Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 10:27

“Qələbə günümüz üçün xidmət edirik”

Dağları ucalıq kimi qəbul edən insanlar yaranan gündən daim ucalığa, zirvəyə can atıblar. Dağlar hər zaman xalqımızın ucalıq mənbəyi,  qeyrət simvolu qəbul edilib. Xalq gücü, qüvvəti, saflığı, mərdliyi, igidliyi, dözümlülüyü, vüqarlılığı bu mənbədən alır.
Tarixən düşmənlərin hücumlarının qarşısını almaq üçün oğullarımız dağlara üz tutub, dağlara sığınıb, kürək-kürəyə söykənərək düşməni məhv ediblər. Dağları sığınacaq bilən igidlərimiz torpaqlarımıza göz dikən düşmənlərin niyyətlərini gözlərində qoyublar.
Belə oğullarımızdan biri ilə - əsgər Amid Məmmədovla Vətənimizin şahinli, donqarlı zirvəsində, dağlar qoynunda görüşürük.
Əsgər Amid Məmmədov söhbət zamanı bildirir ki, üzərinə düşən ümdə vəzifə Vətəni, torpağı qorumaqdı. "Son dərəcə ekstremal və təhlükəli mövqedə xidmət apardığımızdan fiziki cəhətdən hazırlıqlı olmağımız vacib şərtlərdəndir. Fiziki və mənəvi cəhətdən güclü olmalıyıq. Biz burada düşmənin fəaliyyətinə nəzarət edir, onların komanda-müşahidə məntəqələrini, texniki manevrlərini müşahidə edirik".
- Hansı peşənin sahibi olursansa-ol, təcrübə, səriştə həmişə insanın köməyinə gəlir, - Amid deyir. - Hərbi xidmətdə də belədir. Şəxsi heyətə məşğələlər, dərslər keçərkən həm təhsil illərində qazandığım bilik və səriştə, həm də hərbi xidmətdə əldə etdiyim təcrübələr hər addımda köməyimə gəlir. Keçdiyimiz təlim-məşqlərin əhəmiyyəti danılmazdır. Xidmətə gəldiyim birinci günlə bu günün arasında dağlar qədər fərq var. Bütün bunlar savadlı və bacarıqlı zabitlərimizin sayəsində mümkün olub. Onlar hər zaman bizə izah edirlər ki, məhz yüksək hazırlıqlı əsgər döyüşdə düşməni məhv etməyə və qələbə qazanmağa qadirdi. Ən böyük arzumuzun həyata keçməsi, bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Bu gün mən həm də övlad atasıyam. Ona görə də özümdə məsuliyyət hiss edirəm - həm əsgər kimi, həm də ata kimi. Bu gün müharibə hələ bitməyib, torpaqlarımızı erməni qəsbkarlarından geri alacağıq. Şəhidlərimizin qanı tökülmüş bu torpaqları azad edib, düşmənin Vətənimizə, torpağımıza bir daha göz dikməsinə imkan verməyəcəyik. Bir gün mən də Azərbaycan Ordusunun qalib əsgəri kimi qürurla deyəcəm ki, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirə bildim. O günün həsrətilə yaşayıram.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto Coşqun CƏFƏROVUNDUR