əks olunan hər bir epizod vətənpərvərliyi, torpaqsevərliyi və qəhrəmanlığı təcəssüm etdirir.”
Təqdimat mərasimi filmin ideya müəllifi Rüstəm  Dastanoğlunun, rejissor Rüfət Əsədovun çıxışları ilə davam etdi.
Sonra  Qarabağ müharibəsi veteranı, hərbi həkim İmran Qurbanov filmin yaradıcı heyətinə minnətdarlığını bildirdi. O,  keçdiyi Qarabağ müharibəsinin ağrılı-acılı günlərini, ordumuzun çətin müharibə şəraitində formalaşdığı vaxtları xatırlayaraq, bugünkü  Azərbaycan Ordusunun yüksək təminatından, artıq qüdrətli bir hərbi qüvvəyə çevrilməsindən danışdı. Çıxışının sonunda əminliklə bildirdi ki, Ali Baş Komandanın döyüş, səfərbərlik əmrinə həmişə hazıram. “Azərbaycan Ordusu düşmənin qüvvəsini tez bir zamanda darmadağın edib, torpaqlarımızı  geri almağa qadirdir. Bunu aprel döyüşləri bir daha göstərdi. Biz doğma torpaqlarımıza qayıdacağıq. Mütləq qayıdacağıq."
Təqdimat mərasimi “Dönüş” sənədli filminin nümayişi ilə sona çatdı.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"