Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2018 10:42

Həqiqi hərbi xidmətə çağırış davam edir

"Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınması mərasimləri davam edir.

Həmin mərasimlər sübut edir ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ölkə siyasətinin prioritet istiqamətlərindən biridir və ordu dövlətin suverenliyini, ərazi bütövlüyünü təmin edən əsas qüvvədir. Ona görə də vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması dövlətin diqqət mərkəzindədir. Ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, Azərbaycan Ordusunun çağırışçılarla komplektləşdirilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, eləcə də digər sahələrə xüsusi diqqət yetirilir.

Həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyət orqanlarının, ictimaiyyətin, KİV-in və QHT-in nümayəndələrinin iştirakı gənc çağırışçılar arasında ruh yüksəkliyi ilə qarşılanır.

Gəncləri yola salan ziyalılar, ictimaiyyətin nümayəndələri Vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində onlara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmrlərini vaxtlı-vaxtında yerinə yetirmələrini tövsiyə edir, hərbi xidməti şərəflə bitirmələrini arzulayırlar.

Mərasimlərdə çıxış edən valideynlər, müharibə veteranları və ictimaiyyətin nümayəndələri Azərbaycan Ordusunun keçdiyi tarixi yoldan, ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu layiqincə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açırlar. Çıxışçılar onu da qeyd edirlər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqlarını bildirirlər.

"Azərbaycan Ordusu"