Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2018 10:46

Vətənə xidmət vətəndaşlıq borcudur

Yaxın tariximizdə baş verən aprel döyüşləri sübut etdi ki, regionun güclü ordusu olan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Dünyaya bəyan etdi ki, aprel zəfəri Azərbaycan Ordusunun qazanacağı qələbələrin yalnız başlanğıcıdır.

Bu savaş göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidi. Bu savaş bizlərə cəsarətin, hünərin, qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvolları, millətimizin, dövlətimizin qüruru, iftixarı olan neçə-neçə oğulları bəxş etdi. Belə oğullardan biri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Xəzər Mirzəyevlə ön xətdə yerləşən hərbi hissələrimizdən birində həmsöhbət oluruq. Füzuli rayonunun Arazyağlıvənd kəndində anadan olan Xəzər Mirzəyev də aprel döyüşlərində fərqləndiyinə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

- Uzun müddət idi ki, düşmən yaşayış məntəqələrimizi, döyüş mövqelərimizi müxtəlif növ silahlardan atəşə tuturdu, - deyə kiçik çavuş Xəzər Mirzəyev aprel döyüşləri ilə bağlı xatirələrindən danışdı. - Ermənilər aprelin 1-də təxribat yaratmaq məqsədilə hücuma keçdi. Ordumuz əks-həmlə ilə düşmən qüvvələrini geri oturtdu. Ermənilər bizim torpaqlarda qurduqları postları tərk edib qaçırdılar. Biz həmin mövqelərdə düşmən üzərinə gedərək canlı qüvvələrini məhv etdik. Öz torpaqlarımızda yeni postlarımızı qurduq və möhkəmləndirdik. Bu artıq qələbənin ilk pilləsi idi.

Yaranan ruh yüksəkliyinə də toxunan kiçik çavuş bildirdi ki, həmin günlərdə xalqımızın nümayəndələri ön xəttə can atır, sevinclərini oğullarımızla bölüşmək istəyirdi: "Maraqlısı budur ki, düşmən tərəfdə əks situasiya müşahidə olunurdu. Ermənilər postlar qurmuşdular ki, döyüşdən qaçanların qarşısını alsınlar. Xalqın bizə göstərdiyi diqqət alqışa layiq idi. Həmin anları yaşayanda sevincdən yaranan göz yaşımızı gizlətmək mümkün deyildi."

- Mənə verilən mükafatı Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə aid edirəm, - deyə müsahibim sözünə davam etdi. - Çünki bu Qələbənin qazanılmasında bütün hərbi qulluqçuların xidmətləri var. Hər birimiz yaxşı anlayırdıq ki, torpaqlarımızın müdafiəsini hər şeydən üstün bilən atalarımız Vətənlərini canları bahasına qoruyub bizə əmanət ediblər. Bizlərin də borcu Vətənin müdafiəsindən geri çəkilməmək, ən çətin anlarda da torpaqlarımızı qorumaqdı. Biz Vətənə xidməti mənəvi borc kimi dərk edirik. Ona görə də, əsas amalımız medal almaq deyil, əsas amalımız Vətəni qorumaqdı, Vətənin əsgəri olmaqdı.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto Coşqun CƏFƏROVUNDUR