Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2018 10:53

“Yolumuz haqq yoludur”

Cəbhəyanı ərazidə yerləşən hərbi hissələrdən birinə, Vətənimizin müdafiəsində duran oğullarımızla tanış olmağa gəlmişik. Düşmənlə təmas xəttində yerləşən torpaqlarımızda xidmət edən gənclərimizlə söhbət aparmaq fəxrdir. Dövlətinin ərazi bütövlüyü üçün gecə-gündüz düşmənə qarşı mübarizə aparan oğullarımızı hamımız tanımalıyıq. Onlar qürur yerimizdir.

Təcrübəli sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Qarayev bizi yüksəklikdə yerləşən bölməyə aparır. Əlverişsiz hava şəraitinə baxmayaraq, Cavidan "UAZ" markalı avtomobili sərbəst idarə edirdi. "Təcrübəni bu yolları gedib-gəlməklə qazanmışam. Gəzdiyimiz bu yerlər mənim üçün doğmadır. Belə ərazidə avtomobili idarə etmək çətin olsa da, peşəmə olan sevgimin gücünə bu işin öhdəsindən gəlirəm" - deyə Cavidan Qarayev bildirir.

Yolboyu mayor Fariz Hüseynov bizi ərazilərlə tanış edir. Uzun müddətdir burada xidmət edən zabit bu yerlərə yaxşı bələddir. Yüksəkliklər barədə bizi məlumatlandıran zabit yoldaşımız, düşmən tərəfdən gələ biləcək təhlükəli istiqamətləri də göstərir. Zabitdən keçdiyimiz ərazilərlə bağlı məlumat alıram: "Yüksək zirvələrdə yerləşən bölmələrimizə qış aylarında maşınla qalxmaq çətin olsa da, təcrübəli sürücülərimizin sayəsində yolu rahat və təhlükəsiz qət edə bilirik. Bu yerlərdə dövlətinə və xalqına xidmət etməyi ömrünün mənası bilən kifayət qədər gənc, perspektivli zabit-gizirlərimiz var. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsi ordumuzun qüdrətini daha da artırır. Hərbi-texniki təminat ötən illərlə müqayisədə xeyli yüksəlib. Bu isə hərbi qulluqçularımızı daim nümunəvi xidmət etməyə ruhlandırır. Üzərində gəzdiyimiz torpaqların hər qarışı bizim üçün əzizdir. Buna görə də Vətənimizi göz bəbəyi kimi qoruyuruq".

Ön xətdə ilk olaraq kapitan Cəsarət Abdullayevlə görüşürük. Cəsur görkəmdə olan komandirlə tanışlıqdan öyrənirəm ki, 1988-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 2002-ci ildə indiki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra ordu sıralarına zabit kimi göndərilib. Əsasən döyüş bölgələrində xidmət keçən gənc zabitimiz kifayət qədər təcrübəli və kollektivdə boyük hörmət və rəğbət qazanmış zabitlərimizdəndir.

Hərbə olan marağını soruşanda zabit bildirir ki, uşaq vaxtlarından hərbi mundirə olan sevgisi onun bu peşəyə yiyələnməsində mühüm rol oynayıb. "Hərbi formada olan insanlara həmişə həsəd aparırdım. Məndə də həmişə bu formanı daşımaq həvəsi yaranırdı. Elə buna görə hazırda zabitəm. Ön xətdə xidmət isə məsuliyyətimi daha da artırır. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təmin etmək əsas vəzifəmizdir. Şəxsi heyətin döyüşkən ruhda olması hər bir komandir üçün başucalığıdır. Postlarımızın yerləşdiyi dağlıq ərazilərdə vətənpərvər oğullarımız torpaqları qoruyur və düşməni daim nəzarətdə saxlayırlar. Düşmən tərəfindən törədilə biləcək hər hansı təxribatın qarşısı vaxtında alınır. Xidmət düzgün təşkil olunur və şəxsi heyət vəzifə borclarına ciddi yanaşır. Bütövlükdə şəxsi heyətimiz millətinə, torpağına bağlı olan gənclərdən ibarətdir. Belə vətənpərvər oğullarla birlikdə xidmət etmək mənim üçün qürurvericidir".

"Aprel döyüşləri bir daha onu göstərdi ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqların öhdəsindən qısa müddətdə gəlmək iqtidarındadır", - deyə kapitan Cəsarət Abdullayev sözünə davam edir: - Bu döyüşlər yeni qəhrəmanlıq səlnaməsi yaratdı. 1994-cü ilin məlum uğurlu Horadiz əməliyyatından sonra ilk dəfə idi ki, qoşunlarımız düşmənin təxribatlarının qarşısını alarkən ona layiqli əks-həmlə ilə ağır, sarsıdıcı zərbə vurur. Xeyli sayda canlı qüvvə və texnika itirən düşmən, yaratdığı əhəmiyyətli mövqeləri tərk edərək canını qurtarmağa çalışırdı. Çox kiçik bir şəxsi heyətlə ordumuz mənfur düşmənə elə bir ağır zərbə yetirdi ki, bu günə kimi 2016-cı ilin aprel döyüşlərinin acı nəticələrini İrəvanda və separatçıların hələlik məskunlaşdıqları işğal olunmuş ərazilərimizdə olan bölmələri tam şəkildə aradan qaldıra bilməyiblər. Müharibə qansız-qadasız, itkisiz olmadığına görə, bu döyüşlərdə bizim də bəzi silahdaşlarımız həyatlarını itirdilər, şəhidlik zirvəsinə yüksəldilər. Həmin igid, qəhrəman silahdaşlarımızın ruhları hər birimiz üçün əzizdir. Azərbaycan Ordusunun bu döyüşlərdə düşmənə sarsıdıcı zərbələri gələcək nəsillərə bir örnək kimi dərsliklərdə, elmi araşdırmalarda öz əksini tapacaqdır. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, düşmənin müdafiə qurğuları igid oğullarımız tərəfindən bir neçə saat ərzində sıradan çıxarılaraq ram edildi. Bu faktın özü bütün dünyaya bir sərt mesaj idi ki, bizim yolumuz - haqq yoludur və bu yolda biz sona qədər varıq. Torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, biz bədnam qonşularımızın işğalçı qüvvələrini məcbur edəcəyik ki, geri çəkilsinlər. Əgər onlar işğalçı statusunda ölmək istəmirlərsə, tez bir zamanda doğru qərar verməlidirlər. Səbrimiz sonsuz deyil. Hələliksə, biz gündəlik döyüş hazırlığı planına əsasən, öz bilik və bacarıqlarımızı daha da təkmilləşdirərək Ali Baş Komandanımızın əmrini gözləyirik."

Gənc zabitimizin düşmənə olan sonsuz nifrəti gözlərindən oxunurdu. Adı kimi özü də cəsarətli olan həmsöhbətim düşməni torpaqlarımızdan qovacağımız günü səbirsizliklə gözləyir. Zabitlə söhbət zamanı bir daha əmin oluram ki, Azərbaycan Ordusunda xidmət edən vətənpərvər gənclərimiz düşmənə qarşı mübarizəyə hər zaman hazırdırlar. Tez bir zamanda biz belə mərd, mətin və mübariz zabit və əsgərlərimizlə birgə qarşıya qoyulan vəzifələri yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edəcəyik.   

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"