Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2018 11:21

Asudə vaxt səmərəli təşkil olunur

Ordu sıralarında xidmət edən gənclərin asudə vaxtlarının düzgün təşkili də komandirlər qarşısında duran mühüm vəzifələrdən biridir. İstirahətin mənalı keçirilməsi əsgərin mənəvi-psixoloji durumuna müsbət təsir edən əsas amillərdəndir. Ümumiyyətlə, asudə vaxt şəxsiyyətin hərtərəfli inkişafında, mənəvi və estetik mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır.
Ön xətdə yerləşən "N" hərbi hissəsində mayor Bəhruz Qafarovla şəxsi heyətin gündəlik fəaliyyəti ilə bağlı söhbət edirik. Zabit deyir ki, şəxsi heyətə günün nizam qaydasına uyğun olaraq sıra hazırlığı, döyüş hazırlığı, ictimai-siyasi hazırlıq, siyasi məlumatlandırma və digər məşğələlər keçirilir. "Bütün fəaliyyətlər komandirlərin nəzarəti altında yerinə yetirilir. Əsgərlər də keçirilən dərslərə həvəslə yanaşır, öyrədilənləri dərindən mənimsəməyə can atırlar. Hər biri üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşır, Vətənə xidmətin müqəddəsliyini yaxşı dərk edir. Tez-tez onlarla fərdi söhbətlər aparır, qayğıları ilə yaxından maraqlanırıq. Torpaqlarımız əsgərlərə əmanət olduğu kimi, onlar da bizlərə əmanətdir. Bu igid oğullarımıza həm komandir oluruq, həm də doğma insan. Onları öz övladlarımızdan ayırmırıq", - mayor B.Qafarov deyir. 
Yataqxanaya gəlişimiz asudə vaxt saatına təsadüf edir. Zabitə məruzə edən növbətçi  şəxsi heyətin sinif otağında olduğunu bildirir. Otağa daxil oluruq. Əsgərlər dama, şahmat, domino oynayır, "Azərbaycan Ordusu" qəzetindən, hərbi jurnallardan məqalələr və bədii kitablar oxuyurlar. Bir sözlə, asudə vaxtın səmərəli təşkilinin şahidi oluram. Dama  oyununda bacarıqlarını sınayan əsgərlərdən Murad Cabbarlı cüzi üstünlüklə oyunun qalibi olur. Hərbi xidmətə Oğuz rayonundan çağırılan Murad   əsl qələbəni əsgər yoldaşları ilə çiyin-çiyinə döyüş meydanında qazanacaqlarını deyir:
- Bu oyunda gah Tural qalib gəlir, gah da mən. Bizim üçün Qələbə, torpaqlarımızın işğaldan azad olunacağı gün olacaq. Onda Böyük Qələbə münasibəti ilə bir-birimizi təbrik edəcəyik. Yaxşı bilirəm ki, torpaqlarımızı işğaldan azad etmək bizim üzərimizə düşür. Bunun üçün də xidmətimizi uğurla keçirir, hərbi bilik və vərdişlərə dərindən yiyələnirik. Aprel qələbəmizi təkrarlamaq üçün Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq!
Başqa bir əsgər Vasif Məcidzadə "Azərbaycan Ordusu" qəzetindən məqalələr oxuyur. Hərbi xidmətə Şəmkir rayonundan çağırılıb. Qəzetin hər sayını səbirsizliklə gözlədiyini deyir:
- Asudə vaxtlarımda ən sevdiyim məşğuliyyətlərimdən biri "Azərbaycan Ordusu" qəzetini oxumaqdır. Ön xətdən reportajlar, əsgər məktubları, nümunəvi xidmət, döyüş texnikaları haqqında yazıları oxumaq xoş hisslər aşılayır. Hər həftə qəzetin yeni nömrəsini həvəslə gözləyirəm. Həm dünyagörüşümü artırıram, həm də digər hərbi hissələrdə xidmət edən silahdaşlarımı tanıyıram. Xidmətim də uğurla davam edir. Heç nədən korluq çəkmirik. Hər cür şəraitimiz var. Torpaqlarımızın keşiyində inamla dayanmışıq.
Əsgərlərlə söhbətim zamanı onların mehribanlığına, səmimiyyətinə şahid oldum. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksək olduğunu gördüm. Bunlar bir daha sübut edir ki, bölmədə asudə vaxtların səmərəli keçirilməsi, ictimai-siyasi hazırlıq dərslərinin, ideoloji işin təşkili ən yüksək səviyyədə həyata keçirilir. Şəxsi heyət arasında vətənpərvərliyin, Vətən sevgisinin aşılanması, milli mənəvi dəyərlərin təbliği düzgün təşkil olunur. Əsgəri xidmət keçən hər bir gənc hərbi biliklərə, döyüş hazırlığına sahib olmaqla yanaşı, dövlətçiliyimizə, milli dəyərlərimizə sadiq, vətənpərvər, cəmiyyətə layiqli vətəndaş kimi də formalaşır.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu", foto C.CƏFƏROVUNDUR