Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2018 10:48

Gənc əsgərlərin hərbi hissədə ilk günü

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ordu sıralarına qatılan gənc əsgərlərin qəbulu davam edir.

"N" hərbi hissəsində ezamiyyətdə olarkən 18 yaşı tamam olan, habelə yaşı 35-dək olan Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçməyən, çağırışdan möhlət hüququ olmayan və azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının qəbulu prosesinin şahidi olduq.

Nəzarət-buraxılış məntəqəsindən hərbi hissəyə daxil olarkən səliqə-sahman, nizam-intizam, binaların və əsgər yataqxanalarının ən müasir formada tikilməsi diqqətimizi cəlb edir. Təbiətin oyanması, ağacların yaşıl don geyinib çiçək açması isə gənc əsgərlərin hazırlığı ilə məşğul olan hərbi hissəyə ayrıca gözəllik verir. Bütün hərbi hissələrdə olduğu kimi, burada da gənc əsgərlərin peşəkar səviyyədə formalaşdırılması üçün hər bir şərait yaradılıb.

Hərbi xidmətə yeni gələn gənc əsgərlərin üzündə sevinc və həyəcanın olduğu hiss olunur. Düşünürəm ki, sevinclərinin səbəbi çoxlarının uşaqlıq arzusu olan forma geyinmək istəyidirsə, həyəcanlı olma səbəbi yeni mühitin təsiridi. 

Yeni gələn əsgərlər şəxsi heyətin uçotu bölməsinə gələrək qeydiyyatdan keçir, hərbi biletdəki məlumatlar yoxlanılır və bölgü aparılır.  

Şəxsi heyətin uçotu bölməsinin rəisi Ceyhun Abbasov bildirir ki, qeydiyyat zamanı diqqətli olmaq lazımdır. Əsgərlər adlı siyahı ilə yoxlandıqdan sonra hərbi biletdəki məlumatlarını dəqiqləşdirib həkim müayinəsinə göndəririk. Müasir tibbi avadanlıqlarla təchiz olunan tibb məntəqəsində ilk olaraq şəxsi heyətə boyu və çəkisi qeydə alınmaqla tibbi kitabça açılır. Gənc əsgərlər rentgenə salınaraq agciyərləri və daxili orqanları yoxlanılır. Həkim komissiyası tərəfindən ümumi şəkildə yoxlanan əsgərlərin sağlamlığına tam əmin olduqdan sonra onlar təyin olunduğu bölməyə göndərilir.

Əsgərin ilk xidmət anı buradan başlayır. Zabitlərin xoş münasibəti, isti rəftarı ilə qarşılaşan gənc əsgərlərin üzlərinə gülüş qonur. 

Kapitan Rasim Məlikov hər bir əsgərə doğma münasibət göstərdiklərini bildirir:

- Hər biri bizim gələcəyimiz, döyüş zamanı silahdaşımızdır. Onların təcrübəli döyüşçü kimi formalaşması üçün bütün bilik və bacarıqlarımızı öyrətməyə çalışırıq. Bu gün ilk günləri olduğu üçün şəxsi gigiyenalarına diqqət edəcək, yataq yerlərini qaydasına salacaq, hərbi hissə ilə tanışlıq həyata keçirəcəklər, - Rasim Məlikov deyir.

Əsgərlərin müəyyən edilmiş qaydaya uyğun olaraq saçları qırxılır və onlar hamama göndərilirlər. Daha sonra gizir Kamran Ramazanov onlara ilk formalarını təqdim edir, tövsiyəsini verməyi də unutmur:

- Bu formanı geyindiyiniz andan nizam-intizam baş tacınız olmalıdır. Sevərək geyinib, sevərək xidmət edin. Çünki əlinizdə tutduğunuz adi geyim deyil. Əyninizə geyinəcəyiniz bu mundiri şəhidlərimiz, qəhrəmanlarımız çiyinlərində daşıyıb. Hər biriniz bir qəhrəman, bir igidsiniz. Siz Azərbaycan Ordusunun nümayəndəsisiniz.

Əsgərlər deyilən sözlərdən sonra formalarını geyinirlər. Hər birinin üzündən sevinc, qürur hissi sezilir. Yataq dəstləri ilə təmin olunan əsgərlər yataq yerləri ilə tanış olurlar. Gizir Kamran Ramazanov onlara öz yerlərini hansı qayda ilə düzəltmələrini izah edir. Tam şəkildə hazır olan şəxsi heyət bölük komandirinə təqdim olunur.

