Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2018 10:49

“Qələbə yolu səngər dostluğundan keçir”

Dostluq... Dostluq həyatın ən gözəl anlamıdır. Dostluq ülvidir, onda bəşəriyyətin igidlik gücü parlayır. Dost olan kəs daş kimi möhkəm və dözümlü, od kimi daimi və alovlu, su kimi saf və təmiz, torpaq kimi güclü və qüvvətli olmalıdır. Belə olan insanlarla dostluq etməyə dəyər. Dostluq o qədər dəyərli bir münasibətdir ki, sözlərlə anladılması çətindir.

Dostluq və qardaşlıq münasibətləri təkcə insanlar arasında deyil, ölkələr arasında da qurulur. Coğrafi məkan yaxınlığımız, bir dövlətin tərkibində olmağımız qonşu dövlətlə əlaqələrin qurulmasına səbəb olmuşdu.  Zaman sübut etdi ki, bu əlaqələrin kökündə saxtakarlıq, xəyanət dayanıb. Tarixin sınağından keçib gələn dostluq dəyərləri xəyanəti və arxadan vurulan zərbəni bağışlamır. Azərbaycan xalqı da ona dost deyib arxa çevirən, kürəyinə bıçaq saplayan xəyanətkar düşməni heç vaxt bağışlamayacaq. Ona qarşı faciələr, soyqırımılar törədən, başına müsibətlər açan və ata-baba yurdlarından didərgin salan ermənilərin hiyləgər oyunlarını, xəyanətkarlığını xalqımız heç zaman unutmayacaq.

Dostluq elə bir fədakarlıqdır ki, sən onun üçün ölümün üstünə atılarsan. Ona görə də əsl yoldaşlığı, dostluğu xidmət illərində qazanırsan. Bir qazandan yemək yediyin, bir qabdan su içdiyin, birlikdə döyüş növbətçiliyi apardığın, ona canını əmanət etdiyin şəxsdi dost.

Ön xətdə hərbi hissələrdən birində ezamiyyətdə olarkən əsgərlərin bir-biri ilə münasibəti məni çox qürurlandırdı. Marağım mənə güc gəldi və iki əsgərlə həmsöhbət oldum. Onlar bir-birilərinə "candaş" deyə müraciət edirdilər. Necə də xoşdur, onların bu cür münasibətinin şahidi olmaq. Əsgər Elsevər Məmmədquliyev qeyd etdi ki, onların ilk tanışlığı döyüş postunda başlayıb: "Xidmətə yeni gəlmişdim. Komandirlərimiz bizə döyüş növbətçiliyini aparmağı başa salır, təhlükəsizlik qaydalarını çatdırırdılar. Müşahidə postuna çıxacağım günü səbirsizliklə gözləyirdim və o an gəlib çatdı. Mən də silahımı götürüb, təlimata çıxdım. İkiqat həyəcanlı idim. Çünki həm ilk növbətçiliyim idi, həm də ən böyük arzuma çatmışdım. Artıq müşahidə aparırdıq. Postda danışmaq qadağan olduğu üçün yanımdakı əsgər yoldaşımla danışa bilməzdim. Növbəni təhvil verdikdən sonra söhbət etdik".

Elsevər deyir ki, onun həyəcanlı olmağını əsgər yoldaşı hiss edib və postdan qayıdan kimi ona dəyərli məsləhətlər verib:  "Mənə heç nədən qorxmamağı tövsiyə etdi və qarşımızda duran düşmənin xainliyindən, hiyləgərliyindən, xalqımızın başına açdığı müsibətlərdən danışdı. Bunları eşitdikcə nifrət məni boğurdu. Daha nə həyəcan var, nə də qorxu. Dua edirəm ki, Ali Baş Komandanımız tez bir zamanda döyüş əmrini versin və bizlər onun rəhbərliyi altında həm qisasımızı alaq, həm də torpaqlarımızı azad edək".

Növbəti həmsöhbətim isə gənc dostuna dəstək olan əsgər Mirtosif Cəfərovdur. Xidmətə Cəlilabad rayonundan çağırılan əsgərə bir sualla müraciət etdim: 

- Səncə əsgər dostluğu nədir?

- Ümumilikdə dostluq fədakarlıq deməkdir. Asan yaranan dostluq qısaömürlü, çətinliklə qazanılan dostluq uzunömürlü olur. Səngər dostluğu da belədir. Ona canını əmanət edirsən, hər şeyi paylaşırsan. Atam həmişə mənə deyərdi ki, "Səngər dostluğu qırılmaz zəncirdir". Məktəb illərində qazandığım dostlarım da var. Amma burada hər kəs bir-biri ilə fəxr edir və bir-birini qoruyur. Xidmətimi başa vurub ailəmin yanına getməyimə az qalır. Ən böyük arzum döyüş başladığı an səngərdə qazandığım dostlarımla çiyin-çiyinə vuruşmaq və işğal altında olan torpaqlarımızı azad etməkdir. Biz də bilirik ki, qələbə yolu səngər dostluğundan keçir.

Həqiqətən də, səmimi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Elsevər və Mirtosif də döyüş yolunu birlikdə keçib, aralarında əsl dostluq münasibəti qurublar. Hər ikisi arzu edir ki, dostluqları əbədi olsun və birlikdə döyüş meydanında düşməni məğlub edib, Şuşanı, Laçını, Kəlbəcəri və digər torpaqlarımızı qarış-qarış gəzsinlər.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"