Bölük komandiri baş leytenant Kamil Həsənov gənc əsgərlərlə ilk söhbətində Vətən sevgisindən, xidmətin müqəddəsliyindən danışır: 

- Hər biriniz bu gündən Azərbaycan Respublikasının vətəndaşı olaraq Vətənə övladlıq borcunuzu yerinə yetirirsiniz. O borc ki, hər birimizin uşaqlıq arzusudu. Bu gün dayandığınız sıra, geyindiyiniz forma müqəddəsdir. Bir zamanlar bu sırada Mübariz, Fərid, Samid və başqa qəhrəmanlar dayanıb. Geyindiyiniz formanı canları bahasına üstün tutub, Vətən torpağını həyatdakı ən şirin pay biliblər. Uzun müddətdir ordu sıralarında xidmət edən zabit kimi hər birinizə bütün biliklərimi aşılamağa çalışacam. Siz də məsuliyyətli olun ki, təcrübəli əsgər kimi formalaşasınız. Bu sizin həm mənəvi, həm də xidməti borcunuzdu. Mənəvi borcdur, ona görə ki, düşmən qarşısında məğlub olmaq istəməzsiniz, xidməti borcdur, ona görə ki, Vətən sizdən hünər gözləyir.

Gənc əsgərlər təyin olunmuş formada hərbi hissə ilə tanış olurlar. İnzibati binalar, əsgər yeməkxanası, camaşırxana, hərbi hissənin avtomobil parkı və digər bölmələrlə tanış olan əsgərlər gündəlik fəaliyyətlərini davam etdirirlər. Şam yeməyindən sonra gənc əsgərlərin bəziləri ilə həmsöhbət olub, ilk təəssüratlarını öyrənirik.

Gənc əsgər Vurğun Məlikzadə Sabirabad rayonundan hərbi xidmətə çağırılıb. Kəndli ailəsində vətənpərvər ruhda böyüyən əsgər deyir ki, Vətənə xidmət borcumuzdu. - İnsan həyatında unudulmaz anlar elə də çox olmur. Amma bu gün mənim üçün əvəzedilməz və unudulmazdır. İlk dəfə forma geyinib, sıraya dayanıram. İlk dəfə hərbi yemək yeyirəm. Hərbi müraciət formaları isə mənə çox maraqlıdır. Zabitlərin diqqət və qayğısı, mehriban yanaşması isə olduqca ürəkaçandır. Atam mənə “əsgərlik kişilik məktəbidir” deyərək yola salıb. Onların xeyir-duası ilə bura gəlmişəm və söz vermişəm ki, torpaqlarımızı azad edənlərin sırasında mən də olacam. Əsgərliyim başa çatsa da, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu kimi xidmətimi davam etdirmək niyyətindəyəm. 

Kürdəmir rayonundan hərbi xidmətə çağırılan gənc əsgər Fuad Şirəliyev isə bildirir ki, Vətəni sevmək, onun qarşısında övladlıq borcunu yerinə yetirmək üçün gərək doğulduğun torpağın keçmişini biləsən, bu günü ilə yaşıyasan, sabahı üçün çalışasan. - Keçmişinə, tarixinə bələd olduğumuz bu torpağın tarixən başı bəlalar çəkib. Mənfur qonşumuz ermənilərin törətdiyi soyqırımıların, sinəmizdə açdığı yaraların sayı hesabı yoxdu. Vətəninə, torpağına qəlbən bağlı olan bir insan olaraq hər dəqiqə, hər an torpaqlarımızın işğaldan azad edilməsi, şəhidlərimizin qisasının alınması haqqında düşünmüşəm. Nəhayət, hərbi xidmətdəyəm. Növbəti günlərdən döyüş hazırlığı dərslərini keçəcək, təlim atışlarına gedəcəyik. Nizamlı olmaqla yanaşı, sərrast atıcı, bacarıqlı əsgər kimi formalaşmaq qarşıma qoyduğum məqsəddir. Bu gündən, bu andan mənim vəzifəm Vətəni, doğma torpağı qorumaq, ona xidmət etməkdir. Bu sevgiyə köklənən hər bir əsgərin xidməti uğurlu olur. Qəzetiniz vasitəsilə bütün əsgərlərimizə uğurlu qələbələr arzulayıram.

Bu gün ordu sıralarına qatılan əsgərlər sırasından da qəhrəmanlar, igidlər çıxacağına əminəm. Onların qəhrəmanlıqlarını qələmə almaq arzusu ilə vidalaşıram...

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu", fotolar C.CƏFƏROVUNDUR